Təhsil sahəsində bu həftə həm beynəlxalq uğurlar, həm qəbul prosesi, həm də rəqəmsallaşma istiqamətində mühüm yeniliklərlə yadda qaldı.
Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən uğurlu nəticəsi, MİQ imtahanlarının keçirilməsi və yekunlaşması, II və III ixtisas qrupları üzrə qəbul nəticələrinin elan olunması, eləcə də süni intellekt və elektron xidmətlərlə bağlı açıqlamalar həftənin əsas hadisələri sırasında yer aldı.
AzEdu.az həftənin təhsil icmalını təqdim edir:
Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında tarix yazdı
Həftənin ən çox müzakirə olunan təhsil xəbəri Kolumbiyada keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandasının qazandığı uğur oldu. Milli komandamız 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal əldə etdi.
Bu nəticə ilə yanaşı, Azərbaycan təhsil tarixində ilk dəfə qız şagird - Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Beynəlxalq Fizika Olimpiadasında gümüş medal qazanaraq tarixə düşdü. Komandanın çıxışı son 20 ilin ən yüksək nəticəsi kimi qiymətləndirildi.
Tələbələrin yerdəyişməsinə elektron müraciət başladı
2026-2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu prosesinə start verildi.
Müraciətlər portal.edu.az üzərindən qəbul olunur və tələbələr şəxsi kabinet yaradaraq elektron ərizələrini təsdiqləyə bilirlər.
Peşə təhsilində yeni təsnifat hazırlanır
Elm və Təhsil Nazirliyi peşə ixtisaslarının yeni təsnifatını hazırlayır.
Təklifə əsasən, peşə təhsili üzrə 5 ixtisas qrupu müəyyənləşdiriləcək və ümumilikdə 243 ixtisas təsnifata daxil ediləcək. Yeni yanaşmanın əmək bazarının tələblərinə daha uyğun kadr hazırlığını təmin etməsi hədəflənir.
MİQ imtahanları keçirildi və yekunlaşdı
Bu həftə müəllimlərin işə qəbulu üzrə test imtahanları da ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olundu.
İmtahanlara 32 mindən çox namizəd dəvət edildi, davamiyyət 96 faiz təşkil etdi. Qaydaları pozduqları üçün 4 nəfər imtahandan kənarlaşdırıldı. Növbəti mərhələ üçün apellyasiya müraciətlərinin qəbuluna da start verildi.
Ağdamda 840 şagird yerlik məktəbin təməli qoyuldu
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlini qoydular.
Müasir standartlara uyğun inşa ediləcək məktəbdə laboratoriyalar, kitabxana, kompüter otaqları və digər zəruri tədris infrastrukturu yaradılacaq.
Təhsil sənədləri “mygov” portalına inteqrasiya olunur
Elm və Təhsil Nazirliyi yaxın günlərdə diplom, attestat və sertifikatların “mygov” portalında əlçatan olacağını açıqladı.
Bildirildi ki, artıq ilk elektron diplom təqdim edilib və mərhələli şəkildə təhsil sahəsində göstərilən 60-dan çox elektron xidmət də “mygov” platformasına inteqrasiya olunacaq.
Süni intellekt məktəblərə daxil olur
Nazirlikdən verilən məlumata görə, sentyabr ayından etibarən pilot məktəblərdə V sinifdən başlayaraq süni intellekt modullarının tədrisinə başlanılacaq.
Layihənin əsas məqsədi gələcək mərhələdə 500 mindən çox şagirdi əhatə etməkdir.
Bakı məktəbləri tam elektron idarəetməyə keçir
Həftənin diqqət çəkən xəbərlərindən biri də Bakı məktəblərində kağız jurnalların ləğv edilməsi oldu.
Hazırda müəllimlər qiymətləndirmə və digər qeydləri yalnız elektron jurnal vasitəsilə aparır, məktəb rəhbərləri isə əmrləri “Rəqəmsal məktəb” platforması üzərindən rəsmiləşdirirlər. Platformada müəllimlər və şagirdlər üçün süni intellekt əsaslı yeni alətlər də istifadəyə verilib.
II və III ixtisas qrupları üzrə qəbul nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini elan etdi.
II qrup üzrə maksimal 400 balı Paşa İsbəndiyarlı topladı, ümumi nəticəyə görə isə ən yüksək göstərici Zamin Kərimova məxsus oldu.
III qrup üzrə isə 400 bal nəticəsini üç abituriyent - Əli Məmmədzadə, Aydan Məmmədova və Orxan Mənsimli əldə etdi. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Əli Məmmədzadəyə məxsus oldu.