Uzun illər beynəlxalq otelçilik sektorunda çalışan, müxtəlif vəzifələrdə fəaliyyət göstərərək rəhbər vəzifələrə yüksələn Xətai müəllim hazırda qazandığı təcrübəni gənc nəslə ötürür.
O, qonaqpərvərlik sahəsində fəaliyyətinə filologiya ixtisası üzrə ali təhsil aldığı dövrdə başlayıb. Daha sonra bu sahə üzrə peşə təhsili alaraq bilik və bacarıqlarını təkmilləşdirib, beynəlxalq təlimlərdə iştirak edib. İtaliyada qida və içki xidməti, eləcə də qəhvə üzrə mütəxəssislik istiqamətində biliklərini artırıb.
2012-ci ildən “Marriott Abşeron Bakı” otelində çalışan müsahibimiz karyerası ərzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Hazırda isə məzunu olduğu Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim kimi çalışır.
Xətai Əhmədov AzEdu.az-a müsahibəsində qonaqpərvərlik sahəsinə gəlişindən, beynəlxalq otelçilik təcrübəsindən, peşə təhsilinə üz tutmasının səbəblərindən, gənclərin işə qəbul zamanı qarşılaşdıqları çətinliklərdən və Azərbaycan turizm sektorunun inkişaf perspektivlərindən danışıb.
Müsahibəni təqdim edirik:
- Xətai müəllim, Filologiya üzrə ali təhsil almısınız, lakin sonradan qonaqpərvərlik və otelçilik sahəsinə yönəlmisiniz. Bu istiqamətdə dəyişiklik necə baş verdi? Sizi fərqli sahədə karyera qurmağa nə həvəsləndirdi?

- Universitetdə təhsil aldığım müddətdə eyni zamanda işləyirdim. Qonaqpərvərlik sahəsində fəaliyyətim də məhz həmin dövrdə başladı. Universitet təhsilimi yarımçıq qoymaq istəmədiyim üçün ixtisasımı dəyişə bilmədim. Təhsilimi başa vurduqdan və hərbi xidmətdən qayıtdıqdan sonra iş axtararkən artıq bu sahədə müəyyən təcrübəm var idi. Həm təcrübəmə, həm də qonaqpərvərliyə olan marağıma görə oteldə işləməyə başladım.
Sonradan düşündüm ki, təhsilimi də bu istiqamətdə davam etdirməliyəm. Bunun üçün ən uyğun yolun peşə təhsili almaq olduğuna qərar verdim. Müxtəlif təlimlərdə iştirak etdim, əlavə biliklər qazandım və nəhayət, bu sahə üzrə diplom əldə etdim. Əslində, qonaqpərvərliyə marağım universitet illərindən formalaşmışdı.
- 2012-ci ildə “Marriott Abşeron Bakı” otelində fəaliyyətə başlamısınız. Həmin dövrdə bu sahəyə yeni qədəm qoyan gənc mütəxəssis kimi qarşınıza hansı məqsədləri qoymuşdunuz? İlk iş təcrübəniz barədə nə deyə bilərsiniz?
- İlk iş təcrübəm universitet illərində yerli otel və qonaqpərvərlik sektorunda olmuşdu. “Marriott Abşeron Bakı”da fəaliyyətə başlayanda isə bir qədər fərqli iş mühiti ilə qarşılaşdım. Əslində, qonaqpərvərliyin mahiyyəti dəyişmirdi. Milli qonaqpərvərlik ənənələrimiz, insanlarla ünsiyyət qurmaq və onları xoş qarşılamaq bacarığımız onsuz da var idi. Sadəcə, beynəlxalq şirkətdə bu yanaşmalar müəyyən standartlar çərçivəsində həyata keçirilirdi.
Məsələn, qonağı gülümsəyərək qarşılamaq bizim üçün əvvəldən təbii davranış idi. Lakin beynəlxalq otel şəbəkəsində bu, artıq konkret xidmət standartıdır və hər bir əməkdaş tərəfindən mütləq yerinə yetirilməlidir.
Düşünürəm ki, Azərbaycan insanı təbiətən qonaqpərvərdir. Buna görə də beynəlxalq şirkətin iş prinsiplərinə uyğunlaşmaqda ciddi çətinlik yaşamadım.
