Azedu.az

Xarici tələbələr üçün 6 aylıq iş imkanı yaradılır

Xarici təhsil

5 Noyabr 2026, 15:30
Xarici tələbələr üçün 6 aylıq iş imkanı yaradılır

Yeni Zelandiya beynəlxalq tələbələrin məzun olduqdan sonra ölkədə iş tapmasını asanlaşdırmaq məqsədilə yeni viza mexanizmi tətbiq edir. Noyabrın 16-dan qüvvəyə minəcək dəyişikliklər çərçivəsində müəyyən təhsil proqramlarını başa vuran xarici məzunlara 6 ay müddətinə işləmək və iş axtarmaq imkanı veriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın İmmiqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni “Short-Term Graduate Work Visa” vizası ölkədə təhsil almış, lakin mövcud məzuniyyətdən sonrakı iş vizasına (Post-Study Work Visa) uyğun gəlməyən beynəlxalq tələbələr üçün nəzərdə tutulub.

Yeni qaydalara əsasən, bu vizaya müraciət etmək üçün namizədlər Yeni Zelandiya Kvalifikasiyalar və Səriştələr Çərçivəsinin (NZQCF) 5–7-ci səviyyələri üzrə uyğun təhsil proqramını bitirməlidirlər. Təhsil əyani formada və Yeni Zelandiyada ən azı 24 həftə davam etməlidir.

Bundan əlavə, müraciət edənlərin ölkədə yaşayış xərclərini qarşılamaq üçün ən azı 5 min Yeni Zelandiya dolları vəsaiti olmalıdır. Namizədlər tələbə vizalarının müddəti başa çatdıqdan sonra üç ay ərzində yeni viza üçün müraciət etməlidirlər.

Yeni viza məzunlara istənilən işəgötürənlə əmək müqaviləsi əsasında işləmək, iş axtarmaq və uyğun olduqları halda daha uzunmüddətli iş vizasına keçmək imkanı verəcək. Bununla belə, viza biznes sahibi olmaq hüququ vermir və müddəti uzadıla bilməz.

Dəyişikliklər bununla da məhdudlaşmır. Belə ki, noyabrın 16-dan etibarən Post-Study Work Visa proqramının əhatə dairəsi də genişləndiriləcək. Yeni qaydalara əsasən, 7-ci səviyyəli Graduate Diploma proqramını tam zamanlı şəkildə bitirən və bakalavr dərəcəsinə malik olan məzunlar da müəyyən şərtlərlə bu vizaya müraciət edə biləcəklər.

Yeni Zelandiyanın İmmiqrasiya Xidmətinin məlumatına görə, bu dəyişikliklərin əsas məqsədi ölkənin əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması, beynəlxalq məzunların iş imkanlarının genişləndirilməsi və onların təhsildən əmək fəaliyyətinə keçidinin asanlaşdırılmasıdır.

TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?
Son xəbərlərDaha çox