Azedu.az

Yeni cırtdan planet aşkarlanıb

AzEdu Təhsil Platforması

30 Oktyabr 2026, 09:14
Yeni cırtdan planet aşkarlanıb

Günəş sistemində Plutonun orbitindən kənarda yerləşən və yeni cırtdan planet ola biləcəyi ehtimal edilən buzlu səma cismi aşkarlanıb.

AzEdu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, 2026 ED138 adlandırılan obyektin diametrinin ilkin hesablamalara görə, 600-1 500 kilometr arasında olduğu ehtimal edilir.

Obyektin Günəşdən məsafəsi Yerlə Günəş arasındakı məsafədən təxminən 46 dəfə çoxdur. Müqayisə üçün qeyd edək ki, Pluton Günəşdən orta hesabla Yerlə Günəş arasındakı məsafənin 40 misli qədər uzaqda yerləşir.

Kəşf Çilidəki Serro-Paçon dağında yerləşən Vera Rubin Rəsədxanasının teleskopu vasitəsilə edilib. Səma cismini ilk dəfə Harvard-Smitson Astrofizika Mərkəzinin astrofiziki Mett Holman aşkar edib.

Tədqiqatçıların fikrincə, 2026 ED138 Günəş sisteminin ən böyük cırtdan planetlərindən birinə çevrilə bilər. Lakin onun cırtdan planet statusunun təsdiqlənməsi üçün əlavə müşahidələr aparılmalıdır. Alimlər səma cisminin ölçülərini və tərkibini daha dəqiq müəyyənləşdirməlidirlər.

Hazırda Beynəlxalq Astronomiya İttifaqı beş cırtdan planeti rəsmi olaraq tanıyır: Pluton, Erida, Haumea, Makemake və Serera. Onlardan ilk dördü Neptunun orbitindən kənarda, Serera isə Marsla Yupiter arasındakı asteroid qurşağında yerləşir.

Pluton 2006-cı ilə qədər Günəş sisteminin doqquzuncu planeti hesab edilirdi. Həmin il Beynəlxalq Astronomiya İttifaqı onun statusunu dəyişərək cırtdan planet kimi təsnif edib.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox