“Məzunumuz şəhidlik zirvəsinə ucalıb, şəhid övladı isə bizə əmanətdir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Texniki-Humanitar Liseydə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə liseyin direktoru Kamalə Mirzoyeva deyib.
O bildirib ki, altı ildir liseyin direktoru vəzifəsində çalışır və bu günün hər bir azərbaycanlı üçün xüsusi qürur və fəxarət mənbəyi olduğunu vurğulayıb.
Kamalə Mirzoyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Milli Ordumuzun qəhrəmanlığı sayəsində tarixi Qələbə qazanıb:
“Bu gün bizim Zəfər Günümüzdür. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Onun qətiyyətli iradəsi və Milli Ordumuzun qəhrəmanlığı sayəsində Qələbə qazandıq, tarixi torpaqlarımıza qayıtdıq.
Bu gün liseyimizdə Zəfər bayramı böyük təntənə ilə qeyd olundu. Böyük fəxr və qürur hissi ilə demək istəyirəm ki, liseyimizin məzunu Aqşin Şahinoğlu oğlu Novruzov şəhidlik zirvəsinə ucalıb. Liseyimizdə təhsil alan Aslan Zeynalov isə şəhidimizin bizə əmanətidir.
Liseyimizin fizika müəllimi Vahid İbrahimov da 44 günlük Vətən müharibəsində Vətən uğrunda sağlamlığını fəda edib. O, qazidir. Məktəbimizin çağırışaqədərki hazırlıq fənnini tədris edən Rüfət müəllimin övladı da qazidir.
Bu gün sahib olduğumuz açıq səma, Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcərdə yaşadığımız azadlıq və əmin-amanlıq qəhrəmanlarımızın fədakarlığı sayəsində mümkün olub”.