Azedu.az

Həqiqi "professor" adını saxtasından necə ayıraq? - Alimdən sərt etiraz 

Müəllimlər və elm adamları

16 Noyabr 2026, 17:15
Həqiqi "professor" adını saxtasından necə ayıraq? - Alimdən sərt etiraz 

"Son illərdə ən çox yaşanan  tendensiyalardan biri də  elmi dərəcəsi, professor elmi adı və ya müvafiq akademik statusu olmayan bəzi şəxslərin özlərini ictimaiyyətə professor kimi təqdim etməsidir. Sosial şəbəkələrdə, televiziya proqramlarında, konfranslarda, müsahibələrdə və müxtəlif tədbirlərin elanlarında adlarının qarşısına «professor» yazılması artıq adi hala çevrilməkdədir".

Bunu AzEdu.az-a açıqlamasında Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

192989

Onun sözlərinə görə, professorluq şəxsi reklam vasitəsi, vizit kartı elementi və ya ictimaiyyət qarşısında status nümayiş etdirmək üçün istifadə olunan ifadə deyil:

"Bu, uzun illər elmi fəaliyyətin, pedaqoji təcrübənin, intellektual əməyin və akademik nailiyyətlərin nəticəsində əldə edilən rəsmi elmi addır.Azərbaycan Respublikasının «Elm haqqında» Qanununun 18-ci maddəsi elmi dərəcə və elmi adların verilməsi qaydasını müəyyən edir. Professor elmi adı müvafiq qanunvericiliklə nəzərdə tutulmuş tələblər və prosedurlar əsasında verilir.

Bu sahədə əsas səlahiyyətli qurum Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıdır. 2019-cu il 11 iyun tarixli Prezident Fərmanı ilə təsdiq edilmiş «Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə» professor elmi adının verilməsinin şərtlərini müəyyənləşdirir. Burada bir neçə anlayışı fərqləndirmək xüsusilə vacibdir. Birincisi, "professor" elmi adı ilə universitetdə professor vəzifəsində işləmək eyni anlayış deyil. Universitetdə professor vəzifəsini tutmaq əmək və kadr münasibətləri çərçivəsində müəyyən olunur. Professor elmi adı isə müvafiq attestasiya proseduru ilə təsdiqlənir.

İkincisi, "fəxri professor" adı ilə dövlət tərəfindən verilən "professor" elmi adı da eyni hüquqi statusa malik deyil. Üçüncüsü, xarici universitetdə professor vəzifəsində çalışmaq həmin şəxsin avtomatik olaraq Azərbaycan Respublikasında AAK tərəfindən verilmiş "professor" elmi adına malik olması demək deyil. Deməli, akademik statusun təqdimatında dəqiqlik və şəffaflıq vacibdir. Professorun nüfuzu yalnız onun adının qarşısında yazılan titulla ölçülmür. Əsl professorun elmi bioqrafiyası, monoqrafiyaları, dərslikləri, elmi məqalələri, tədqiqat nəticələri, elmi rəhbərliyi altında yetişən gənc alimləri və beynəlxalq akademik mühitdə fəaliyyəti olmalıdır.

Professorluğun həqiqi dəyəri elmi irsdə, yetişdirdiyi tədqiqatçılarda və cəmiyyətə verdiyi intellektual töhfədədir. Dünyanın müxtəlif ölkələrində akademik adların qorunmasına fərqli yanaşmalar mövcuddur. Almaniyada akademik dərəcə və titulların icazəsiz istifadəsi hüquqi məsuliyyət yarada bilər. Rusiyada professor və dosent elmi adlarının dövlət attestasiya sistemi çərçivəsində verilməsi və müvafiq məlumatların yoxlanılması mexanizmləri mövcuddur".

Türkiyədə professor vəzifəsinə təyinat ali təhsil qanunvericiliyi və universitetlərin akademik qiymətləndirmə prosedurları əsasında həyata keçirilir:

"Böyük Britaniya və ABŞ-da isə universitetlərin akademik vəzifə və status sistemində professor, associate professor, assistant professor və fəxri professor anlayışları fərqləndirilir. Bu ölkələrin təcrübələri göstərir ki, akademik statusun düzgün təqdim olunması və yoxlanılması elmi institutların nüfuzunun qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə bir sıra institusional tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Birincisi, professor və dosent elmi adlarının yoxlanılması üçün ictimaiyyətə açıq vahid elektron reyestrin yaradılması məsələsinə baxılmalıdır.

Həmin reyestrdə şəxsin elmi adı, ixtisası, qərarın tarixi və attestat məlumatları əks olunmalıdır. İkincisi, universitetlər və elmi müəssisələr əməkdaşlarını ictimaiyyətə təqdim edərkən professor elmi adı, professor vəzifəsi və fəxri professor statusu arasındakı fərqi dəqiq göstərməlidirlər. Üçüncüsü, televiziya kanalları, media qurumları və konfrans təşkilatçıları dəvət etdikləri şəxslərin akademik statusunu rəsmi mənbələr əsasında yoxlamalıdırlar. Dördüncüsü, akademik titulların bilərəkdən və ictimaiyyəti aldatmaq məqsədilə qanunsuz istifadəsinə qarşı hüquqi mexanizmlərin təkmilləşdirilməsi məsələsi araşdırılmalıdır.

Beşincisi, ali təhsil və elmi-tədqiqat müəssisələrində akademik dürüstlük mədəniyyəti daha da gücləndirilməlidir. Elmin nüfuzu yalnız yeni kəşflər, elmi məqalələr və beynəlxalq reytinqlərlə ölçülmür. Elmin nüfuzu, ilk növbədə, akademik dürüstlükdən, obyektivlikdən, elmi məsuliyyətdən və intellektual əməyə hörmətdən formalaşır. Ona görə də hər birimiz özümüzə və ətrafımıza bir sual verməliyik: Ay «professor», sən professorsan?! Sənin professorluğunu kim təsdiq edib? Elmi adın hansı qərarla verilib? Elmi fəaliyyətin, əsərlərin, yetişdirdiyin alimlər və cəmiyyətə verdiyin töhfələr nədən ibarətdir? Bu sualların məqsədi elmi adların nüfuzunu qorumaq, akademik dürüstlüyü gücləndirmək və cəmiyyətdə həqiqi elmi fəaliyyətə hörmət formalaşdırmaqdır. Unutmayaq: Həqiqi professorun adını onun vizit kartı deyil, elmi irsi təsdiq edir".

Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu
Son xəbərlərDaha çox