- Karyeranız ərzində müxtəlif vəzifələrdə çalışmısınız. Əməkdaşlıqdan rəhbər vəzifələrə qədər yüksəlmək prosesində hansı çətinliklərlə qarşılaşdınız? Bu inkişafda ən çox hansı bacarığınız rol oynadı?

- Beynəlxalq şirkətlərdə vəzifə yüksəlişi müəyyən proqram və mərhələlər əsasında həyata keçirilir. Yeni vəzifəyə keçməzdən əvvəl müvafiq hazırlıq proqramından keçməlisən. Bu proses bəzən üç-altı ay davam edir.
Məsələn, əməkdaş kimi çalışdığım dövrdə komanda rəhbərinin, daha sonra isə növbə rəhbərinin vəzifələrini müşahidə edir, onların gündəlik iş prosesində hansı öhdəlikləri yerinə yetirdiklərini öyrənirdim. Beləliklə, növbəti vəzifəyə yüksələndə həmin işlər mənim üçün tamamilə yeni olmurdu. Bununla yanaşı, hər vəzifə dəyişikliyi zamanı müxtəlif təlimlər keçirilirdi. Liderlik və idarəetmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilirdi.
Bizdə aşağı vəzifədən birbaşa menecer vəzifəsinə keçid olmur. Hər kəs mərhələ-mərhələ yüksəlir. Məncə, beynəlxalq şirkətlərin üstünlüklərindən biri də budur: əməkdaş aşağı pillədə çalışarkən artıq növbəti vəzifənin tələblərini öyrənir və gələcək məsuliyyətlərinə hazırlaşır.
- Otelçilikdə qonaq məmnuniyyəti əsas prioritetlərdəndir. Bəzən əməkdaşlar narazı və tələbkar qonaqlarla qarşılaşırlar. Belə vəziyyətlərdə həm qonağın məmnuniyyətini təmin etmək, həm də müəssisənin maraqlarını qorumaq üçün necə davranmaq lazımdır?
- Bizdə hər gün 15 dəqiqəlik təlimlər və brifinqlər keçirilir. Bu görüşlərdə xidmət standartlarını, qonaqlarla ünsiyyət qaydalarını və müxtəlif situasiyalarda necə davranmalı olduğumuzu mütəmadi olaraq təkrarlayırıq.
Narazı qonaqla qarşılaşdıqda ilk növbədə onu dinləmək lazımdır. Problemin nədən qaynaqlandığını tam anlamadan hər hansı qərar vermək düzgün deyil. Qonağı dinlədikdən sonra onu başa düşdüyümüzü həm sözlə, həm də bədən dilimizlə ifadə etməli, problemin həlli üçün çalışmalıyıq.
Əslində, narazı qonaqların böyük əksəriyyətinin problemini düzgün ünsiyyət və diqqətli yanaşma ilə həll etmək mümkündür. Qonağa pulsuz xidmət və ya hər hansı məhsul təqdim etmək isə bizim üçün sonuncu seçimdir. Çünki bu, müəssisənin maliyyə maraqlarına da təsir edir. Belə hallarda mütləq müvafiq izahat hazırlanmalı, qərarın hansı səbəbdən verildiyi əsaslandırılmalıdır.
Beynəlxalq otel şəbəkələrində qonaqların şikayətləri xüsusi sistemlərdə qeydə alınır. Məsələn, qonaq Bakıda və ya dünyanın başqa bir ölkəsindəki “Marriott” otelində qalıbsa və hər hansı narazılıq yaşayıbsa, bu məlumat onun profilində əks olunur. Növbəti dəfə həmin qonaq şəbəkənin başqa bir otelinə müraciət etdikdə əməkdaşlar onun əvvəlki təcrübəsi və həssas olduğu məqamlar barədə məlumat əldə edə bilirlər. Bu da xidmətin fərdi şəkildə təşkilinə kömək edir.
Yaxın zamanda otaq xidməti ilə bağlı belə bir hadisə yaşandı. Qonaq yemək sifariş etmişdi, lakin sistemdə yaranan texniki xəta səbəbindən sifariş mətbəxə ötürülməmişdi. Halbuki standartlarımıza əsasən, otaq sifarişləri 25-35 dəqiqə ərzində çatdırılmalıdır.
Həmin sifariş isə 50 dəqiqə keçməsinə baxmayaraq, qonağa təqdim olunmamışdı. Araşdırma zamanı problemin sistem xətasından qaynaqlandığı məlum oldu. Səhv bizim tərəfimizdən baş verdiyi üçün sifarişi qonağa ödənişsiz təqdim etdik. Belə hallarda əsas məsələ məsuliyyəti qəbul etmək və qonağın narazılığını aradan qaldırmaqdır.
- İtaliyada qida, içki və qəhvə mütəxəssisliyi üzrə təhsil almısınız. Bu beynəlxalq təcrübə sizə hansı yeni bilik və bacarıqları qazandırdı?
- Bu təcrübə, əsasən, qəhvə ilə bağlı biliklərimi tamamilə dəyişdi. Əvvəllər qəhvəni sadəcə içki kimi qəbul edirdim. Oteldə işləməyə başlayandan sonra düşündüm ki, artıq onun hazırlanması və təqdimatı ilə bağlı kifayət qədər məlumatım var.
Lakin İtaliyada qəhvə zavoduna səfərim zamanı bu məhsulun istehsal prosesini yaxından öyrənmək imkanım yarandı. Qəhvənin necə daşındığını, çeşidləndiyini, qurudulduğunu, qablaşdırıldığını, dənələrin necə seçildiyini və fərqli növlərin hansı xüsusiyyətlərə malik olduğunu gördüm.
Əvvəllər qəhvənin keyfiyyətinin daha çox onun növündən və hazırlanma üsulundan asılı olduğunu düşünürdüm. Ancaq zavodda gördüm ki, məhsulun keyfiyyətinə həm istehsal prosesi, həm də hazırlanma mərhələsi ciddi təsir göstərir. Məncə, burada hər iki amilin rolu təxminən bərabərdir. Bu təcrübə qəhvə haqqında düşüncələrimi və yanaşmamı xeyli dəyişdi.
- Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də biznesin inkişafı üzrə mütəxəssis kimi çalışmısınız. Bu təcrübə barədə nə deyə bilərsiniz?
- Dubaydakı fəaliyyətim birbaşa otelçilik və turizm sahəsi ilə bağlı deyildi. Həmin dövrdə televiziya sahəsində çalışırdım. Dubayda fəaliyyət göstərən və Azərbaycanda da yeni televiziya kanalı açan bir iş adamı ilə əməkdaşlıq edirdim. İşimlə əlaqədar olaraq Dubaya gedib-gəlirdim.
- Azərbaycan otelçilik sektorunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Hazırkı vəziyyətə hansı dövrlə müqayisədə baxmağımızdan çox şey asılıdır. Əgər əvvəlki dövrlə müqayisə etsək, bugünkü vəziyyəti qənaətbəxş hesab etmək olar. Ancaq düşünürəm ki, daha yaxşı nəticələr əldə etmək mümkündür. Çünki ölkəmizin bu sahədə böyük potensialı var. Xüsusilə insan resurslarından hələ də lazımi səviyyədə istifadə etmirik. Düşünürəm ki, mövcud potensialı düzgün qiymətləndirmək və insan kapitalından daha səmərəli yararlanmaq lazımdır.
- Uzun illər beynəlxalq otelçilik şəbəkəsində rəhbər vəzifələrdə çalışdıqdan sonra peşə təhsili sisteminə üz tutmusunuz. Üstəlik, məhz məzunu olduğunuz Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim kimi fəaliyyətə başlamısınız. Bu qərarı verməyinizə nə səbəb oldu?
- Əsas səbəb ölkəmizdə insan resurslarından kifayət qədər səmərəli istifadə olunmadığını düşünməyim idi.
Özüm də həmin təhsil müəssisəsinin məzunu olduğum üçün oradakı tədris prosesini, tələbələrin imkanlarını və ehtiyaclarını yaxşı anlayıram. Digər tərəfdən, beynəlxalq şirkətdə çalışmışam və bu sahədə hansı standartların tətbiq olunduğunu, işəgötürənlərin əməkdaşlardan nə gözlədiyini bilirəm.
