Azedu.az

Bəzi universitetlərdə müəllimlik ixtisasları ləğv edilməlidir

Ali təhsil

5 Noyabr 2026, 10:21
Bəzi universitetlərdə müəllimlik ixtisasları ləğv edilməlidir

I ixtisas qrupu üzrə keçid ballarına nəzər saldıqda görürük ki, bu il bir sıra ixtisaslarda ciddi azalma qeydə alınıb. Diqqət çəkən məqamlardan biri də müəllimlik ixtisasları üzrə keçid ballarının aşağı düşməsidir.

Keçid ballarının müqayisəsi göstərir ki, xüsusilə Bakı universitetlərində nəzərəçarpacaq azalma müşahidə olunur. Ən ciddi geriləmə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisası üzrə qeydə alınıb. Belə ki, bu ixtisasın keçid balı ötən illə müqayisədə 297,4 bal azalıb.

Maraqlıdır, bu tendensiya gələcəkdə müəllim kadrlarının keyfiyyətinə mənfi təsir göstərə bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisasların sayının azaldılması, hətta müəyyən universitetlərdə bu ixtisasların tamamilə ləğv edilməsi istiqamətində təşəbbüslər irəli sürülməlidir:



"Pedaqoji ixtisaslarda kəmiyyətin azaldılaraq keyfiyyətin artırılmasına diqqət yetirilməlidir. Bu baxımdan Sinqapur modelini nümunə göstərmək olar. Belə ki, Sinqapurda yüksək bal toplayan abituriyentlərin pedaqoji ixtisaslara yönləndirilməsinə xüsusi diqqət yetirilir. Məqsəd gələcək nəslin daha savadlı yetişməsi üçün yüksək bilik və bacarıqlara malik gənclərin müəllimlik peşəsinə cəlb olunmasıdır. Hesab edirəm ki, Azərbaycanda da bu yanaşma tətbiq edilməlidir.

Bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisasların sayının azaldılması, hətta müəyyən universitetlərdə bu ixtisasların tamamilə ləğv edilməsi istiqamətində təşəbbüslər irəli sürülməlidir. Bu, pedaqoji ixtisaslara daha yüksək balla qəbul olunan abituriyentlərin cəlb edilməsi imkanlarını artıra bilər".

Gələcək nəslin təhsil keyfiyyətini yüksəltmək istəyiriksə, ilk növbədə müəllimlik ixtisaslarına qəbul olunanların keyfiyyətinə diqqət yetirməliyik:

"Məsələn, hər hansı müəllimlik ixtisasına aşağı balla qəbul olunan abituriyent gələcəkdə peşə fəaliyyətində müəyyən çətinliklərlə üzləşə və müəllimlik sahəsində gözlənilən perspektivi ortaya qoya bilməyə bilər. Bu, reallıqdır. Çünki müəllimlik ixtisasına aşağı balla qəbul olunan bir gəncin, məsələn, 297,4 bal toplaması onun ilkin olaraq digər ixtisaslara üstünlük verdiyini, arzuladığı sahələrə qəbul ola bilmədikdən sonra pedaqoji ixtisası seçdiyini ehtimal etməyə əsas verir.

Ona görə də düşünürəm ki, bu istiqamətdə addımlar atılmalıdır. Həmin ixtisasların daha çox özünü doğrultmuş, bu sahədə potensialını sübut etmiş ali təhsil müəssisələrində fəaliyyət göstərməsi məqsədəuyğun olardı.

Hesab edirəm ki, Azərbaycanda bu baxımdan özünü sübut etmiş universitetlər var və pedaqoji ixtisasların məhz həmin ali təhsil müəssisələrində cəmləşdirilməsi daha yaxşı nəticə verə bilər. Nəzərə alsaq ki, ölkənin gələcək nəslinin inkişafı və gənclərin perspektivli yetişməsi birbaşa ümumi təhsil məktəblərində verilən təhsilin keyfiyyətindən asılıdır, bu zaman müəllimlik ixtisaslarına daha hazırlıqlı və yüksək bilik səviyyəsinə malik kadrların cəlb olunması xüsusi əhəmiyyət daşıyır".   

Müəllimlik ixtisasları yalnız bir ixtisas qrupu ilə məhdudlaşmamalıdır. Yüksək bal toplayan III qrup abituriyenti də riyaziyyat müəllimliyini seçə bilməlidir:

"Bu problem təkcə riyaziyyat müəllimliyi ixtisası ilə məhdudlaşmır. Digər pedaqoji ixtisaslarda da qəbul imtahanında 50 faizdən aşağı, yəni 350 baldan az nəticə göstərən abituriyentlərin bəzi universitetlərə qəbul olunduğunu görürük. Hesab edirəm ki, bu sahədə qəbul mexanizminə yenidən baxılmalı və müəyyən dəyişikliklər edilməlidir.

Üçüncü ixtisas qrupu istisna olmaqla, digər qruplarda pedaqoji ixtisaslar üzrə keçid balları xeyli aşağıdır. Buna görə də qəbul qaydalarının tənzimlənməsi, plan yerlərinin azaldılması və pedaqoji ixtisasların perspektivli universitetlərdə cəmləşdirilməsi məsələsinə diqqət yetirilməlidir.

Mənim təklifim isə müəllimlik ixtisaslarının bütün ixtisas qrupları üzrə əlçatan olmasıdır. Məsələn, Azərbaycan dili və ədəbiyyat müəllimliyi yalnız üçüncü qrupda deyil, digər ixtisas qruplarında da təklif oluna bilər. Eyni yanaşma riyaziyyat və fizika müəllimliyi ixtisaslarına da tətbiq edilməlidir.

Belə ki, yüksək bal toplayan üçüncü qrup abituriyenti öz qrupunda riyaziyyat fənnini də nəzərə alaraq riyaziyyat müəllimliyini seçə bilməlidir. İngilis dili bütün ixtisas qruplarında tədris olunduğu kimi, ingilis dili müəllimliyi üzrə də oxşar yanaşma tətbiq edilə bilər. Düşünürəm ki, bu cür tənzimləmələr pedaqoji ixtisaslara daha yüksək nəticə göstərən abituriyentlərin cəlb olunmasına imkan yaradar".

Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!
Son xəbərlərDaha çox