Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun direktor köməkçisi, professor Cəlili Abuduvayli Elm və Təhsil Nazirliyi Kimya İnstitutunu ziyarət edib.
AzEdu.az xəbər verir ki, görüşdə akademik Vaqif Fərzəliyev Kimya İnstitutunun yaranma tarixi, inkişaf mərhələləri və əsas elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.
Daha sonra institutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının baş elmi işçisi Könül Qəhrəmanova laboratoriyanın fəaliyyəti və əldə olunan elmi nəticələr barədə təqdimatla çıxış edib. Təqdimatda neftlə çirklənmiş su və torpaqların bioloji, fitoremediasiya və nanobioremediasiya üsulları ilə təmizlənməsi, pestisidlər və ağır metallarla çirklənmiş mühitlərin bərpası istiqamətində aparılan tədqiqatlar diqqətə çatdırılıb. Həmçinin laboratoriyanın elmi və qrant layihələrində iştirakı barədə məlumat verilib.
Professor Cəlili Abuduvayli təmsil etdiyi elmi müəssisənin fəaliyyəti, elmi infrastrukturu və tədqiqat imkanları haqqında danışıb. O, həmçinin Arid Land Geography və Arid Land Research elmi jurnallarının baş redaktoru kimi fəaliyyət göstərir. Qonaq institutun quraq ərazilərin ekologiyası, təbii ehtiyatların öyrənilməsi, landşaft dəyişiklikləri və ekoloji təhlükəsizlik sahələrində apardığı tədqiqatlar barədə məlumat verib.
Görüş çərçivəsində keçirilən müzakirələrdə hər iki elmi müəssisənin tədqiqat istiqamətləri, eləcə də gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Neftlə çirklənmiş torpaq və suların bərpası, ekoloji problemlərin qiymətləndirilməsi, mikrobioloji və biotexnoloji yanaşmaların tətbiqi, quraq ərazilərin ekologiyası və torpaq-su ehtiyatlarının öyrənilməsi sahələrində birgə tədqiqatların aparılması, elmi nəticələrin mübadiləsi və beynəlxalq qrant layihələrində iştirak imkanları müzakirə olunub.
Görüşdən sonra qonaq laboratoriyalarda aparılan tədqiqatlarla, mövcud avadanlıq və cihazlarla, eləcə də istifadə olunan eksperimental metodlarla tanış olub.
Sonda professor Cəlili Abuduvayli Kimya İnstitutuna Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Turfan çökəkliyinə aid suvenir təqdim edib.