Polşada məktəblərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində yeni qanun qəbul edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən, ölkənin məktəblərində şagirdlər üçün tarixi və milli əhəmiyyət daşıyan məkanlara, hərbi hissələrə və müxtəlif müəssisələrə maarifləndirici səfərlər təşkil olunacaq. Məlumata görə, yeni qanun Polşa Prezidenti Karol Navrotski tərəfindən imzalanıb və 19 noyabr 2026-cı ildə rəsmi şəkildə dərc edilib. Qanunun əsas müddəalarının 1 mart 2027-ci ildən tətbiqinə başlanılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, məktəblilərin ekskursiyaları ölkənin tarixi irsi, milli ənənələri və dövlətçilik tarixi ilə bağlı məkanları əhatə edəcək. Şagirdlərin hərbi hissələrə və müəyyən müəssisələrə səfərlərinin təşkili də nəzərdə tutulur.Sənəddə bu səfərlərin əsas məqsədlərindən biri gənc nəslin milli irsə, dövlətçilik ənənələrinə və ölkənin tarixinə hörmət ruhunda yetişdirilməsi kimi müəyyənləşdirilib.
Bununla yanaşı, qanun çərçivəsində şagirdlərin təhlükəsizlik və müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hallarda düzgün davranış bacarıqlarının inkişaf etdirilməsi də diqqət mərkəzində olacaq.Yeni qanunun əsas müddəaları 2027-ci il martın 1-dən, mühəndislik klublarının yaradılması ilə bağlı dəyişikliklər isə həmin il sentyabrın 1-dən tətbiq ediləcək.
Qeyd edək ki, yeni təşəbbüsün həyata keçirilməsi üçün məktəblərə dövlət dəstəyinin göstərilməsi də planlaşdırılır. Ekskursiyaların maliyyələşdirilməsi ilə bağlı xüsusi proqramın hazırlanması nəzərdə tutulur.