Azedu.az

İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb

Xarici təhsil

21 Noyabr 2026, 10:43
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb

İtaliyada məktəb və universitet dərsliklərinin rəqəmsal versiyalarının daha geniş tətbiqi ilə bağlı yeni qərar təhsil ictimaiyyətində müzakirələrə səbəb olub. Məktəb direktorları və təhsil mütəxəssisləri rəqəmsallaşmanın üstünlüklərini qəbul etsələr də, ənənəvi çap dərsliklərinin tədris prosesindəki əhəmiyyətinin qorunmasını vacib hesab edirlər.

AzEdu.az İtaliyanın “Tecnica della Scuola” nəşrinə istinadən xəbər verir ki, 19 noyabrda təsdiqlənən dəyişikliklərə əsasən, nəşriyyatlar məktəb və universitet dərsliklərinin çap versiyası ilə yanaşı, çap edilə bilən elektron variantını da təqdim etməlidirlər. Rəqəmsal versiyanın qiyməti müvafiq çap nəşrinin qiymətindən ən azı 50 faiz aşağı olmalıdır.

Təşəbbüsün əsas məqsədi ailələrin dərslik alışına çəkdiyi xərcləri azaltmaq və şagirdlərin tədris materiallarına çıxış imkanlarını genişləndirməkdir. Təklif müəlliflərinin hesablamalarına görə, bu dəyişiklik hər ailəyə hər uşaq üçün ildə təxminən 200 avro qənaət etməyə imkan verə bilər.

Lakin qərar məktəb rəhbərləri arasında birmənalı qarşılanmayıb.İtaliya Məktəb Direktorları Milli Assosiasiyasının (ANP) prezidenti Antonello Giannelli hesab edir ki, təhsilin rəqəmsallaşdırılması qaçılmaz prosesdir. Bununla belə, o vurğulayıb ki, xüsusilə ibtidai təhsil pilləsində kağız dərsliklər, əl yazısı və fiziki tədris materialları uşaqların öyrənmə prosesində mühüm rol oynayır.

Roma Məktəb Direktorları Assosiasiyasının rəhbəri Mario Rusconi isə dərsliklərin tam rəqəmsallaşdırılmasını məqsədəuyğun hesab etmir. Onun fikrincə, çap materialları ilə işləmək şagirdlərə mövzuları daha dərindən mənimsəmək və diqqəti dərsə yönəltmək baxımından müəyyən üstünlüklər verir.

İtaliya Məktəb Rəhbərləri Assosiasiyasının prezidenti Attilio Fratta da çap dərsliklərinin rəqəmsal variantlarla tam əvəzlənməsinə qarşı çıxıb. O, şagirdlərin kitablarla birbaşa təmasının, mətnlərin altından xətt çəkməsinin və vizual yaddaşdan istifadə etməsinin öyrənmə prosesində əhəmiyyətini qeyd edib.

Digər tərəfdən, Roma Sapienza Universitetinin psixoloqu Anna Maria Giannetta rəqəmsal və çap materiallarının fərqli öyrənmə imkanları yaratdığını bildirib. Onun fikrincə, videolar və interaktiv elementlər rəqəmsal dərslikləri daha cəlbedici edə bilər. Lakin bu imkanlar şagirdlərin diqqətini yayındırmaq və əlavə koqnitiv yüklənmə yaratmaq riski də daşıyır.

Qeyd edək ki, rəqəmsal dərsliklərlə bağlı təşəbbüs İtaliyada nəşriyyatlar və kitab satıcıları arasında da narazılıq yaradıb. Onlar qiymətlərin 50 faiz azaldılmasının ailələrə real qənaət qazandıracağına şübhə ilə yanaşır, çap və cildləmə xərclərinin yenə də valideynlərin üzərinə düşəcəyini bildirirlər.

Beləliklə, İtaliyada müzakirə olunan əsas məsələ yalnız dərsliklərin elektron formata keçirilməsi deyil, həm də rəqəmsal texnologiyalarla ənənəvi tədris vasitələri arasında balansın qorunmasıdır.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox