Azedu.az

Bəzi universitetlər tələbəyə 500 manat təqaüd verir - Güzəştlər və məbləğlər

Ali təhsil

23 Oktyabr 2026, 10:15
Bəzi universitetlər tələbəyə 500 manat təqaüd verir - Güzəştlər və məbləğlər

Tələbələrin akademik nailiyyətlərinin stimullaşdırılması və yüksək nəticə göstərən gənclərin dəstəklənməsi məqsədilə ali təhsil müəssisələrində müxtəlif adlı təqaüdlər təsis olunur.

Bu təqaüdlər universitetlərin müəyyən etdiyi meyarlar əsasında tələbələrə təqdim edilir.

Maraqlıdır, universitetlərdə hansı adlı təqaüdlər mövcuddur və həmin təqaüdlərin məbləği nə qədərdir?

AzEdu.az bu istiqamətdə ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olunan tələbələr üçün xüsusi təqaüd proqramı həyata keçirilir:

"Proqrama əsasən, qəbul imtahanlarında 600-649 bal toplayan tələbələrə aylıq 150 manat, 650 və daha yüksək bal toplayan tələbələrə isə aylıq 300 manat xüsusi təqaüd verilir. 2026-2027-ci tədris ilində UNEC-ə qəbul imtahanlarında 600-649 bal toplayan 211 tələbə aylıq 150 manat, 650 və daha yüksək bal toplayan 22 tələbə isə aylıq 300 manat xüsusi təqaüd qazanıb.Təşəbbüsün əsas məqsədi yüksək akademik nəticələr göstərən gəncləri təşviq etmək, onların təhsil motivasiyasını artırmaq və uğurlarını dəstəkləməkdir.

Bununla yanaşı, UNEC-də hər semestr üzrə yüksək akademik nəticələri ilə fərqlənən tələbələr üçün də xüsusi təqaüd imkanları yaradılıb. Hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə aylıq 200 manat məbləğində əlaçı təqaüdü verilir. Bununla da hər semestr 60 tələbə UNEC-in TOP 15 təqaüdünü qazanmış olur".

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) qeyd edilib ki, universitetdə 600-dən çox bal toplayan tələbələrə aylıq 250 manat, 500-dən çox bal toplayan tələbələrə isə 150 manat məbləğində həvəsləndirici təqaüd verilir:

"Bundan əlavə, universitetdə “Memar Əcəmi” adlı təqaüd təsis olunub. Azərbaycan memarlıq tarixinə və universitetin bu sahəyə verdiyi töhfələrə diqqət çəkmək məqsədilə yaradılan təqaüd bir tələbəyə 500 manat məbləğində təqdim edilir. AzMİU-da tələbələrə dəstək yalnız universitetdaxili təqaüdlərlə məhdudlaşmır. Universitetlə əməkdaşlıq edən şirkət və tərəfdaş təşkilatlar da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün adlı təqaüdlər ayırırlar.

Belə təqaüdlər inşaat menecmenti, nəqliyyat tikintisi, memarlıq və mühəndislik istiqamətlərini əhatə edir. Eyni zamanda, banklar tərəfindən Tikinti iqtisadiyyatı fakültəsində müvafiq ixtisaslar üzrə, eləcə də marketinq ixtisasında təhsil alan tələbələrə dəstək məqsədilə adlı təqaüdlər təqdim olunur.Şirkətlər tərəfindən verilən adlı təqaüdlərin məbləğləri isə fərqlidir. Belə ki, təqaüdlərin aylıq məbləği 100, 200, 300 manat və ya digər məbləğlərdə müəyyənləşdirilə bilər".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) əldə etdiyimiz məlumata görə, tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müəllimlik peşəsinə marağın artırılması və yüksək nəticə göstərən tələbələrin təşviq edilməsi məqsədilə müxtəlif adlı və həvəsləndirici təqaüd proqramları həyata keçirilir:

Universitetin Elmi Şurasının müvafiq qərarlarına əsasən, hazırda ADPU-da 15 adlı təqaüd mövcuddur. Bu təqaüdlər universitetə ən yüksək balla qəbul olunan, eləcə də imtahan sessiyalarının nəticələrinə əsasən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) əldə edən tələbələrə təyin olunur. Məbləği 250 AZN olan  Heydər Əliyev adına təqaüd universitet üzrə semestri ən yüksək nəticə ilə başa vuran tələbəyə növbəti semestr üçün,  məbləği 205 AZN olan digər adlı təqaüdlər isə müvafiq ixtisas və fakültələr üzrə semestr imtahanlarının nəticələri və müəyyən edilmiş meyarlar əsasında verilir. 

Universitetə ən yüksək balla qəbul olunan tələbəyə Firudin bəy Köçərlinin adını daşıyan və aylıq məbləği 125 AZN təşkil edən təqaüd 1 il müddətində verilir. 2025/2026-cı tədris ilindən etibarən ADPU-da yeni qəbul olunan tələbələr üçün “UĞUR” xüsusi təqaüd proqramı da təsis edilib. Proqram çərçivəsində qəbul imtahanlarında 600 və daha yüksək bal toplayaraq ADPU-nu seçən və “Firudin bəy Köçərli” təqaüdü alan tələbədən sonrakı ilk 10 nəfərə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 manat məbləğində təqaüd verilir. 

Bundan əlavə, 2014-cü ildən etibarən qəbul imtahanlarında 500-dən çox bal toplayan və ixtisas seçimində müəllimlik ixtisasını ilk iki seçimdən biri kimi qeyd edən abituriyentlər Elm və Təhsil Nazirliyinin aylıq 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdünü almaq hüququ qazanırlar.

Tələbələrin ictimai fəallığının və akademik nailiyyətlərinin dəstəklənməsində həmkarlar ittifaqının təqaüd proqramları da mühüm yer tutur. Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən hər semestr ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan, ictimai fəallığı və akademik göstəriciləri ilə seçilən 14 tələbəyə 300 manat məbləğində birdəfəlik təqaüd verilir".

ADA Universitetindən məlumat verilib ki, tələbələr təhsil haqqından 25, 50 və 100 faiz həcmində güzəştlər əldə edə, müəyyən kateqoriyalara aid olduqda isə aylıq təqaüd ala bilərlər:

"Bakalavriat səviyyəsinə qəbul zamanı Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında 690-700 bal toplayan tələbələr təhsil haqqından 100 faiz azad edilirlər. 650-689 bal toplayanlara ilk iki semestr üçün təhsil haqqının 100 faizi, 600-649 bal toplayanlara isə 50 faizi həcmində güzəşt tətbiq olunur.

Respublika fənn olimpiadalarının fizika, riyaziyyat və informatika üzrə qalibləri, eləcə də müvafiq beynəlxalq fənn olimpiadalarının qalibləri üçün təhsil haqqı və tələbə ödənişindən tam azadolma nəzərdə tutulur. ADA Məktəbinin XI sinfini 4.00 CGPA ilə bitirən tələbələr isə ilk semestr üçün təhsil haqqından 50 faiz güzəşt əldə edə bilərlər.

Universitetdə təhsilini davam etdirən bakalavriat tələbələri üçün də akademik nəticələrə əsaslanan təqaüdlər mövcuddur. Belə ki, Dean's List of Distinction siyahısına daxil olan tələbələr təhsil haqqının 50 faizi, List of High Performance siyahısına daxil olanlar isə 25 faizi həcmində güzəştdən yararlana bilərlər.

Rector's List of Honor və müvafiq məktəbin tələbələri üçün nəzərdə tutulan Lotfi A. Zadeh List of Honor proqramları çərçivəsində 4.00 GPA nəticəsi olan tələbələrə təhsil haqqından 100 faiz güzəşt tətbiq edilir.Magistratura səviyyəsində isə Graduate Assistantship Program çərçivəsində seçilmiş tələbələr təhsil haqqından 100 faiz azad edilirlər. Proqram iştirakçıları müəllim heyətinin üzvləri ilə tədqiqat layihələrində çalışırlar. Magistratura tələbələri üçün Rector's List of Honor və List of High Performance proqramları çərçivəsində təhsil haqqından 20 faiz güzəşt də nəzərdə tutulur.

ADA Universitetində xüsusi statusa malik tələbələr üçün də maliyyə dəstəyi imkanları var. Müvafiq şərtlərə cavab verən məcburi köçkünlərin, müharibə veteranlarının övladlarının, şəhid ailələrinin övladlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin, eləcə də digər müəyyən kateqoriyalara aid tələbələrin ilk təhsil ili üçün təhsil haqqından 100 faiz azad olunması nəzərdə tutulur. Bundan başqa, “Heroes Tribute” proqramı çərçivəsində müəyyən hərbi statusa malik şəxslər və onların ailə üzvləri üçün ilk semestrdə təhsil haqqından tam azadolma tətbiq edilir. Güzəştin sonrakı semestrlərdə davam etməsi akademik göstəricilərdən və proqramın digər şərtlərindən asılıdır.

