Azedu.az

Tam ştatlı müəllimlər repetitorluqla məşğul ola bilməyəcək? 

Müəllimlər və elm adamları

29 Oktyabr 2026, 13:31
Tam ştatlı müəllimlər repetitorluqla məşğul ola bilməyəcək? 

Tamştat modelində müəllimlərin günün böyük hissəsini məktəbdə keçirməsi nəzərdə tutulur. Nazirliyin açıqlamalarında isə bu model üzrə çalışan müəllimlərə daha yüksək, hətta ikiqat əməkhaqqı ödənilməsi məsələsi qeyd olunub.

Bəs tamştat modelinə keçən müəllimlərin dərsdənkənar repetitorluq fəaliyyəti məhdudlaşdırılmalıdırmı?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Məzahir Məmmədli danışıb. 

189799

O qeyd edib ki, tamştatlı müəllimlərin repetitorluq imkanları məhdudlaşacaq:

“Bildiyim qədərilə, ilkin mərhələdə 20 min müəllimin tamştatlı əsaslarla işləməsi təklif olunur. Eyni zamanda, bu müəllimlərin təmayüllü siniflərə cəlb ediləcəyi bildirilir. Onların bilik və bacarıqları yoxlanıldıqdan, müəyyən standartlara cavab verdikləri təsdiqləndikdən sonra həmin siniflərdə fəaliyyət göstərmələri nəzərdə tutulur. Bu isə repetitor müəllimlərin tədricən bazardan sıxışdırılması anlamına gəlir. Çünki artıq ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qrupları əsasında hazırlıq prosesi məktəblərdə təşkil olunacaq.

Ona görə də hesab edirəm ki, tamştatlı müəllimlər kateqoriyasına daxil ediləcək şəxslərin repetitorluq imkanları məhdudlaşacaq. Çünki onlar iş vaxtlarının, demək olar ki, 8 saatını məktəbdə keçirməli olacaqlar. Belə olan halda, əlavə hazırlıqla məşğul olmaq üçün kifayət qədər vaxtları qalmayacaq”.

İkiqat əməkhaqqı tanınmış müəllimlərin repetitorluqdan qazandıqları gəliri əvəz etməyə bilər:

“Digər məsələ həmin müəllimlərin əməkhaqqının digər müəllimlərlə müqayisədə daha yüksək olmasıdır. Bu da müəyyən mənada stimullaşdırıcı addım ola bilər. Ancaq həmin müəllimlər repetitorluqdan qazandıqları qədər gəlir əldə edə biləcəklərmi? Məncə, yox. Çünki hesab edirəm ki, onların repetitorluqdan qazandıqları vəsait tam ştatla işləyərək əldə edəcəkləri gəlirdən daha çox olub.

Məncə, bütün hallarda repetitorluqla məşğul olmağa cəhdlər yenə də olacaq. Nəzərə alsaq ki, söhbət həm də tanınmış müəllimlərdən gedir, onlar ailə büdcələrini artırmaq üçün dərsdən sonra da repetitorluqla məşğul olmağa çalışacaqlar. Lakin bu fəaliyyət əvvəlki səviyyədə olmayacaq. Çünki onlar artıq enerjilərinin böyük hissəsini məktəbə sərf edəcək, gün ərzində 8 saatlarını burada keçirəcəklər”.

Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?
Son xəbərlərDaha çox