Azərbaycan Universiteti beynəlxalq akademik əməkdaşlığın inkişafı, elmi- pedaqoji təcrübə mübadiləsinin genişləndirilməsi və müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
AzEdu.az xəbər verir ki, bu fəaliyyətin tərkib hissəsi olaraq universitetin Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə Qazaxıstanın ali təhsil müəssisələrinin professor- müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub.
“Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı kursda Lev Qumilyov adına Avrasiya Milli Universiteti, S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti, Mərkəzi Asiya İnnovasiya Universitetinin professor-müəllim heyəti və “Altın Qasır” Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər. Azərbaycan Universitetinin tarixində ilk olan kursun məqsədi ali təhsilin aktual məsələlərini müzakirə etmək, elmi-pedaqoji təcrübə mübadiləsini genişləndirmək, innovativ tədris yanaşmalarını təşviq etmək və beynəlxalq
akademik əməkdaşlığın inkişafına töhfə vermək olub.
Təlimlərdə ali təhsil sahəsində baş verən dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar səriştələrin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub. Təqdimatlar, interaktiv müzakirələr və təcrübə mübadiləsi formatında təşkil olunan təlimlərdə iştirakçılar öz təcrübələrini bölüşüb, müxtəlif tədris yanaşmalarını müqayisə edib, ali təhsilin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Proqram çərçivəsində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və Mərkəzi Asiya İnnovasiya Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Janar Sapargəliyevna arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış memorandumdan irəli gələn vəzifələr müzakirə olunub.
Kursun sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.