https://www.zirve.edu.az/
26.01.2020 17:29
Çində karantin bölgəsində qalan tələbələr: “Vətənə göndəriləcəyimiz xəbərini gözləyirik”

Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin  bu günə olan məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub. 

 Yayılan təhlükə nəticəsində ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmirlər.

 AzEdu.az xəbər verir ki, hazırkı vəziyyətlə bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva bu gün də eyni durumun hökm sürdüyünü söyləyib:

 “Evdə oturmuşuq. Küçəyə çıxa bilmirik. Heç bir məlumat yoxdur. Universitetdəki tələbələr də eynilə kampus ərazisində gözləyirlər. Vəziyyət stabildir. Azərbaycanın Çindəki səfirliyi bizim və digər azərbaycanlıların ərazidən çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır. Bu təkcə bizə xas olan məsələ deyil. Burada yaşayan başqa ölkələrin vətəndaşları da var ki, çıxmaq üçün öz səfirlikləri ilə əlaqə saxlayıblar. Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Rəsmi proseslər davam edir”.

 Həmyerlimiz karantin elan edilən bölgələrdəki digər azərbaycanlılarla əlaqə saxladıqlarını da vurğulayıb:

 “Digər həmyerlilərimizdə də əlaqə saxlayırıq. Çoxu kampusdadırlar, yaxşıdırlar. Hələ ki, hər şey qaydasındadır. Hamımız Azərbaycana göndəriləcəyimiz xəbərini gözləyirik”.