ABŞ alimləri nüvə sintezi vasitəsilə enerji əldə etmək üçün daha az enerji tələb edə biləcək yeni yanaşma təklif ediblər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Princeton Plazma Fizikası Laboratoriyasının (PPPL) tədqiqatçıları nüvə sintezi reaksiyasını başlatmaq üçün plazmanın əvvəlcə qızdırılmasını, daha sonra isə sıxlığının artırılmasını təklif ediblər.
Alimlərin hesablamalarına görə, bu ardıcıllığın dəyişdirilməsi özünü davam etdirən nüvə sintezi reaksiyasına çatmaq üçün tələb olunan enerjini əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqatda Luis Delgado-Aparicio, Masayuki Ono və Jonathan Menard iştirak ediblər.
Nüvə sintezi yüngül atom nüvələrinin birləşərək daha ağır nüvə əmələ gətirməsi və bu prosesdə enerji ayrılması prinsipinə əsaslanır. Bu texnologiya gələcəkdə aşağı karbon emissiyalı enerji mənbələrindən biri ola bilər. Lakin reaksiyanı davam etdirmək üçün son dərəcə yüksək temperaturda plazma yaratmaq və onu sabit saxlamaq əsas çətinliklərdəndir.
Tədqiqatçılar hesablamalarında plazmada yaranan çirklənmələri, heliumun toplanmasını və enerji itkilərini də nəzərə alıblar. Nəticələr göstərib ki, hətta çox az miqdarda volfram çirklənməsi belə nüvə sintezinin başlaması üçün tələb olunan təzyiqi təxminən iki dəfə artıra bilər.
Araşdırmanın nəticələri Physical Review Letters elmi jurnalında dərc olunub. Alimlərin təklif etdiyi yanaşma hələ eksperimental şəkildə təsdiqlənməyib. Onun səmərəliliyini yoxlamaq üçün əlavə kompüter modelləşdirmələrinə və tədqiqatlara ehtiyac var.