Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün keçiriləcək test imtahanına qeydiyyat prosesi 10 noyabr saat 18:00-dək davam edəcək.
AzEdu.az xəbər verir ki, imtahan 18 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı orta məktəbdə kompüter vasitəsilə elektron formada keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 10 noyabr saat 18:00-dək “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (kabineti olmayanlar) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.