Azedu.az

Universitetlərin beynəlxalq nüfuzu təkcə Scopus indeksindən ASILI DEYİL

Ali təhsil

20 Oktyabr 2026, 10:31
Universitetlərin beynəlxalq nüfuzu təkcə Scopus indeksindən ASILI DEYİL

"Müasir universitetin beynəlxalq fəaliyyətini yalnız bir sualla qiymətləndirmək nə dərəcədə doğrudur: “Bu tədbir Scopus-a düşürmü?” Bu sual elmi nəşrlərin əhəmiyyətini inkar etmir. Əksinə, Scopus və Web of Science kimi bazalarda indekslənən keyfiyyətli elmi nəşrlər universitetin beynəlxalq elmi görünürlüğü üçün mühüm vasitələrdir".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

O, qeyd edib ki, universitetin missiyası yalnız məqalə dərc etməkdən ibarət deyil:

"13-18 oktyabr 2026-cı il tarixlərində Tacikistanda keçirilən “Davamlı turizm və mədəni irs” Beynəlxalq Forumu bu baxımdan diqqətəlayiq nümunədir. Forum haqqında yayılan məlumatlara əsasən, tədbirdə 20 ölkədən, 100-dən çox universitetdən və təxminən 2000 iştirakçı təmsil olunub.

ABŞ, Çin, Polşa, Almaniya, İndoneziya, İran, Belarus, Rusiya, Özbəkistan və digər ölkələrin nümayəndələri beynəlxalq platformada bir araya gəliblər. Azərbaycan da təmsil olunub: UNEC və Azərbaycan turizm agentliyinin göndərişi ilə iki nümayəndənin iştirakı ölkəmizin turizm sektorunun bu prosesdə iştirakını göstərir.Burada əsas sual yaranır: 100-dən çox universiteti və minlərlə iştirakçını bir araya gətirən beynəlxalq platformanın dəyərini yalnız onun materiallarının Scopus-da indeksləşdirilməsi ilə ölçmək olarmı?

Belə tədbirlərin cəlbediciliyinin arxasında hansı amillər dayanır? Universitetlərarası əlaqələr, yeni tərəfdaşlıqlar, elmi və peşəkar təcrübə mübadiləsi, mədəni diplomatiya, iqtisadi turizm potensialının təqdimatı, birgə layihələr və beynəlxalq əməkdaşlıq imkanları. Bu əlaqələr gələcəkdə birgə tədqiqatlara, akademik mübadiləyə və elmi nəşrlərə də çevrilə bilər.Əlbəttə, beynəlxalq tədbirin keçirilməsi özlüyündə uğurun təminatı deyil. Onun elmi səviyyəsi, təşkilati keyfiyyəti, maliyyə səmərəliliyi və sonrakı nəticələri də qiymətləndirilməlidir.

Universitet bilik yaradan, beynəlxalq əlaqələr quran, elmlə iqtisadiyyat arasında körpü yaradan və cəmiyyətin inkişafına töhfə verən institusional məkandır.Elmin dəyəri yalnız harada dərc olunması ilə deyil, həm də hansı bilik yaratması, hansı əlaqələr qurması və cəmiyyətə hansı töhfəni verməsi ilə ölçülür".

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox