Azedu.az

Biologiya dərsliklərində hansı yeniliklər edilib? - Məzmun və dizayn qiymətləndirildi

Müəllimlər və elm adamları

4 Noyabr 2026, 17:18
Biologiya dərsliklərində hansı yeniliklər edilib? - Məzmun və dizayn qiymətləndirildi

Biologiya dərslikləri hər il yenilənsə və onlara əlavələr edilsə də, məzmun və tərtibatla bağlı müzakirələr hələ də davam edir.

Valideynlər və müəllimlər dərsliklərdəki müxtəlif çatışmazlıqlara diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.

Maraqlıdır, mövcud dərsliklərin əsas çatışmazlıqları nələrdir? Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən “Örnək müəllim”, biologiya müəllimi və dərslik rəyçisi Camal Kərimov danışıb.

192420

O qeyd edib ki, biologiya dərsliklərinin məzmununda elmi yeniliklərə və müasir texnologiyalara daha geniş yer verilib:

“Biologiya dərslikləri son illərdə yenilənərək müasir təhsil tələblərinə uyğunlaşdırılıb. Bu prosesdə əsas diqqət yalnız elmi məlumatların yenilənməsinə deyil, həm də şagirdlərin yaş və qavrama xüsusiyyətlərinin nəzərə alınmasına, məzmunun daha anlaşıqlı və praktik yönümlü təqdim edilməsinə yönəlib.

Müasir dərsliklərin hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Sinqapur və digər qabaqcıl ölkələrin təhsil modelləri, kurikulum yanaşmaları, tədris resursları, eləcə də TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınaraq dərsliklərin məzmunu təkmilləşdirilib. Bu yanaşma faydalı hesab olunur.

Biologiya dərsliklərinin məzmununda elmi yeniliklərə və müasir texnologiyalara daha geniş yer verilib. Nanotexnologiyalar, kosmik tədqiqatlar, müasir biotexnologiya və gündəlik həyatla əlaqəli bioloji proseslər kimi mövzuların şagirdlərin yaş səviyyəsinə uyğun şəkildə təqdim edilməsi fənnə marağı müəyyən qədər artırır. Eyni zamanda, XXI əsr bacarıqlarının formalaşdırılması, tədqiqat aparmaq, müşahidə etmək, təhlil etmək və nəticə çıxarmaq kimi fəaliyyətlər də dərsliklərin əsas istiqamətlərindən olub”.

Digər mühüm məqam biologiyanın fizika, kimya, riyaziyyat və digər fənlərlə inteqrasiyasıdır:

“Fənlərarası əlaqələrin konkret nümunələr və praktik tapşırıqlar vasitəsilə təqdim edilməsi şagirdlərə bilikləri ayrı-ayrı məlumatlar kimi deyil, vahid elmi sistemin tərkib hissəsi kimi mənimsəməyə imkan yaradır. STEAM yanaşmasının tətbiqi, laboratoriya və tədqiqat xarakterli fəaliyyətlərin dərsliklərdə əks olunması da bu baxımdan əhəmiyyətlidir.

Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı da onların keyfiyyətinə təsir edən mühüm amillərdəndir. Fikrimcə, yeni dərsliklərdə bu istiqamətdə işlər uğurlu alınıb. Biologiya vizual materialların geniş imkanlara malik olduğu bir fəndir. Buna görə də dərsliklərdə yüksək keyfiyyətli, elmi baxımdan düzgün və mövzunu izah edən fotoşəkillərdən, illüstrasiyalardan, sxemlərdən, müqayisəli cədvəllərdən və infoqrafikalardan istifadə olunub. Xüsusilə hüceyrə quruluşu, orqan sistemləri, canlıların təsnifatı və bioloji proseslərin mərhələli təsviri vizual vasitələrlə daha anlaşıqlı təqdim edilib.

Üz qabığı dizaynında isə müasir, estetik və fənnin mahiyyətini əks etdirən yanaşmaya üstünlük verilib. Rəng seçimi, kompozisiya, təsvirlərin keyfiyyəti və yazı elementlərinin uyğunluğu dərsliyin ümumi görünüşünü daha da cəlbedici edib.

Nəticə etibarilə, biologiya dərsliklərinin təkmilləşdirilməsi məzmunun müasir elmi yeniliklərlə zənginləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi, fənlərarası inteqrasiyanın gücləndirilməsi və vizual təqdimatın inkişaf etdirilməsi istiqamətində davam etməlidir. Məqsəd yalnız məlumat ötürən deyil, şagirdlərdə araşdırmaq, düşünmək və təbiət hadisələrini elmi əsaslarla izah etmək bacarığı formalaşdıran müasir dərsliklər hazırlamaq olmalıdır. Bu yanaşma yeni hazırlanan dərsliklərdə də qismən öz əksini tapıb”.

ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia
Son xəbərlərDaha çox