Azedu.az

Telefon qadağasının təhsil nəticələrinə təsiri - Harvarddan yeni araşdırma

Maraqlı

25 Noyabr 2026, 14:16
Telefon qadağasının təhsil nəticələrinə təsiri - Harvarddan yeni araşdırma

Məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması şagirdlərin akademik göstəricilərinə necə təsir edir? Bu sual son illər bir çox ölkədə təhsil müzakirələrinin əsas mövzularından birinə çevrilib. Bəzi məktəblər telefonlardan istifadəyə tam qadağa qoyur, digərləri isə yalnız dərs zamanı məhdudiyyət tətbiq edir. ABŞ-də aparılan yeni genişmiqyaslı araşdırma isə telefonların məktəb günü ərzində istifadədən kənarlaşdırılmasının riyaziyyat və oxu nəticələrinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

AzEdu.az-ın xəbərinə görə, araşdırma Harvard Universitetinin Təhsil Siyasəti Araşdırmaları Mərkəzi (CEPR), NWEA təhsil və qiymətləndirmə təşkilatı və Dartmut Kollecinin tədqiqatçıları tərəfindən birgə aparılıb.

Noyabrın 17-də yayımlanan “Phones-Free Schools and Achievement Growth” adlı tədqiqatın müəllifləri arasında Harvard Universitetinin professoru Tomas Keyn (Thomas J. Kane), Dartmut Kollecinin professoru Duqlas Stayger (Douglas O. Staiger) və digər tədqiqatçılar yer alıb.

3,3 milyon şagirdin nəticələri təhlil edilib

Araşdırmanın əsas məqsədi məktəblərdə mobil telefonlara ciddi məhdudiyyət qoyulmasının şagirdlərin akademik inkişafına təsirini müəyyənləşdirmək olub. Bunun üçün tədqiqatçılar 2021-2022-ci ildən 2025-2026-cı tədris ilinədək ABŞ-in 49 ştatı və Kolumbiya dairəsində yerləşən 4600 məktəbdə təhsil alan təxminən 3,3 milyon şagirdin göstəricilərini təhlil ediblər.

Tədqiqatda 3-10-cu sinif şagirdlərinin riyaziyyat və oxu üzrə nəticələri NWEA MAP Growth qiymətləndirmə sistemi əsasında araşdırılıb. Alimlər telefon istifadəsinə ciddi qadağa tətbiq edən məktəblərlə belə məhdudiyyətin olmadığı məktəblərin nəticələrini müqayisə ediblər.

Magnetic Yondr pouch is key to enforcing school cellphone bans, but kids get around it - Los Angeles Times

Burada əsas diqqət telefonların xüsusi kilidlənən kisələrdə saxlanıldığı məktəblərə yönəlib. Bu sistemdə şagirdlər telefonlarını dərs günü ərzində açılması mümkün olmayan xüsusi kisələrə yerləşdirirlər. Beləliklə, cihazlardan dərs vaxtı və fasilələrdə istifadə etmək mümkün olmur.

Telefon qadağası nəticələrə necə təsir edib?

Araşdırmanın nəticələrinə görə, mobil telefonların xüsusi kilidlənən kisələrdə saxlanılması şagirdlərin riyaziyyat və oxu üzrə illik akademik inkişafına müsbət təsir göstərib. Bu məktəblərdə nəticələrdəki artım hər il əlavə 1–2 həftəlik tədris müddətində əldə edilə biləcək irəliləyişə bərabər olub.

Tədqiqatçılar bu artımı standart kənarlaşma üzrə təxminən 0,01 göstəricisi ilə ifadə ediblər. Bu, böyük sıçrayış hesab edilməsə də, ABŞ-də 2013-cü ildən pandemiyaya qədər şagirdlərin akademik göstəricilərində müşahidə olunan illik geriləmənin təxminən yarısını kompensasiya edə biləcək səviyyədə qiymətləndirilib.

Araşdırmada digər maraqlı nəticə telefonlardan istifadənin azalması ilə bağlıdır. Məlum olub ki, xüsusi kisələrdən istifadə edilən məktəblərdə dərs günü ərzində məktəb ərazisində aktiv olan telefonların sayı təxminən 20 faiz azalıb. Məktəb əməkdaşlarının sorğularında isə sinifdə telefondan məqsəddənkənar istifadə edən şagirdlərin payının 28 faiz bəndi azaldığı bildirilib.

Alimlər həmçinin müəyyən ediblər ki, telefon qadağasının müsbət təsiri ibtidai, orta və yuxarı siniflər, eləcə də müxtəlif sosial-iqtisadi göstəricilərə malik şagird qrupları arasında ciddi fərqlənməyib. Məhdudiyyətlər oxu üzrə nəticələrində böyük geriləmə yaşayan şagirdlərin payının azalması ilə də əlaqələndirilib.

Alimlər nəticələrin dərhal böyük dəyişiklik yaratmadığını vurğulayır

Tədqiqatın müəlliflərindən, Harvard Universitetinin professoru Tomas Keyn bildirib ki, telefonların məktəbdən kənarlaşdırılması şagirdlərin akademik inkişafında böyük və ani dəyişiklik yaratmasa da, əldə olunan kiçik irəliləyiş zamanla toplana bilər.

Onun sözlərinə görə, məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması şagirdlərin öyrənmə prosesinə sərf etdiyi vaxtı artırmaq baxımından səmərəli üsul ola bilər. Dartmut Kollecinin professoru Duqlas Stayger də bu məhdudiyyətlərin hər il əlavə 1-2 həftəlik tədris müddətinə bərabər nəticə verə biləcəyini qeyd edib.

Araşdırmada ABŞ-in 22 ştatında 2025-2026-cı tədris ilində tətbiq edilən ştat səviyyəli telefon qadağaları da qiymətləndirilib. Bu ştatlarda oxu və riyaziyyat nəticələrində müsbət dəyişikliklər müşahidə olunsa da, tədqiqatçılar həmin nəticələrin daha ehtiyatla şərh edilməli olduğunu bildiriblər. Çünki qadağaları tətbiq edən ştatlarda əvvəlcədən mövcud olan fərqli akademik tendensiyalar nəticələrə təsir göstərmiş ola bilər.

Məktəbdənkənar telefon istifadəsi hələ də araşdırılmalıdır

Tədqiqatçılar əldə olunan nəticələrin yalnız məktəb mühitində telefon istifadəsinin məhdudlaşdırılmasına aid olduğunu xüsusi vurğulayırlar. Şagirdlərin evdə və dərsdənkənar vaxtlarda sosial şəbəkələrdən və mobil telefonlardan istifadəsinin akademik göstəricilərə təsiri isə hələ tam öyrənilməyib.

Harvard Universitetinin professoru Tomas Keyn hesab edir ki, növbəti mərhələdə şagirdlərin məktəbdənkənar rəqəmsal vərdişləri, sosial şəbəkələrdə keçirdikləri vaxt və bunun onların təhsil nəticələri ilə əlaqəsi də araşdırılmalıdır.

Qeyd edək ki, tədqiqat məktəblərdə telefon qadağasının bütün hallarda eyni nəticə verəcəyini sübut etmir. Araşdırmada müsbət dəyişikliklər əsasən telefonların dərs günü ərzində xüsusi kilidlənən kisələrdə saxlanıldığı məktəblərdə qeydə alınıb. Bununla belə, nəticələr məktəblərdə telefon istifadəsinə qoyulan ciddi məhdudiyyətlərin şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərə biləcəyinə dair genişmiqyaslı elmi dəlillər təqdim edir.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox