Ali məktəbə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanları bilik və hazırlıq səviyyəsini yoxlamağın əsas vasitələrindən biridir.
Buna baxmayaraq, bəzi şagirdlər aşağı nəticə göstərmək qorxusu, stres və psixoloji təzyiq səbəbindən sınaqlarda iştirak etməkdən yayınırlar.
Halbuki sınaq imtahanları yalnız nəticəni ölçmək üçün deyil, bilik boşluqlarını üzə çıxarmaq, vaxtdan düzgün istifadə etməyi öyrənmək və real imtahan həyəcanına əvvəlcədən alışmaq baxımından da əhəmiyyətlidir.
Mövzu ilə bağlı AzEdu.az-a danışan "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Xəzri Muradov söyləyib.

O, qeyd edib ki, sınaq imtahanı, əslində, abituriyentlə abituriyentin özü arasında bağlanan “daxili müqavilə”dir:
“Sınaq imtahanlarından yayınmağın arxasında çox fərqli psixoloji və sosial səbəblər dayanır. Amma bir məqamı unutmaq olmaz: sınaq imtahanı abituriyent üçün nəticə deyil, prosesin “güzgüsü”dür. Güzgüdən qaçmaq isə heç vaxt üzündəki qırışları azaltmır, sadəcə, insanı onlardan xəbərsiz saxlayır.
Valideyn təzyiqi və ya öz gücünə həddindən artıq arxayınlıq göstərmək abituriyenti sınaq mühitindən uzaqlaşdıra bilər. Lakin bu imtahanların əsl mahiyyəti abituriyenti qiymətləndirmək deyil, ona özünü anlamaq imkanı yaratmaqdır. Sınaq imtahanı, əslində, abituriyentlə abituriyentin özü arasında bağlanan “daxili müqavilə”dir: stresslə tanış olmaq, vaxtı hiss etmək, səhvi zamanında aşkar edib onu hələ böyüməmişkən aradan qaldırmaq”.
Həmsöhbətimiz abituriyentlərə bu tövsiyələri verib:
“Abituriyent sınaq imtahanına bal toplamaq üçün deyil, riskləri təhlükəsiz mühitdə yoxlamaq üçün daxil olmalıdır. Bu, idmançının yarışdan əvvəl məşq rinqinə çıxması kimidir. Orada uduzmaq təhlükəli deyil, amma rinqə çıxmadan yarışda qalib gəlmək mümkünsüzdür.
Sınaq imtahanından qaçmaq, əslində, stressi imtahan gününə saxlamaq deməkdir. Orada isə ilk dəfə tanış olduğun stress nəzarəti ələ alır. Sınaqda isə abituriyent stressi özünə tabe etməyi öyrənir.
Sınaq imtahanı bal toplamaq mərhələsi deyil, özünü tanımaq laboratoriyasıdır. Kim bu laboratoriyaya girməzsə, imtahan günü tədqiqat obyekti deyil, təcrübənin özü olur.
Bu baxımdan, hər bir abituriyentə məsləhətim odur ki, sınaq imtahanlarını “imtahanın kiçik qardaşı” kimi deyil, “özünə edilən investisiya” kimi qəbul etsin. Hər sınaq imtahanında azacıq belə irəliləyiş əsl imtahan günü böyük rahatlıq deməkdir”.