Azedu.az

Yaxşı bina, geniş auditoriya kifayət etmir - Akkreditasiyada nələr üzə çıxır?

Ali təhsil

3 Noyabr 2026, 15:29
Yaxşı bina, geniş auditoriya kifayət etmir - Akkreditasiyada nələr üzə çıxır?

Ali təhsil müəssisələrinin akkreditasiyası onların təhsil keyfiyyətinin, idarəetmə sisteminin, maddi-texniki bazasının və tədris prosesinin mövcud standartlara uyğunluğunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Universitetlərin akkreditasiya prosesi hansı mərhələlər üzrə həyata keçirilir? Qiymətləndirmə zamanı hansı meyarlar əsas götürülür? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Əlmusa Atamaliyev qeyd edib ki, akkreditasiya prosesi, bir qayda olaraq, universitetin özünütəhlili ilə başlayır:

“Bu mərhələdə ali təhsil müəssisəsi öz fəaliyyətini müəyyən edilmiş standartlar və meyarlar əsasında qiymətləndirir, mövcud vəziyyət barədə hesabat hazırlayır və əldə etdiyi nəticələri əsaslandıran sənədləri təqdim edir. Daha sonra müvafiq akkreditasiya qurumu tərəfindən universitetin fəaliyyəti araşdırılır, ekspert qrupu yaradılır və ali məktəbdə yerində qiymətləndirmə aparılır. Ekspertlər rəhbərlik, müəllim heyəti, tələbələr və digər maraqlı tərəflərlə görüşür, tədris prosesi ilə tanış olur, sənədləri və maddi-texniki imkanları təhlil edirlər. Sonda toplanmış məlumatlar əsasında qiymətləndirmə hesabatı hazırlanır və akkreditasiya ilə bağlı qərar qəbul edilir.

Qiymətləndirmə zamanı bir neçə əsas istiqamət nəzərə alınır. İlk növbədə, tədris proqramlarının əmək bazarının tələblərinə və müasir təhsil standartlarına uyğunluğu, müəllimlərin elmi və peşəkar potensialı, tələbələrin əldə etdiyi bilik və bacarıqlar, eləcə də tədrisin təşkili səviyyəsi araşdırılır. Bununla yanaşı, universitetin idarəetmə və daxili keyfiyyət təminatı sistemi, elmi-tədqiqat fəaliyyəti, kitabxana və laboratoriya imkanları, informasiya texnologiyaları infrastrukturu, tələbələr üçün yaradılmış sosial və akademik şərait də qiymətləndirilir.

Burada xüsusilə bir məqamı vurğulamaq istərdim: universitetin müasir binaya, geniş auditoriyalara və yaxşı maddi-texniki bazaya malik olması özlüyündə yüksək təhsil keyfiyyətinə zəmanət vermir. Əsas məsələ həmin imkanlardan tədris prosesində nə dərəcədə səmərəli istifadə edilməsidir. Eyni zamanda, müəllimlərin peşəkarlığı, tələbələrin öyrənmə nəticələri və məzunların əmək bazarına hazırlığı da qiymətləndirmənin mühüm hissəsi olmalıdır”.

Universitetlərin akkreditasiyası yalnız formal yoxlama deyil, təhsilin keyfiyyətinin və ali məktəbin fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsidir:

“Ali təhsil müəssisələrinin akkreditasiyası ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlər arasında sağlam rəqabətin formalaşması və diplomların etibarlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesə sadəcə universitetin sənədlərinin yoxlanılması kimi yanaşmaq düzgün olmazdı. Əsas məqsəd ali təhsil müəssisəsinin təhsilalanlara keyfiyyətli təhsil vermək imkanlarını, idarəetmə sistemini və tədris mühitinin nə dərəcədə səmərəli olduğunu müəyyən etməkdir.

Çatışmazlıqların qiymətləndirilməsi zamanı bütün nöqsanlara eyni yanaşılmadığını nəzərə almaq lazımdır. Universitetdə aşkar edilən hər hansı çatışmazlıq onun avtomatik olaraq akkreditasiyadan keçməməsi demək deyil. Qiymətləndirmə zamanı nöqsanın xarakteri, miqyası və təhsil prosesinə təsiri əsas götürülür”.

Mövcud qaydalara əsasən, akkreditasiya nəticələri ballarla qiymətləndirilir:

“Maksimum balın 85–100 faizini toplayan müəssisə meyarlara uyğun, 70–84 faizini toplayan müəssisə isə əsasən uyğun hesab edilir və növbəti beş il üçün akkreditasiya oluna bilər. İlk akkreditasiya zamanı universitetin nəticəsi qismən uyğun olduqda və müəyyən şərtlər ödəndikdə, ona çatışmazlıqları aradan qaldırmaq üçün imkan verilir və iki ildən sonra təkrar akkreditasiya keçirilir.

Lakin burada mühüm bir məqam var: bu, bütün universitetlərə avtomatik olaraq əlavə vaxt verilməsi demək deyil. Məsələn, nəticə müəyyən edilmiş həddən aşağı olduqda və ya təkrar akkreditasiya zamanı tələb olunan göstəricilər əldə edilmədikdə, mənfi qərar verilə bilər. Belə hallarda universitetin və ya müvafiq təhsil proqramının akkreditasiyadan keçməməsi, hətta təhsil fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi tədbirlər görülməsi gündəmə gələ bilər.

Hesab edirəm ki, akkreditasiyanın əsas üstünlüyü universitetləri yalnız yoxlamaq yox, həm də davamlı inkişafa sövq etməkdir. Universitetlər akkreditasiyanı beş ildən bir keçirilən formal prosedur kimi deyil, gündəlik fəaliyyətlərinin ayrılmaz hissəsi kimi qəbul etməlidirlər. Daxili keyfiyyət təminatı sistemi daim işləməli, tələbələrin və müəllimlərin rəyləri nəzərə alınmalı, aşkar olunan problemlərin həlli üçün konkret addımlar atılmalıdır.

Nəticə etibarilə, akkreditasiyanın uğuru verilən şəhadətnamələrin sayı ilə deyil, bu prosesdən sonra universitetlərdə təhsilin real keyfiyyətinin nə dərəcədə yüksəlməsi ilə ölçülməlidir. Çünki burada əsas diqqət universitetin özündən çox, həmin ali təhsil müəssisəsində təhsil alan tələbələrin və gələcəkdə əmək bazarına daxil olacaq məzunların keyfiyyətli hazırlığının təmin edilməsinə yönəlməlidir”.

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox