Azedu.az

Müəllim geyimi, sertifikasiya, imtahanda rekord nəticələr - “Həftənin təhsil icmalı”

Rubrika

22 İyun 2026, 13:06
Müəllim geyimi, sertifikasiya, imtahanda rekord nəticələr - “Həftənin təhsil icmalı”

Təhsil sahəsi hər gün yenilənən qərarlar, imtahan nəticələri, qanunvericilik təşəbbüsləri və mühüm hadisələrlə gündəmdə qalmağa davam edir. Bu sahədə baş verən hər bir yenilik müəllimlər, şagirdlər, valideynlər, tələbələr və ümumilikdə cəmiyyət tərəfindən yaxından izlənilir.

Ötən həftə də təhsil gündəmi kifayət qədər zəngin olub. Məktəblərdə müəllim geyimi ilə bağlı yeni təkliflərin müzakirəyə çıxarılması, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilməsi, qəbul və magistratura imtahanlarının nəticələrinin elan olunması, eləcə də məktəbəqədər təhsillə bağlı mühüm qərarlar həftənin əsas hadisələri sırasında yer alıb.

AzEdu.az “Həftənin təhsil icmalı” rubrikasında son yeddi gün ərzində təhsil sahəsində baş verən ən vacib hadisələri bir araya toplayıb.

Maraqlıdır, ötən həftə təhsil gündəmini hansı xəbərlər müəyyənləşdirdi?

Ötən həftə təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul olunub, imtahan nəticələri açıqlanıb, sertifikatlaşdırma prosesinə start verilib və məktəbəqədər təhsildə yeni maliyyələşmə modelinin tətbiqi ilə bağlı fərman imzalanıb.

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsində dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi təklif olunub. Layihəyə əsasən, məktəblərdə təhsilverənlər üçün geyim qaydaları müvafiq qurum tərəfindən müəyyən ediləcək. Eyni zamanda, şagirdlərin məktəbli formasına riayət etməsinin valideynlərin vəzifəsi kimi qanunvericilikdə təsbit olunması nəzərdə tutulur.

Həftənin diqqət çəkən hadisələrindən biri də magistraturaya qəbul imtahanlarının yekun nəticələrinin elan olunması olub. İkinci cəhd üzrə ölkə birincisi BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının məzunu, Prezident təqaüdçüsü Cəmilə Yusifova olub. O, esse mərhələsindən maksimum - 5 bal alaraq ümumilikdə 98,5 bal toplayıb.

Respublika Fənn Müsabiqələrinin yekun nəticələri də açıqlanıb. Müraciətlər araşdırıldıqdan sonra qaliblər müəyyənləşdirilib. İlk 7 yeri tutan şagirdlər qızıl, 8-21-ci yerləri tutanlar gümüş, 22-42-ci yerləri tutanlar isə bürünc medala layiq görülüblər. Müsabiqə qaliblərinin lisey və gimnaziyalara yerləşdirilməsi üçün müraciət prosesi də elan edilib.

İyunun 17-dən etibarən ölkə üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilib. Cari ildə müxtəlif fənlər üzrə minlərlə müəllim sertifikatlaşdırmaya cəlb olunur. Naxçıvan Muxtar Respublikasında da prosesə başlanılıb və ilk gün 100 faiz iştirak qeydə alınıb. Qeyd edək ki, sertifikaisiya prosesi bu həftə ərzində də davam edəcək.

Həmin həftə Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edib. Fondun yaradıldığı dövrdən etibarən minlərlə tələbənin təhsil haqqının maliyyələşdirilməsinə dəstək göstərdiyi, xüsusilə sosial həssas ailələrin övladlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini də elan etdi. II ixtisas qrupu üzrə ən yüksək nəticəni 688,9 balla Banuçiçək Rüstəmli göstərib. III ixtisas qrupunda isə ümumi nəticəyə görə 690 balla Sumqayıt şəhərindən Fidan Hüseynzadə respublika birincisi olub. İmtahan zamanı qayda pozuntusuna yol verən 12 nəfərin nəticələri ləğv edilib.

Ali təhsil sahəsində isə Bakı Dövlət Universiteti uğurlu göstəricisi ilə seçilib. Dünyanın nüfuzlu “Round University Ranking” reytinqində BDU 189 pillə irəliləyərək 636-cı yerdə qərarlaşıb və ölkə universitetləri arasında lider mövqeyini qoruyub saxlayıb.

Həftənin mühüm qərarlarından biri də Prezident İlham Əliyevin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı fərman imzalaması olub. Yeni modelin məktəbəqədər təhsildə əhatəliliyin artırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.

Bundan başqa, Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 12-ci nömrəsində 2025/2026-cı tədris ili üzrə qəbul və buraxılış imtahanlarının elmi-statistik təhlillərini dərc edib. Təhlillərdə müxtəlif imtahanların nəticələri üzrə geniş statistik göstəricilər təqdim olunub və əldə edilən nəticələr təhsil sahəsində strateji qərarların qəbulunda istifadə edilir.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox