Azedu.az

BDU-nun Prezident təqaüdçüləri: “Bu uğur mənə heç nəyin mümkünsüz olmadığını göstərdi”

Tələbələr

20 Oktyabr 2026, 11:49
BDU-nun Prezident təqaüdçüləri: “Bu uğur mənə heç nəyin mümkünsüz olmadığını göstərdi”

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən 102 tələbədən 15-i Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

AzEdu.az BDU-nun Prezident təqaüdçüləri ilə həmsöhbət olub.

Prezident təqaüdçüləri sırasında yer alan Hüquq fakültəsinin tələbəsi Mələk Məşədiyəva bildirib ki, bu uğura çatmaq onun üçün heç də asan olmayıb:
 

191062

"Prezident təqaüdü sərf etdiyim əməyə və zəhmətə görə bir daha sevinməyimə səbəb oldu. Prezident təqaüdçüsü olduğumu öyrənəndə çox həyəcanlandım və inanılmaz hisslər yaşadım. Xəbəri ilk olaraq anamla bölüşdüm.

Bu uğura çatmaq mənim üçün heç də asan olmadı. Günlərlə yuxusuz gecələr keçirmək, dayanmadan dərs oxumaq məni çox yorsa da, imtahan nəticələrimi eşidəndə çəkdiyim zəhmətə görə məmnun idim. Hazırlıq prosesində test çalışmalarına xüsusi diqqət yetirmişəm, bir çox sınaqlarda iştirak etmişəm və mövzuları müntəzəm olaraq təkrarlamışam.

Prezident təqaüdçüsü olmaq üzərimə bu statusu 4 il ərzində qorumaq məsuliyyəti qoyur. Bu status gənc yaşda qazandığım uğurlardan biridir. Mənə göstərir ki, heç nə mümkünsüz deyil və gələcək hədəflərimə çatmaq üçün özümə inanıram".

Hüquq sahəsi mənə o qədər uyğun görünür ki, digər ixtisaslar haqqında heç düşünməmişəm:

"İxtisasımı özüm sevərək seçmişəm. Seçimim ailəmin və ya ətrafımdakı insanların təsiri ilə olmayıb. Hüquq sahəsi mənə o qədər uyğun görünür ki, digər ixtisaslar haqqında heç düşünməmişəm. Hüquq ixtisasının tarixiliyi, nüfuzu və cəmiyyətdə ən önəmli sahələrdən biri olması seçimimə təsir edib.

Gələcəkdə hüquq sahəsi üzrə xarici ölkədə magistr təhsili almağı və təcrübəyə yönəlmiş fəaliyyətlərlə məşğul olmağı hədəfləyirəm. Fikrimcə, belə bir uğur əldə etmək istəyən abituriyentlərin hədəfləri çox aydın olmalı, eyni zamanda onlar əzmkar və məsuliyyətli olmalıdırlar".   

Əsas məqsədim təcrübəli, bilikli və daim inkişafa meyilli hüquqşünas olmaqdır:

"Gələcək fəaliyyətimlə bağlı müəyyən fikirlərim olsa da, hələ qəti qərar verməmişəm. Xaricdə təhsil almaq və təcrübə qazanmaq mənə bir çox üstünlüklər qazandıracaq. Azərbaycanda da müxtəlif işlərdə fəallıq göstərməyi hədəfləyirəm. Bu baxımdan, yalnız bir istiqamət seçmək məcburiyyəti görmürəm. Müxtəlif dövrlərdə həm xaricdə işləməyi, həm də öz ölkəmə xidmət etməyi düşünürəm.

Qarşıma qoyduğum əsas məqsəd təcrübəli, bilikli və daim inkişafa meyilli hüquqşünas olmaqdır. Prezident təqaüdçüsü statusu mənim üçün əlavə motivasiyadır və düşünürəm ki, universitet illərində mənə müəyyən üstünlüklər qazandıracaq".

Hüquq fakultəsinin tələbəsi Selcan Əliyeva qeyd edib ki, minlərlə abituriyentin arasından bu təqaüdə layiq görülmək böyük bir uğurdur:

191055

"Prezident təqaüdünə layiq görülmək mənim üçün çox sevindirici haldır. Minlərlə abituriyentin arasından bu təqaüdə layiq görülməyi, düşünürəm ki, böyük bir uğur hesab etmək olar. Xəbəri ilk alanda sevincimi ailəmlə bölüşdüm. Onlar da bu xəbərə çox sevindilər.

Bu uğura çatmaq üçün çox çalışdım və dərslərimə xüsusi diqqət yetirirdim. Çünki qarşıma qoyduğum məqsəd var idi və ona çatmaq üçün əlimdən gələni etməyə çalışırdım. Hazırlıq prosesində maksimum nəticə göstərmək üçün hər dərsə eyni vaxt ayırmağa, bütün fənlərə bərabər yanaşmağa çalışırdım". 

Cəmiyyətdəki ədalətsizliklər və hüquq sahəsinə olan marağım ixtisas seçimimi müəyyənləşdirib:

"Bu təqaüdü qoruyub saxlamaq üçün universitetdə dərslərimə daha məsuliyyətlə yanaşmalı və daha diqqətlə oxumalıyam. Gələcəkdə isə Prezident təqaüdünün verdiyi imkanlardan yararlanaraq özümü daha da inkişaf etdirməyi planlaşdırıram.

Cəmiyyətdəki ədalətsizliklər və hüquq sahəsinə olan marağım ixtisas seçimimi müəyyənləşdirib. Gələcəkdə öz üzərimdə çalışaraq bilik və təcrübəmi artırmaq, daha yüksək vəzifələrə gəlmək və bu sahədə uğur qazanmaq istəyirəm".

Məqsəd olmadan heç nəyə nail olmaq mümkün deyil:

"Yüksək nəticə göstərmək və belə bir təqaüdə layiq görülmək istəyən abituriyentlər, ilk növbədə, məsuliyyətli olmalıdırlar. Onların qarşılarına konkret məqsədlər qoymaları vacibdir. Məqsəd olmadan heç nəyə nail olmaq mümkün deyil.

Təhsilimin növbəti mərhələsini xaricdə davam etdirərək Azərbaycanda daha yaxşı fəaliyyət göstərmək istəyirəm. Xaricdə təhsil almağın mənə yeni biliklər və təcrübə qazandıracağını düşünürəm. Ən böyük məqsədlərimdən biri bir neçə dil öyrənmək və dünyanı səyahət etməkdir. Düşünürəm ki, Prezident təqaüdü bu məqsədimə çatmaqda mənə dəstək olacaq". 

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox