Azedu.az

Naxçıvanda NASCO29 elmi konfransı keçirilir

Təhsil Nazirliyi

30 Oktyabr 2026, 11:51
Naxçıvanda NASCO29 elmi konfransı keçirilir

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilir. 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda ölkənin bütün regionlarından, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar iştirak edirlər. 

Konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 məqalə və tezis təqdim edilib. Texniki və elmi komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən təqdim olunan 1028 elmi iş konfransın proqramına daxil edilib. NASCO tarixində iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük konfrans olan tədbir Azərbaycan universitetlərində təşkil edilən irihəcmli elmi konfranslardan biri kimi diqqət çəkir.

Konfrans hibrid formatda təşkil olunacaq. Proqrama daxil edilən tədqiqatçılardan 504 -ü əyani, 878-i isə onlayn iştirak edəcək. Ümumilikdə 1028 elmi məruzədən 370-i əyani, 658-i onlayn bölmə iclaslarında dinləniləcək. Konfransın 21 zalda, 104 elmi bölmə üzrə keçirilməsi nəzərdə tutulur. Dinləyicilərlə birlikdə tədbirin ümumi iştirakçı sayının 5000-dən çox olacağı gözlənilir.

Elmi işlərin təqdim olunduğu 123 müəssisədən 104-ü yerli, 19-u isə xarici ölkələrin aparıcı ali təhsil və elmi mərkəzləridir. Konfransda Dövlət Proqramı çərçivəsində Oksford, Belqrad, Gent, Berlin Texniki, Riphah Beynəlxalq, Rusiya Dövlət İdarəetmə, İstanbul, İstanbul Beykent və İstanbul Gedik universitetlərində, eləcə də digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar elmi araşdırmalarını təqdim edəcəklər.

Konfransın rəsmi açılış mərasimi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilir. Tədbirdə dövlət və hökumət rəsmiləri, 40-dan çox ali təhsil müəssisəsinin rektoru, elmi-tədqiqat institutlarının direktorları və digər yüksək səviyyəli qonaqlar iştirak edirlər. 

Qeyd edək ki, NASCO29 konfransı gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və ölkəmizdə elmin gələcək inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox