Yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən gənclərlə müsahibələrimiz davam edir.
Növbəti həmsöhbətimiz 606,8 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olan Aysun Məmmədlidir.
Aysun Məmmədli Ağstafa rayonunun Eynalı kəndində yerləşən Xudu İsmayılov adına tam orta məktəbin məzunudur. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə təhsil alır.
Müsahibəni təqdim edirik:
- Müəllimlik peşəsinə uşaqlıqdan marağın olub, yoxsa ailən səni bu istiqamətə yönləndirib?
- Bəli, uşaqlıqdan müəllimlik peşəsinə marağım olub. Uşaqlara bilik vermək, onlara nələrisə öyrətmək və öyrəndiklərini başa düşdüklərini görmək mənə xoş hisslər yaşadır. Bir insanın öyrənməsinə və inkişafına töhfə vermək çox gözəl hissdir. Məhz bu maraq müəllimlik peşəsini seçməyimdə mühüm rol oynayıb.
- Riyaziyyat və fizika müəllimliyini seçməyinə nə səbəb oldu? Bu fənlərə uşaqlıqdan marağın var idi, yoxsa başqa ixtisasları da düşünürdün?
- Uşaqlıqdan riyaziyyata marağım olub. Sonradan fizikaya da maraq göstərməyə başladım. Müəllimlik peşəsini də çox sevdiyim üçün bu ixtisası seçdim.
- Ailənizdə riyaziyyat və fizikaya marağı olan başqa insanlar da varmı?
- Bəli, ailəmizdə riyaziyyat və fizika sahəsində savadlı insanlar var. Babam da fizika müəllimi olub. Mən də daha çox ondan ilham alaraq riyaziyyat və fizikaya maraq göstərmişəm.
- Yüksək bal toplamağına baxmayaraq, müəllimlik ixtisasını seçməyinə təəccüblənən və ya səni başqa ixtisaslara yönləndirməyə çalışanlar oldumu?
- Bəli, 606 bal toplamağıma baxmayaraq, müəllimlik ixtisasını seçməyimə təəccüblənən və məni qınayanlar oldu. İnsanlar başqa ixtisasları da seçə biləcəyimi düşünürdülər. Ancaq bu fikirlər qərarımdan dönməyimə səbəb olmadı. Çünki mənim üçün əsas olan yalnız yüksək bal toplamaq deyil, həm də sevdiyim və gələcəkdə özümü görə bildiyim peşəni seçmək idi.
- Müəllim daim öyrənməli və araşdırmalıdır. Bu peşənin çətinliklərini və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq, nə vaxtsa ixtisasını dəyişmək və ya başqa sahəyə yönəlmək barədə düşünmüsənmi?
- Bəli, bəzən tərəddüd etdiyim məqamlar olur. Çünki bu, həm çətin, həm də böyük məsuliyyət tələb edən peşədir. Yaxşı müəllim olmaq üçün çox çalışmaq lazımdır. Ancaq bu tərəddüdlər məni məqsədimdən uzaqlaşdırmayıb. Düşünürəm ki, insan istədiyi yolda çətinliklərlə qarşılaşsa da, məqsədindən vaz keçməməlidir.
- Təhsil almaq üçün ailəndən uzaqda yaşamaq, paytaxta və yeni mühitə uyğunlaşmaq sənin üçün necədir?
- İlk vaxtlar mənim üçün çox çətin idi, amma indi yavaş-yavaş uyğunlaşıram.
- Bakalavr təhsilini başa vurduqdan sonra magistraturada oxumağı düşünürsənmi?
- Bəli, bakalavr təhsilimi başa vurduqdan sonra magistraturada təhsilimi davam etdirmək istəyirəm. Düşünürəm ki, insan daim öz üzərində işləməli və biliklərini artırmalıdır. Mən də gələcəkdə öz sahəmdə daha çox inkişaf etmək və yeni biliklər qazanmaq istəyirəm.
- Gələcəkdə universitetdə müəllim kimi işləmək istəyərsən, yoxsa məktəbdə şagirdlərlə işləməyə üstünlük verərsən?
- Gələcəkdə belə bir fürsət yaranarsa, universitetdə müəllim kimi işləməyi düşünərəm. Tələbələrə biliklərimi ötürmək və onların inkişafına töhfə vermək mənim üçün maraqlı olardı.
- Sənin gözündə yaxşı müəllim obrazı necədir? Özünü gələcəkdə necə bir müəllim kimi təsəvvür edirsən?
- Məncə, yaxşı müəllim yalnız öz fənnini yaxşı bilən deyil, həm də şagirdlərini başa düşən, onlara səbirli və anlaşıqlı yanaşan insandır. Mən də istəyirəm ki, gələcəkdə şagirdlərim məni sevsinlər, dərslərimə maraqla yanaşsınlar və məndən nəsə öyrənməkdən zövq alsınlar. Mənim üçün ən böyük uğur şagirdlərimin öyrətdiklərimi başa düşdüklərini və inkişaf etdiklərini görmək olacaq.
- Riyaziyyat və fizika bir çox şagirdin çətinlik çəkdiyi fənlərdir. Sən isə hər ikisini sevir və bu istiqamətdə təhsil alırsan. Səncə, şagirdlər bu fənləri niyə çətin hesab edirlər? Bu fənləri yaxşı mənimsəməyinin sirri nədir? Abituriyentlərə hansı üsulları tövsiyə edərdin?
- Məncə, bunun üçün müntəzəm çalışmaq, mövzuları vaxtında təkrarlamaq və başa düşülməyən məsələləri soruşmaqdan çəkinməmək çox vacibdir. Sınaqlarda aşağı nəticə göstərdikdə ruhdan düşmək əvəzinə, səhvləri müəyyənləşdirmək və onların üzərində işləmək lazımdır. Həmçinin özlərini başqaları ilə müqayisə etməməlidirlər.
- Bəs 600-dən çox bal toplamağının əsas səbəbi nə oldu?
- Düşünürəm ki, uğurumun əsas səbəblərindən biri ailəmin mənə verdiyi dəstək, digəri isə məqsədimə çatmaq üçün göstərdiyim səy idi. Ailəmin mənə inanması və hər zaman yanımda olması mənə güc verirdi. Mən də qarşıma qoyduğum məqsədə çatmaq üçün əlimdən gələni etməyə çalışırdım. İnanıram ki, insan məqsədinə inanıb əzmlə çalışdıqda uğur qazanmaq ehtimalı artır.
- Müəllimlik ixtisasını seçmək istəyən, lakin tərəddüd edən abituriyentlərə nə demək istərdin?
- Məncə, əgər bu, onların arzusudursa, qarşılarına məqsəd qoymalıdırlar. Nə qədər çətin olsa da, əzmlə çalışaraq arzularına çata bilərlər.
- Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanları haqqında nə düşünürsən?
- Məncə, bu imtahanların keçirilməsi yaxşıdır. Çünki məqsəd müəllimlərin daim öz üzərlərində işləmələrini və şagirdlərə daha keyfiyyətli bilik vermələrini təmin etməkdir.
- Gün ərzində dərslərinə neçə saat vaxt ayırırdın? Yüksək bal toplamaq üçün sosial şəbəkələrdən uzaqlaşmışdınmı? Cəmiyyətdə belə bir fikir var ki, yüksək nəticə əldə etmək üçün telefondan uzaq durmaq və bütün vaxtı dərsə ayırmaq lazımdır. Sən bu barədə nə düşünürsən?
- Gün ərzində dərslərimə təxminən 3-4 saat vaxt ayırırdım. Bununla yanaşı, boş vaxtlarımda mövzuları təkrarlayır və öyrəndiklərimi möhkəmləndirməyə çalışırdım. Telefonumdan istifadə edirdim, amma sosial şəbəkələrə çox az vaxt ayırırdım. Boş vaxtlarımda bəzən kitab da oxuyurdum. Düşünürəm ki, imtahana hazırlıq dövründə vaxtı düzgün bölüşdürmək çox vacibdir. Buna görə də diqqətimi əsasən dərslərimə yönəltməyə çalışırdım.
- Yüksək nəticə göstərmiş tələbə kimi abituriyentlərə hansı tövsiyələri verərdin? Onlar nələrə diqqət etməlidirlər?
- Müntəzəm çalışmalı, mövzuları təkrarlamalı və başa düşmədikləri məsələləri sonraya saxlamamalıdırlar. Sınaqlarda aşağı nəticə göstərdikdə ruhdan düşmək əvəzinə, səhvlərini müəyyənləşdirməli və onların üzərində işləməlidirlər. Həmçinin özlərini başqaları ilə müqayisə etməməlidirlər.
- Səncə, 700 bal toplamağına nə mane oldu?
- Məncə, əsas səbəblərdən biri diqqətsizlik idi. Demək olar ki, bütün fənlərdə diqqətsizlikdən səhvlər etmişdim. Ola bilsin ki, bəzi mövzuları da kifayət qədər yaxşı bilmirdim.
- İndi dərslərin necə gedir? Paytaxta, universitetə, qrup yoldaşlarına və yeni tədris mühitinə uyğunlaşa bilmisənmi?
- İlk vaxtlar mənim üçün çətin idi, amma artıq yavaş-yavaş uyğunlaşıram. Dərslər də getdikcə daha rahat gəlir. Əvvəllər mövzuları başa düşməkdə çətinlik çəkirdim, indi isə onları daha yaxşı anlayıram.