Sumqayıt Dövlət Universitetinin rektoru AzEdu.az-a müsahibəsində yaxın zamanda universitetdə hüquq və tibb ixtisaslarının açılmasının planlaşdırıldığını bildirib.
Bu xəbər fonunda abituriyentləri düşündürən əsas məsələlərdən biri də region universitetlərində yeni ixtisasların açılmasının paytaxt universitetlərinə təsiridir.
Maraqlıdır, bölgələrdə hüquq və tibb ixtisasları üzrə qəbul planının artırılması Bakıdakı universitetlərdə həmin ixtisaslara ayrılan plan yerlərinin azalmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov bildirib ki, region universitetlərində yeni ixtisasların açılması üçün paytaxt universitetlərinin qəbul planının azaldılmasına ehtiyac yoxdur:

"Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisaslarının açılması Bakı şəhərində yerləşən universitetlərdəki həmin istiqamətlər üzrə qəbul planının avtomatik olaraq azalacağı anlamına gəlmir. Burada əsas məsələ ölkə üzrə ali təhsilə qəbul planının necə formalaşdırılması və əmək bazarının mütəxəssis tələbatının hansı səviyyədə qiymətləndirilməsidir.
Region və Bakı şəhəri ətrafında yerləşən universitetlərdə yeni ixtisasların açılması, ilk növbədə, ali təhsilin coğrafi əlçatanlığının artırılması baxımından müsbət addımdır. Çünki hər bir abituriyentin Bakıda təhsil almaq imkanı və ya maddi şəraiti olmur. Xüsusilə hüquq və tibb kimi yüksək rəqabətli ixtisasların regionlarda da təklif edilməsi bölgələrdə yaşayan gənclər üçün əlavə imkanlar yarada bilər.
Amma bunun Bakı universitetlərinə təsirinə gəldikdə, düşünmürəm ki, yeni ixtisasların açılması mütləq paytaxt universitetlərinin qəbul planının azaldılması hesabına həyata keçirilməlidir. Əksinə, ilkin mərhələdə ölkə üzrə ümumi qəbul planının genişləndirilməsi variantı nəzərdən keçirilə bilər. Yəni yeni universitetdə qəbul yerləri yaradılarkən digər ali təhsil müəssisələrinin mövcud plan yerlərini azaltmaq yeganə çıxış yolu deyil".
Abituriyentlər üçün əsas məsələ diplomun hansı şəhərdə yerləşən universitetdən alınması deyil, həmin universitetin verdiyi təhsilin keyfiyyəti, akademik nüfuzu və məzunun əmək bazarında rəqabət qabiliyyətidir:
"Digər tərəfdən, burada bir neçə vacib məqam nəzərə alınmalıdır. Hüquq və tibb ixtisasları eyni yanaşma ilə qiymətləndirilə bilməz. Hüquqşünaslıq üzrə tədrisin təşkili üçün akademik heyət, elmi baza və praktiki təcrübə imkanları vacibdirsə, tibb təhsilində bunlarla yanaşı, klinik baza, xəstəxanalarla əməkdaşlıq, laboratoriyalar və müasir tibbi avadanlıqlar da tələb olunur. Bu baxımdan, xüsusilə tibb ixtisasının açılması daha ciddi hazırlıq və investisiya tələb edir.
Digər mühüm məsələ isə kadr hazırlığının keyfiyyətidir. Biz region universitetlərində sadəcə ixtisasların sayını artırmaq naminə yeni proqramlar açmamalıyıq. Açılan hər bir ixtisas əmək bazarının real tələbatına cavab verməli, məzunların gələcək məşğulluğu təmin olunmalıdır.
Region universitetlərinin gücləndirilməsi Bakı ilə bölgələr arasında ali təhsil imkanlarının balanslaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Lakin bu proses paytaxt universitetlərinin zəiflədilməsi yolu ilə deyil, ümumi ali təhsil sisteminin inkişafı və rəqabət mühitinin genişləndirilməsi hesabına aparılmalıdır.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, abituriyentlər üçün əsas məsələ diplomun hansı şəhərdə yerləşən universitetdən alınması deyil, həmin universitetin verdiyi təhsilin keyfiyyəti, akademik nüfuzu və məzunun əmək bazarında rəqabət qabiliyyətidir.
Digər tərəfdən qeyd edim ki, SDU-nun rektoru Nurəli Yusifbəyli açıqlamasında ilk növbədə hüquqşünaslıq ixtisasının açılmasının nəzərdə tutulduğunu, daha sonra tibb istiqaməti üzrə də müvafiq təşəbbüsün irəli sürüləcəyini bildirib. Bu, hələ qəbul planlarının təsdiqlənməsi demək deyil".