Düşündüm ki, beynəlxalq təcrübədə qazandığım bilikləri yerli peşə təhsili sisteminə gətirsəm, tələbələrə daha çox fayda verə bilərəm. Məqsədim beynəlxalq standartları milli potensialımız və bacarıqlarımızla birləşdirməkdir. Bu qərarı verərkən əsas düşüncəm Azərbaycana, xüsusilə turizm və qonaqpərvərlik sektoruna müəyyən töhfə vermək olub.
- Təhsil və pedaqoji fəaliyyəti birləşdirmək sizə hansı üstünlükləri verir?

- Müəllim kimi fəaliyyətimin ən gözəl tərəflərindən biri dual təhsil modelidir. Bu modeldə tələbələr nəzəri və praktiki bilikləri paralel şəkildə əldə edirlər. Məsələn, həftənin iki günü nəzəri, üç günü isə praktiki dərslərə ayrılır. Bu da öyrənmə prosesini daha səmərəli edir.
Hətta elə hallar olub ki, tələbəm həm təhsil müəssisəsində mənim dərsimdə iştirak edib, həm də oteldə təcrübə keçib. Belə olduqda nəzəriyyə ilə praktika arasında birbaşa əlaqə yaranır və tələbə öyrəndiklərini real iş mühitində tətbiq etmək imkanı qazanır.
Tələbələrə çatdırmağa çalışdığım əsas məqamlardan biri qonaqpərvərlik sahəsinə yalnız müvəqqəti iş yeri kimi yanaşmamalarıdır. Bəzən gənclər bu sektoru başqa sahəyə keçid üçün bir vasitə kimi görürlər. Mən isə onlara göstərməyə çalışıram ki, burada uzunmüddətli karyera qurmaq, peşəkar inkişaf etmək və rəhbər vəzifələrə yüksəlmək üçün geniş imkanlar mövcuddur.
- Peşə təhsilinə gələn tələbələrin bir qismi gələcək karyerası barədə dəqiq təsəvvürə malik olmur. Onlarda bu sahəyə marağı necə formalaşdırırsınız? Tələbələrin peşəyə münasibətini dəyişən hadisələrlə qarşılaşmısınızmı?

- Məncə, məktəbdən sonra peşə təhsilinə üz tutan gənclərin qarşılaşdığı əsas problemlərdən biri seçdikləri sahənin mahiyyətini tam bilməmələridir. Bu il tələbə qəbulu zamanı müsahibələrdə də iştirak etmişəm və həmin məqamı xüsusilə nəzərə almışam.
Dərslərimin ilk günündən özümü tələbələrə canlı nümunə kimi göstərməyə çalışıram. Haradan başladığımı, hansı mərhələlərdən keçdiyimi, beynəlxalq şirkətdə necə fəaliyyət göstərdiyimi və hazırda hansı vəzifələri icra etdiyimi onlarla bölüşürəm. Eyni zamanda, vaxtilə mənimlə birlikdə çalışmış və hazırda dünyanın müxtəlif ölkələrində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərən şəxsləri də nümunə göstərirəm.
İmkan olduqda həmin şəxslərlə tələbələr arasında əlaqə yaratmağa, onların öz təcrübələrini bölüşmələrinə şərait yaratmağa çalışıram. İstəyirəm ki, tələbələr qonaqpərvərliyin sadəcə xidmət sahəsi olmadığını, burada ciddi karyera qurmağın mümkünlüyünü anlasınlar.
- Otelçilik və restoran sektorunda işəgötürənlər gənc mütəxəssislərdən ilk növbədə nə gözləyirlər? Yeni məzunların işə qəbulu zamanı hansı çətinliklər üzə çıxır?
- Hazırda, xüsusilə beynəlxalq şirkətlərdə işə qəbul zamanı ilk diqqət yetirilən məqam xarici dil biliyidir. Ən azı başlanğıc səviyyədə ingilis dilini bilmək vacibdir. Müsahibələrdə verilən ilk suallardan biri də məhz ingilis dili biliyi ilə bağlı olur.
Bundan sonra namizədin peşə bilikləri və sahəni nə dərəcədə tanıdığı qiymətləndirilir. Peşə təhsili müəssisələrinin məzunları bu baxımdan müəyyən üstünlüyə malikdirlər. Çünki onlar otelin departamentləri, xidmət istiqamətləri və iş prinsipləri haqqında ilkin məlumatlara sahib olurlar.
