"Universitetlər yalnız bilik ötürən deyil, süni intellektlə işləməyi bacaran, müstəqil düşünən və sosial münasibətlər qurmağı bacaran mütəxəssislər yetişdirən institutlara çevrilməlidir".
Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

“Sber Universiteti” X “Təhsildən daha artığı” konfransında “Korporativ təhsilin gələcəyi: 2031-ci ilin perspektivləri” adlı tədqiqatın nəticələrini təqdim edib. Proqnozlaşdırma 50 000-dən çox səhifəlik elmi əsər və mühazirə, eləcə də futuroloqlar və digər alimlərlə aparılmış müsahibələr əsasında hazırlanıb.
Nobel mükafatı laureatı Daron Acemoğlu, həmçinin Devid Autor, Erik Brinyolfsson, Reymond Kurtsveyl, Kevin Kelli və digər alimlərin daxil olduğu 17 rəqəmsal futuroloqdan ibarət ekspert qrupu yaxın illərdə zehni əmək və korporativ təhsil üçün ən əhəmiyyətli tendensiyaları müəyyən edib. Bunlara üç texnoloji və yeddi sosial tendensiya daxildir.
Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, süni intellekt insanın düşünmə qabiliyyətinə və özünüinkişaf potensialına demək olar ki, təsir göstərmir, lakin iş prosesində sosial bacarıqların rolunu azaldır. Bu bacarıqlara tələbatın 8,1 faiz aşağı düşəcəyi proqnozlaşdırılır.
İdarəetmə bacarıqlarına ehtiyacın 6,3 faiz azalacağı, koqnitiv və özünənəzarətlə bağlı bacarıqlara tələbatın isə 1 faizdən az dəyişəcəyi gözlənilir.
Bu tendensiyalardan ən çox gənc mütəxəssislər təsirlənəcək. Onlar üçün həmkarlarla münasibət qurmaq bacarığının əhəmiyyəti 27 faiz azalacaq. Bunun əsas səbəbi işgüzar əlaqələrin əhəmiyyətli bir hissəsinin süni intellekt vasitəçiləri tərəfindən həyata keçirilməsi olacaq.
Təcrübəli mütəxəssislər üçün digər insanlarla qarşılıqlı əlaqə tələb edən tapşırıqların sayı 13 faiz, komandanın yaradılması və inkişafına cavabdeh olan rəhbərlər üçün isə 10 faiz azalacaq.
Bununla yanaşı, rəhbərlərin yaradıcı düşünmə qabiliyyətinin əhəmiyyəti 21 faiz artacaq. Özünüinkişaf isə onların peşəkar uğurunun zəruri şərtinə çevriləcək. Menecerlər iş tapşırıqları və istifadə olunan alətlər yeniləndikcə topladıqları təcrübəni daha tez-tez yenidən nəzərdən keçirməli, ənənəvi idarəetmə üsullarını dəyişməli olacaqlar.
Lakin iş yükü azalmayacaq, sadəcə mahiyyətini dəyişəcək. Başqa sözlə, iş yükü azalmaq əvəzinə, struktur baxımından transformasiyaya uğrayacaq. Süni intellekt tərəfindən yerinə yetirilən işlərin yoxlanılması ilə bağlı tapşırıqların payı 68 faizdən 80 faizə, süni intellekt agentlərinə tapşırıqların verilməsi ilə bağlı fəaliyyətlərin payı isə 18 faizdən 32 faizə yüksələcək.
Süni intellekt gənc mütəxəssislərin funksiyalarının 30 faizini, təcrübəli mütəxəssislərin funksiyalarının 19 faizini, rəhbərlərin funksiyalarının isə 13 faizini müstəqil şəkildə yerinə yetirəcək. İnsanın üzərinə isə tapşırıqların düzgün formalaşdırılması, əldə olunan nəticələrin qəbul edilməsi və həmin nəticələrə görə məsuliyyət daşımaq vəzifəsi düşəcək.
Tədqiqatda təqdim olunan tövsiyələrə əsasən, inkişaf üçün ayrılan vaxtın təxminən 50 faizi qrup şəklində təlimə, 33 faizi süni intellektin iştirakı ilə təlimə, 17 faizi isə müstəqil öyrənməyə sərf edilməlidir. Əsas təlim metodlarından biri fərdi və qrup şəklində refleksiya, yəni insanın öz fəaliyyətini, təcrübəsini və əldə etdiyi nəticələri təhlil etməsi olmalıdır.
Tədqiqatın əsas mesajı budur ki, süni intellekt insanı yalnız əvəz etmir, həm də onun əmək fəaliyyətinin məzmununu dəyişdirir. Gələcəyin əmək bazarında bilik və texniki bacarıqlarla yanaşı, yaradıcı düşüncə, özünüinkişaf, tənqidi təhlil və şəxsi məsuliyyət daha böyük əhəmiyyət kəsb edəcək.
Bu yanaşma ali təhsil müəssisələri üçün də ciddi çağırışdır. Universitetlər yalnız bilik ötürən deyil, həm də süni intellektlə işləməyi bacaran, müstəqil düşünən və sosial münasibətlər qurmağı bilən mütəxəssislər yetişdirən institutlara çevrilməlidir".