Azedu.az

Xarici dildə bal məhdudiyyəti - Bütün universitetlərə şamil edilə bilər

Ali təhsil

17 Oktyabr 2026, 14:41
Xarici dildə bal məhdudiyyəti - Bütün universitetlərə şamil edilə bilər

Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən abituriyentlərin xarici dil biliklərinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Buraxılış imtahanlarına xarici dil üzrə esse tapşırığının əlavə olunması, eləcə də magistraturaya qəbul imtahanlarında xarici dil fənni üzrə danışıq (speaking) bacarıqlarının yoxlanılması məsələsi müzakirə olunur. Lakin hazırda yalnız bəzi universitetlərdə ingilis dili üzrə minimum bal tələbi mövcuddur.

Maraqlıdır, bu tələbin bütün universitetlərdə tətbiq edilməsi məqsədəuyğun olarmı? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, xarici dil üzrə minimum bal tələbi abituriyentləri dili sadəcə imtahan vermək üçün deyil, funksional kommunikasiya vasitəsi kimi mənimsəməyə təşviq edə bilər:

190459

"Abituriyent və tələbələrin xarici dil biliklərinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən islahatlar, eləcə də buraxılış və magistratura imtahanlarına esse və danışıq komponentlərinin əlavə edilməsi müzakirələri müasir təhsil siyasətinin və institusional idarəetmənin strateji prioritetlərindən biri kimi çıxış edir. Qloballaşan əmək bazarında rəqabətədavamlı kadrların yetişdirilməsi baxımından ali təhsil müəssisələrinə qəbul zamanı xarici dil üzrə minimum bal tələbinin bütün universitetlərdə tətbiq edilməsi məsələsinə ali təhsilin sosial-iqtisadi və struktur müstəvidə yanaşmaq zəruridir.

Ali təhsil müəssisələrində xarici dil üzrə universal minimum bal tələbinin tətbiq edilməsi ilkin mərhələdə abituriyentlərin və tələbələrin dil öyrənmə motivasiyasına birbaşa pozitiv təsir göstərə bilər. Pedaqoji ölçmə və qiymətləndirmə nəzəriyyələrinə görə, imtahan standartlarının və tələblərinin dəyişdirilməsi təlim prosesinin məzmununu birbaşa tənzimləyən geri təsir mexanizmini işə salır. Bu tələb tətbiq olunarsa, abituriyentlər xarici dili sadəcə test mexanikasını öyrənmək üçün deyil, funksional kommunikasiya aləti kimi mənimsəməyə meyilli olacaqlar. Tələbələrin ilkin dil bazasının yüksək olması universitetlərdə xarici dildə tədris olunan akademik resurslardan istifadə imkanlarını genişləndirəcək, magistratura və doktorantura səviyyələrində elmi-tədqiqat işlərinin keyfiyyətini beynəlxalq standartlara yaxınlaşdıracaqdır".

Xarici dil üzrə sərt minimum bal tələbi regionlarda tələbə qəbulunun kəskin azalmasına səbəb ola bilər:

"Bununla belə, bu yanaşmanın bütün universitetlərdə və ixtisaslarda diferensiasiya aparılmadan, eyni struktur formatında tətbiq edilməsi müəyyən institusional risklər və əlçatanlıq problemləri yarada bilər. Paytaxt ilə regionlar, eləcə də fərqli sosial-iqtisadi təbəqələrdən gələn uşaqların xarici dil üzrə resurslara və keyfiyyətli tədrisə əlçatanlığı arasında hələ də sosimədəni fərqlər mövcuddur. Sertifikatlaşdırılmış və ya yüksək dil biliklərinə malik pedaqoji kadrların regional məktəblərdə tam təmin olunmaması fonunda sərt minimum bal tələbinin qoyulması, bəzi regional ali təhsil müəssisələrində plan yerlərinin dolmamasına və ixtisaslar üzrə tələbə qəbulunun kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.

Buna görə də, elmi-pedaqoji idarəetmə baxımından universal qadağa və ya mütləq tələb kimi deyil, mərhələli şəkildə keçid daha məqsədəuyğundur. Minimum bal tələbi bütün universitetlərə birdən-birə deyil, ixtisas qruplarının spesifikasına (məsələn, beynəlxalq münasibətlər, İT, tibb və mühəndislik ixtisaslarında daha yüksək, digər humanitar və texniki sahələrdə isə mərhələli) uyğun olaraq diferensial şəkildə tətbiq edilməlidir. Eyni zamanda, düşünürəm ki, dövlət tərəfindən universitetlərin daxilində ödənişsiz və intensiv dil hazırlığı proqramlarının təşkili təmin olunmalıdır ki, bu da təhsilin əlçatanlığı və sosial ədalət prinsiplərinə xələl gətirmədən xarici dil biliklərinin davamlı yüksəlməsinə sistemli töhfə versin".

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox