Müəllimlik peşəsi yalnız bilik ötürmək və şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaqdan ibarət deyil. Dünyanın müxtəlif ölkələrində pedaqoqların geyimi, davranışı, sosial şəbəkələrdən istifadəsi, valideynlərlə ünsiyyəti və hətta dərs zamanı istifadə etdikləri vasitələr də müəyyən qaydalarla tənzimlənir. Bu məhdudiyyətlərin bəziləri qanunvericiliklə müəyyən edildiyi halda, digərləri ayrı-ayrı məktəblərin daxili qaydalarından irəli gəlir.
AzEdu.az dünya ölkələrində müəllimlərə tətbiq olunan maraqlı və qeyri-adi qadağaları araşdırıb.
Fransada dövlət məktəblərində çalışan müəllimlər dini və siyasi baxışlarını vəzifələrini yerinə yetirərkən nümayiş etdirə bilməzlər. Ölkədə qüvvədə olan dünyəvilik prinsipinə əsasən, dövlət qulluqçuları dini neytrallığa riayət etməlidirlər. Bu o deməkdir ki, müəllim dərs zamanı dini mənsubiyyətini nümayiş etdirən simvollardan istifadə edə və şagirdlərə öz dini baxışlarını qəbul etdirməyə çalışa bilməz. Bununla belə, dini mövzuların elmi və pedaqoji baxımdan müzakirəsi qadağan deyil.
Cənubi Koreyada müəllimlərə qoyulan ən maraqlı məhdudiyyətlərdən biri repetitorluqla bağlıdır. Ölkənin özəl tədris müəssisələri və əlavə dərslərlə bağlı qanununun 3-cü maddəsinə əsasən, məktəblərdə çalışan müəllimlər fərdi qaydada ödənişli əlavə dərslər keçə bilməzlər. Bu qadağa müəllimlərin əsas işlərindən əlavə repetitorluq fəaliyyəti ilə məşğul olmasının qarşısını almağa yönəlib. Maraqlıdır ki, bu məhdudiyyət yalnız müəllimin öz şagirdlərinə deyil, qanunda nəzərdə tutulan məktəblərdə çalışan pedaqoqlara ümumilikdə şamil edilir.
Çində müəllimlərin şagirdlərdən və onların valideynlərindən hədiyyə qəbul etməsi qadağandır. Təhsil Nazirliyinin 2014-cü ildə təsdiqlədiyi qaydalara əsasən, pedaqoqlar valideynlərdən pul, qiymətli əşyalar, hədiyyə kartları və digər maddi nemətlər tələb edə və qəbul edə bilməzlər. Bundan başqa, şagirdlərin valideynləri tərəfindən təşkil olunan və ödənişi qarşılanan ziyafətlərdə, səyahətlərdə, idman və əyləncə tədbirlərində iştirak etmək də yolverilməzdir. Müəllimlər öz şəxsi xərclərini valideynlərin hesabına ödədə, şagirdlərə müxtəlif məhsullar sataraq bundan gəlir əldə edə bilməzlər. Qaydaları ciddi şəkildə pozan pedaqoqlar işdən azad edilə, hətta müəllimlik hüquqlarını itirə bilərlər.
Yaponiyada dövlət məktəblərində çalışan müəllimlərin siyasi fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılır. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin 26 yanvar 2026-cı il tarixli bildirişində müəllimlərin siyasi və seçki fəaliyyəti ilə bağlı qaydalar bir daha diqqətə çatdırılıb. Dövlət məktəblərinin pedaqoqları vəzifələrindən istifadə edərək müəyyən namizədə dəstək göstərə, şagirdləri seçki kampaniyasına cəlb edə və ya onlara siyasi mövqe aşılamağa çalışa bilməzlər. Bu məhdudiyyətlərin bir hissəsi müəllimin iş vaxtından kənar fəaliyyətinə də şamil olunur.
Avstraliyanın Kanberra şəhərində (ACT) müəllimlərə şagirdlərə və onların valideynlərinə şəxsi telefon nömrələrini vermək qadağandır. Müəllimlərin davranış kodeksində əks olunan bu tələbə əsasən, pedaqoqlar şəxsi əlaqə məlumatlarını paylaşmamalı, məktəbdənkənar tədbirlər zamanı şagird və valideynlərin onlarla əlaqə saxlaması üçün məktəbə məxsus mobil telefondan istifadə etməlidirlər. Beləliklə, müəllimlə şagird arasında şəxsi və peşəkar ünsiyyət sərhədlərinin qorunması təmin edilir.
Avstraliyada müəllimlərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı da diqqətçəkən qaydalar var. Ölkənin elektron təhlükəsizlik üzrə rəsmi qurumu olan eSafety müəllimlərə şagirdlərin və valideynlərin şəxsi sosial media hesablarından dostluq sorğularını qəbul etməməyi, şəxsi hesablar vasitəsilə onlarla yazışmamağı tövsiyə edir. Həmçinin şagirdlərin foto və videolarını şəxsi hesablarında paylaşmamaq, onların şəxsi məlumatlarını şəxsi cihazlarda saxlamamaq tövsiyə olunur. Bu qaydaların əsas məqsədi uşaqların şəxsi məlumatlarını qorumaq və müəllim-şagird münasibətlərində peşəkar sərhədləri saxlamaqdır.
Böyük Britaniyada isə müəllimlərin şagird dəftərlərini hansı rəngli qələmlə yoxlaması ilə bağlı maraqlı nümunə mövcuddur. Ölkənin Kornuoll bölgəsində yerləşən Mounts Bay Academy məktəbində müəllimlərə qırmızı qələmdən istifadə etmək əvəzinə yaşıl qələmlə qeydlər aparmaq tapşırılıb. Məqsəd şagirdlərin müəllim qeydlərinə daha diqqətlə yanaşmasını və səhvlər üzərində işləməsini təmin etmək olub. Maraqlı məqam isə odur ki, müəllim yaşıl qələmlə qeydlər yazdıqdan sonra şagirdlərdən həmin qeydlərə bənövşəyi qələmlə cavab vermələri tələb olunub. Beləliklə, qiymətləndirmə prosesi müəllimlə şagird arasında qarşılıqlı müzakirəyə çevrilib. Bu qayda bütün Böyük Britaniyada deyil, konkret məktəbdə tətbiq edilib.
ABŞ-də isə müəllimlərin geyimi, sinif otağının təşkili və şagirdlərlə ünsiyyəti ilə bağlı qaydalar məktəb dairələrinə və ayrı-ayrı təhsil müəssisələrinə görə dəyişir. Bəzi məktəblərdə müəllimlər üçün ciddi geyim standartları müəyyən edilir, digərlərində isə sinif otağında yanğın təhlükəsizliyi və gigiyena səbəbindən müəyyən əşyaların saxlanmasına məhdudiyyət qoyulur. Məsələn, pərdələr, yumşaq mebel və bəzi dekorativ materiallardan istifadə ilə bağlı məhdudiyyətlərə rast gəlmək mümkündür.
Müəllimlərə qoyulan qadağalar arasında fiziki və psixoloji zorakılıq, ayrı-seçkilik, şagirdlərin şəxsi məlumatlarının icazəsiz yayılması və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə edilməsi də xüsusi yer tutur. Bu tələblər müxtəlif ölkələrin qanunvericiliyində və pedaqoji davranış kodekslərində fərqli formalarda əks olunur.
Ümumilikdə, dünya təcrübəsi göstərir ki, müəllimlərə qoyulan məhdudiyyətlərin əsas məqsədi yalnız məktəbdə intizamı qorumaq deyil. Bu qaydalar həm də şagirdlərin təhlükəsizliyini, şəxsi həyatının toxunulmazlığını, təhsil prosesində obyektivliyi və müəllim peşəsinin nüfuzunu təmin etməyə xidmət edir.