Universitetin qaydalarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr üçün dövlət tərəfindən müəyyən edilən təqaüdün ikiqatı həcmində ödəniş nəzərdə tutulur. Bakalavriat səviyyəsində akademik nəticələrdən asılı olaraq aylıq ödəniş 220-400 manat, magistratura səviyyəsində isə 240-480 manat arasında dəyişir. Beynəlxalq tələbələr üçün də xüsusi təqaüd proqramları mövcuddur. Əlmardan bəy Topçubaşov adına Beynəlxalq Təqaüd Proqramı çərçivəsində müəyyən şərtlərə uyğun tələbələr təhsil haqqından tam azadolma, yaşayış və tibbi sığorta dəstəyi əldə edə bilərlər.

Proqramın əvvəlki qaydalarında aylıq 400 manat təqaüd də nəzərdə tutulsa da, 2025-ci ilin payız semestrindən etibarən qəbul edilən tələbələrə bu ödənişin verilmədiyi qeyd olunur. Bununla yanaşı, Azərbaycan dilində tədris olunan Təhsil Məktəbinin müvafiq proqramlarına qəbul edilən Gürcüstan vətəndaşları üçün nəzərdə tutulan beynəlxalq təqaüd proqramında magistratura tələbələrinə hər semestr 500 manat ödəniş, təhsil haqqından tam azadolma və yataqxana dəstəyi təklif olunur.

ADA Universitetində maddi çətinlik yaşayan tələbələr üçün ehtiyac əsaslı maliyyə yardımı da mövcuddur. Müvafiq tələblərə cavab verən tələbələrə təhsil haqqının maksimum 75 faizi həcmində dəstək göstərilə bilər.
Qeyd edək ki, universitetdə mövcud olan təqaüd və güzəştlərin şərtləri proqramdan asılı olaraq dəyişir. Təqaüdlərin bir hissəsi tələbəyə birbaşa pul ödənişi şəklində deyil, təhsil haqqının müəyyən hissəsindən azadolma formasında təqdim olunur".

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, 500 (beş yüz) və daha yüksək bal toplayaraq Sumqayıt Dövlət Universitetinin bakalavriat səviyyəsinə əyani təhsilalma forması üzrə qəbul olunmuş tələbələrə universitetin vəsaiti hesabına aylıq 200 (iki yüz) manat məbləğində əlavə təqaüd ödənilir:

"2026-2027-ci tədris ilində belə tələbələrin sayı 21 olub".

Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib ki, yüksək balla qəbul olunan abituriyentlər üçün xüsusi təqaüd təsis edilib:

"Belə ki, qəbul imtahanlarından 600-dən çox bal toplayan bütün abituriyentlər 200 azn, 500-baldan yüksək nəticə göstərən hər fakültə üzrə ən yüksək bal toplayan bir nəfər 100 azn əlavə təqaüd alır. Bundan başqa, SABAH qruplarında təhsil alan tələbələr üçün SABAH adlı təqaüdü təsis olunub".

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, 2025-ci ildə ATMU-da “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis olunub:

"Təqaüd universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr arasında ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik olanlara təqdim edilir. İndiyədək ATMU-nun Adlı Təqaüd Komissiyasının seçimi və Elmi şuranın qərarına əsasən, 2025/2026-cı tədris ilində dörd, 2026/2027-ci tədris ilində dörd tələbə (ümumilikdə 8) bu təqaüdə layiq görülüb. Təqaüd tədris ili müddətində tələbələrə verilir, məbləği 200 manatdır. Ayrıca olaraq, “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” almağa haqq qazanan tələbələrə Zəfər Günü təltifnamə verilir".

