Ötən həftə ali təhsildə mühüm qərarlar, qəbul prosesində yeni nəticələr, müəllimlərin sertifikatlaşdırılması və MİQ imtahanları ilə bağlı yeniliklərlə yadda qaldı.
AzEdu.az-ın “Həftənin təhsil icmalı”nda ötən həftənin təhsil gündəmində önə çıxan əsas hadisələri diqqətinizə çatdırırıq.
Həftənin əsas xəbərlərindən biri tələbələrin köçürülməsi prosesinin yekunlaşması oldu. Elektron kabinetlərə göndərilən nəticələrdən sonra müraciətçilərə təhsil müəssisələrinin qərarını təsdiq və ya imtina etmək üçün vaxt verildi.
Magistratura üzrə qəbul mərhələsi də yekunlaşdı. Dövlət İmtahan Mərkəzi müsabiqənin nəticələrini elan etdi. İxtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər magistraturaya qəbul olundu və ayrılmış plan yerlərinin 78,4 faizi doldu. DİM sədri Məleykə Abbaszadə qeyd etdi ki, qeydiyyatdan sonra boş qalan yerlər üzrə əlavə müsabiqə keçiriləcək.
Magistratura qəbulunun daha bir diqqətçəkən məqamı isə 99 balla respublika birincisi olan Cəmilə Yusifovanın Azərbaycan Texniki Universitetinin “Kibertəhlükəsizlik” ixtisasını seçməsi oldu. Prezident təqaüdçüsü olan tələbə AzTU rəhbərliyi ilə görüşərək universitetdə həyata keçirilən yeniliklərlə tanış oldu.
Ötən həftə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edildi. I qrup üzrə ən yüksək ümumi nəticə 697,5, IV qrup üzrə isə maksimum 700 bal qeydə alındı. Bununla yanaşı, 2026-cı ildən etibarən 150 balla qəbul mümkün olan ixtisasların siyahısı genişləndirildi. Yeni mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, maliyyə, menecment və digər istiqamətlər də bu siyahıya əlavə edildi.
Həftə ərzində müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yekun qərarlar da açıqlandı. Apellyasiya müraciətlərinin araşdırılması zamanı bir sıra fənlər üzrə texniki səhvlər müəyyən edildi və həmin suallar üzrə ballar müəllimlərin xeyrinə hesablandı. Beləliklə, tarix, riyaziyyat, texnologiya və fiziki tərbiyə fənləri üzrə qiymətləndirməyə təsir edən texniki uyğunsuzluqlar aradan qaldırıldı.
Oxşar qərar Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində də verildi. Nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərildi. Ekspertiza zamanı biologiya, coğrafiya, kimya, musiqi, rus dili və ədəbiyyatı fənləri üzrə bəzi test tapşırıqlarında texniki səhvlər aşkarlandı və müvafiq bal düzəlişləri namizədlərin xeyrinə tətbiq olundu.
Ali təhsil sahəsində həftənin ən mühüm hadisələrindən biri isə Bakı Qızlar Universiteti ilə bağlı qəbul edilən qərar oldu. Akkreditasiya Şurası universitetin institusional və proqram akkreditasiyasını “uyğun deyil” kimi qiymətləndirdi. Bunun ardınca Elm və Təhsil Nazirliyi ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması üçün qanunvericilik prosedurlarına başladı, daha sonra isə İqtisadiyyat Nazirliyi universitetin lisenziyasını ləğv etdi. Bu qərar ölkədə ali təhsildə keyfiyyət təminatı və akkreditasiya mexanizmlərinin tətbiqi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Həftə ərzində Türkiyə-Azərbaycan Universitetində də yeni təyinat reallaşdı. Elm və təhsil nazirinin əmri ilə Nəcibə Nəsibova universitetin rektoru vəzifəsinə təyin edildi. Onun uzun illər Azərbaycan-Türkiyə ali təhsil əməkdaşlığının inkişafı istiqamətində fəaliyyəti yeni universitetin gələcək inkişafı baxımından əhəmiyyətli addım hesab olunur.