Digər tərəfdən, hər bir şirkətin özünəməxsus standartları var və işə qəbuldan sonra əməkdaşlara müvafiq təlimlər keçirilir. Buna görə də təcrübənin müəyyən hissəsini iş prosesində qazanmaq mümkündür. Məncə, əsas məsələ gəncin hansı işə müraciət etdiyini anlaması və həqiqətən işləmək istəməsidir. İstək və öyrənməyə həvəs olduqda digər bacarıqları da inkişaf etdirmək mümkündür.
- Süni intellekt və rəqəmsal texnologiyalar turizm və otelçilik sektorunda da yeni imkanlar yaradır. Sizcə, yaxın illərdə bu texnologiyalar xidmət sahəsində hansı dəyişikliklərə səbəb olacaq?
- Düşünürəm ki, qonaqpərvərlik süni intellektin insanı tamamilə əvəz edə bilməyəcəyi sahələrdən biri olacaq. Çünki bu sektorda əsas məqamlardan biri emosional ünsiyyətdir. Məsələn, qəhvəni robot da təqdim edə bilər, insan da. Ancaq qonağın qarşılanması, ona gülümsəmək, bədən dili ilə ünsiyyət qurmaq və fərdi münasibət göstərmək tamamilə fərqli yanaşma tələb edir. Hesab edirəm ki, texnologiya bu emosional tərəfi tam əvəz edə bilməyəcək.
Digər tərəfdən, süni intellekt və rəqəmsal həllər işimizi xeyli asanlaşdırır. Əvvəllər bir gün ərzində gördüyümüz bəzi işləri indi daha qısa müddətdə, hətta bir saat ərzində yerinə yetirmək mümkündür. Rezervasiyaların hazırlanması, hesabatların tərtibi və digər inzibati proseslər buna nümunədir. Beləliklə, texnologiya xidmətin insan amilini aradan qaldırmaqdan daha çox iş proseslərini sürətləndirməyə və əməkdaşların vaxtına qənaət etməyə kömək edəcək.
- Gələcəkdə Azərbaycan otelçilik sektorunda hansı yenilikləri görmək istərdiniz?
- İstərdim ki, otellərdə təlim və kadr hazırlığı istiqamətinə daha çox diqqət ayrılsın. Bəzi otellərdə bu sistem mövcuddur, lakin xüsusilə yerli otellərin hər birində təlimçilərin fəaliyyət göstərməsi və əməkdaşlar üçün mütəmadi təlimlərin keçirilməsi vacibdir. Beynəlxalq xidmət standartlarının yerli otellərdə də daha geniş tətbiq olunmasını istərdim. Çünki xidmət keyfiyyətinin yüksəldilməsi üçün əməkdaşların davamlı inkişafı əsas şərtlərdən biridir.
- Həm beynəlxalq otelçilik təcrübəsinə malik mütəxəssis, həm də peşə müəllimi kimi bu sahədə karyera qurmaq istəyən gənclərə hansı tövsiyələriniz var?
- Tövsiyəm odur ki, bu sahəyə marağı olan gənclər qonaqpərvərlik istiqamətində inkişaf etməkdən çəkinməsinlər.
Bu sahəni yaxından tanımayanlara deyə bilərəm ki, qonaqpərvərlik olduqca maraqlı, daim dəyişən və monoton olmayan bir istiqamətdir. Hər gün fərqli insanlarla ünsiyyətdə olur, yeni təcrübələr qazanır və özünü inkişaf etdirmək üçün müxtəlif imkanlarla qarşılaşırsan.
Digər sahələrlə müqayisədə burada karyera inkişafı üçün kifayət qədər geniş imkanlar var. Əlbəttə, bunun üçün öyrənmək, çalışmaq və öz üzərində davamlı işləmək lazımdır. Əgər gəncin konkret olaraq başqa bir sahəyə xüsusi marağı yoxdursa və qonaqpərvərliyə meyillidirsə, bu istiqamətdə karyera qurmasını tövsiyə edərdim. Əsas odur ki, başladığı yoldan dönməsin və inkişaf etməyə davam etsin.