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata əsasən, tələbələrin akademik nailiyyətlərinin təşviq edilməsi və yüksək nəticə göstərən tələbələrin dəstəklənməsi məqsədilə akademik Xoşbəxt Yusifzadə və akademik Yusif Məmmədəliyev adına təqaüd proqramları həyata keçirilir:

"Akademik Xoşbəxt Yusifzadə adına təqaüd proqramı Neft-qaz mühəndisliyi ixtisasının sonuncu kursunda təhsil alan, ən yüksək akademik göstəricilərə malik iki tələbəyə təqdim edilir. Akademik Yusif Məmmədəliyev adına təqaüd proqramı isə Kimya mühəndisliyi ixtisasının sonuncu kursunda təhsil alan ən yüksək akademik göstəricilərə malik iki tələbəni əhatə edir.Hər iki təqaüd proqramı çərçivəsində tələbələrə aylıq 200 manat məbləğində təqaüd ödənilir".

Xəzər Universitetindən bildirilib ki, universitetdə yalnız Nailəxanım təqaüdü var:

“Başqa təqaüdlər mövcud deyil. Təqaüdün məbləği 500 manatdır. Bundan əlavə, kirayə xərcləri, gediş-gəliş təyyarə biletləri və diplomların nostrifikasiya xərcləri Nailəxanım Fondu tərəfindən ödənilir”.

Bakı Slavyan Universitetindən (BSU) qeyd edilib ki, tələbələrin akademik nailiyyətlərinin təşviq edilməsi, ali təhsilə əlçatanlığın artırılması və gənclərin peşə motivasiyasının gücləndirilməsi məqsədilə 2025/2026-cı tədris ilindən etibarən üç adlı təqaüd proqramı təsis edilib:

"Təqaüd proqramlarından biri müvafiq regionlardan ali təhsil müəssisəsinə qəbul olan abituriyentlərin ali təhsilə əlçatanlığının artırılmasına, xüsusilə yüksək akademik potensiala malik qız tələbələrin dəstəklənməsinə yönəlib. Müvafiq rayonlar üzrə statistik göstəricilər nəzərə alınmaqla, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan beş tələbə bu proqram çərçivəsində təqaüdlə təmin olunur.

Digər təqaüd proqramı pedaqoji kadr hazırlığında gender balansının qorunması, oğlan tələbələrin müəllimlik ixtisaslarına cəlb edilməsi, onların peşə motivasiyasının artırılması və pedaqoji fəaliyyətə təşviq olunması məqsədilə təsis edilib. Proqram qəbul imtahanlarında 450-dən yuxarı bal toplayaraq “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarına qəbul olan oğlan tələbələri əhatə edir. Bu proqram çərçivəsində beş tələbə təqaüd alır.

2025/2026-cı tədris ilindən etibarən təsis edilən “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramı universitetə ən yüksək qəbul balı ilə daxil olan tələbənin həvəsləndirilməsini nəzərdə tutur. Proqram çərçivəsində universitetə ən yüksək balla qəbul olan bir tələbə təqaüdlə təmin olunur.

2026/2027-ci tədris ilində üç təqaüd proqramı üzrə ümumilikdə yeddi tələbə təqaüd almağa namizəddir. Bu proqramlar yüksək akademik göstəricilərə malik tələbələrin dəstəklənməsinə, regionlardan olan gənclərin ali təhsilə əlçatanlığının artırılmasına və pedaqoji ixtisaslara marağın gücləndirilməsinə xidmət edir".

Beləliklə, ali təhsil müəssisələrinin cavablarından aydın olur ki, universitetlərdə tələbələrin akademik göstəricilərini yüksəltmək, yüksək balla qəbul olunan abituriyentləri həvəsləndirmək və fərqlənən gəncləri dəstəkləmək məqsədilə müxtəlif adlı təqaüd proqramları həyata keçirilir. Təqaüdlərin bir qismi qəbul imtahanlarının nəticələrinə, digərləri isə semestr üzrə akademik göstəricilərə, seçilmiş ixtisaslara və sosial meyarlara əsaslanır.

Sorğuda iştirak edən universitetlərdə aylıq təqaüd məbləğləri və maliyyə dəstəyinin formaları fərqlənir. Bəzi ali təhsil müəssisələrində tələbələrə 100-300 manat arasında aylıq ödənişlər verildiyi halda, ayrı-ayrı adlı təqaüdlərin məbləği 500 manata çatır. Bununla yanaşı, ADA Universitetində olduğu kimi, bəzi proqramlar birbaşa pul ödənişi deyil, təhsil haqqından qismən və ya tam azadolma formasında tətbiq edilir.

Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi
Son xəbərlərDaha çox