Azedu.az

Biri dünyada sözünü demək, digəri müəllim olmaq istəyir - Prezident təqaüdçüləri

Tələbələr

26 Oktyabr 2026, 13:07
Biri dünyada sözünü demək, digəri müəllim olmaq istəyir - Prezident təqaüdçüləri

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən 102 tələbədən 15-i Bakı Dövlət Universitetinin (BDU), onlardan 2-si isə Filologiya fakültəsinin tələbəsidir.

AzEdu.az BDU-nun Filologiya fakültəsinin Prezident təqaüdçüləri ilə həmsöhbət olub.

Prezident təqaüdçüləri sırasında yer alan Aydan Rəcəbova bildirib ki, o, artıq sadəcə bir tələbə deyil, dövlətin etimad göstərdiyi bir gəncdir:

191064

"Prezident təqaüdçüsü olmaq mənim üçün illərlə çəkilən zəhmətin, yuxusuz gecələrin və hədəfə sadiqliyin ən ali mükafatıdır. Bu xəbəri ilk eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Böyük qürur və sevinc hissi yaşayırdım. Siyahıda adımı görən kimi ilk olaraq bu sevinci hər zaman yanımda olan, mənə inanan və dəstəkləyən valideynlərimlə bölüşdüm.  

Bu uğur birdən-birə qazanılmayıb, onun arxasında uzunmüddətli və sistemli hazırlıq mərhələsi dayanır. Məktəb illərindən etibarən dərslərimə məsuliyyətlə yanaşmışam, son bir neçə ildə isə imtahan proqramına tam fokuslanmışam. Hazırlıq prosesində ən çox intizama, vaxtın düzgün idarə olunmasına və mexaniki əzbərçilikdən uzaq duraraq mövzuların məntiqini anlamağa diqqət yetirirdim. Səhvlərimin üzərində işləmək məni hər dəfə bir addım irəli aparırdı.

Bu status sadəcə bir uğur deyil, həm də çiyinlərimə qoyulan böyük bir məsuliyyətdir. Mən artıq sadəcə bir tələbə deyil, dövlətin etimad göstərdiyi bir gəncəm. Bu məsuliyyət məni universitetdə də hər zaman ən yaxşısı olmağa, dərslərimə daha ciddi yanaşmağa vadar edir. Bu uğurun gələcək hədəflərimə təsiri motivasiya xarakteri daşıyır. Prezident təqaüdü mənə sübut edir ki, düzgün çalışdıqda imkansız görünən heç bir hədəf yoxdur".

Filologiyanı seçməyimin əsas səbəblərindən biri də özümü yazılı və şifahi şəkildə daha peşəkar səviyyədə ifadə etmək istəyimdir:

"Mənim üçün filologiyanı seçmək sadəcə bir ixtisas seçimi deyil, həm də dünyaya baxış bucağımın, daxili dünyamın və maraqlarımın təbii nəticəsidir. Uşaqlıqdan kitabların sehrli dünyasına, sözlərin gücünə və dilin insanları birləşdirən qüvvəsinə böyük heyranlıq duymuşam. Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də bir millətin tarixini, mədəniyyətini və ruhunu özündə daşıyan ən böyük xəzinədir. Bu xəzinəni dərindən öyrənmək, bədii əsərlərin sətiraltı mənalarını kəşf etmək və mətnləri təhlil etmək mənim üçün hər zaman böyük zövq olub.

Bu sahəni seçməyimin əsas səbəblərindən biri də özümü yazılı və şifahi şəkildə daha peşəkar səviyyədə ifadə etmək istəyimdir. Filologiya mənə təkcə keçmişin ədəbiyyatını öyrənmək imkanı vermir, həm də tənqidi düşünmək, təhlil aparmaq və hadisələrə fərqli perspektivlərdən baxmaq bacarığı qazandırır. Gələcəkdə dilin və ədəbiyyatın verdiyi bu güclə cəmiyyətə faydalı olmaq, mədəni irsimizi qorumaq və sözün gücündən istifadə edərək uğurlu karyera qurmaq ən böyük hədəfimdir. Məhz bu səbəbdən qəlbimin və maraqlarımın səsinə qulaq asaraq filologiya yolunu seçdim".  

Qarşıma qoyduğum ən böyük məqsəd öz sahəmdə dünyada sözünü demiş, ölkəmi beynəlxalq arenalarda uğurla təmsil edən peşəkar olmaqdır:

"Yüksək nəticə göstərmək və belə bir təqaüdə layiq görülmək istəyən abituriyentlər ilk növbədə iradəyə, daxili motivasiyaya və məqsədyönlülüyə sahib olmalıdırlar. Uğursuzluqlar qarşısında ruhdan düşməmək, səhvlərdən nəticə çıxarmaq bacarığı da vacib şərtlərdəndir. Həmçinin, sistemli çalışmaq, sosial həyatla dərslər arasında balansı qorumaq və ən əsası, oxuduğu sahəni sevmək yüksək nəticənin gizli açarıdır.

Gələcəkdə Azərbaycanda fəaliyyət göstərmək, yoxsa xaricdə təhsil və təcrübə qazanmağı davam etdirmək məsələsinə gəlincə, uzunmüddətli planım hər ikisini birləşdirməkdir. İlk növbədə xaricdə magistr təhsili almağı planlaşdırıram. Lakin son məqsədim xaricdə qazandığım qabaqcıl bilik və təcrübəni Azərbaycana gətirmək, ölkəmin inkişafına və gənc nəslin yetişməsinə töhfə verməkdir.  

Qarşıma qoyduğum ən böyük məqsəd öz sahəmdə dünyada sözünü demiş, ölkəmi beynəlxalq arenalarda uğurla təmsil edən peşəkar olmaqdır. Prezident təqaüdü bu yolda mənim üçün həm maddi, həm də mənəvi dəstəkdir. Bu təqaüd dövlətimizin dəstəyini hər addımda hiss etdirən və məni daha böyük hədəflərə doğru qanadlandıran bir qüvvədir".

Filologiya fakültəsinin digər tələbəsi Firanə Şahverdiyeva Prezident təqaüdçüsü olmağın onda böyük məsuliyyət hissi yaratdığını qeyd edib:

191052

"Prezident təqaüdünə layiq görülmək mənim üçün xüsusi sevinc və qürur mənbəyidir. Bu xəbəri ilk olaraq atamla bölüşmüşdüm. Bu uğurun sevincini mənim üçün dəyərli olan insanlarla bölüşmək, xüsusilə də ailəmin dəstəyini hiss etmək çox xoş idi. 

Uğura gedən yol olduqca çətin və keşməkeşlidir. Hazırlıq prosesi insandan böyük səbir, əzm və davamlı çalışqanlıq tələb edir. Bu müddətdə ən çox diqqət yetirilməli məqamlardan biri stresdən mümkün qədər uzaq olmaq, özünü və məqsədini unutmamaqdır. Prezident təqaüdçüsü olmaq məndə böyük məsuliyyət hissi yaradır. Düşünürəm ki, bu adı qoruyub saxlamaq və ona layiq olmaq böyük əzm, çalışqanlıq və davamlı inkişaf tələb edir".

Özümü dərk etdiyim vaxtdan əlimdə qələmlə xəyali şagirdlərimə nələrisə izah edir, özümü müəllim kimi təsəvvür edirdim:

"İxtisas seçimimi müəyyənləşdirən amillərə gəldikdə isə deyə bilərəm ki, bu istiqamətə marağım kiçik yaşlarımdan formalaşıb. Necə deyərlər, özümü dərk etdiyim vaxtdan əlimdə qələmlə xəyali şagirdlərimə nələrisə izah edir, özümü müəllim kimi təsəvvür edirdim.

Eyni zamanda, Respublika Fənn Olimpiadalarının dil və ədəbiyyat fənni üzrə üçqat medalçısıyam. Bu uğurlar da seçdiyim istiqamətdə irəliləməyimə və özümü daha yaxşı tanımağıma kömək edib. Əslində, gələcək yolum illər əvvəl müəyyənləşmişdi və bu gün atdığım addımlar həmin yolun davamıdır".

Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir
Son xəbərlərDaha çox