Azedu.az

Sertifikasiya maaşlarına təsir etmir - Dünyada müəllimlərin maaş sistemi

Sertifikasiya

3 Noyabr 2026, 14:47
Sertifikasiya maaşlarına təsir etmir - Dünyada müəllimlərin maaş sistemi

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması yalnız bilik və peşə bacarıqlarının yoxlanılması ilə məhdudlaşmır. İmtahanda 51 və daha yüksək bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, 30–50 bal toplayanların maaşına isə 10 faiz əlavə edilir. Bu əlavələrin tətbiqi üçün müəllimin müsahibə mərhələsini də uğurla keçməsi tələb olunur.

Lakin dünyada müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi heç də bütün ölkələrdə əməkhaqqına birbaşa əlavə verilməsi ilə nəticələnmir. Bir sıra dövlətlərdə sertifikatlaşdırma müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququnun təsdiqlənməsi, peşəkar hazırlığın yoxlanılması və karyera inkişafının qiymətləndirilməsi məqsədi daşıyır. Bu ölkələrdə maaş artımı isə əsasən iş stajı, təhsil səviyyəsi, vəzifə, peşəkar təcrübə və əməkhaqqı cədvəlləri əsasında müəyyənləşdirilir.

Bəs hansı ölkələrdə müəllimlərin sertifikasiya imtahanında topladığı bala uyğun olaraq əməkhaqqına avtomatik faiz əlavəsi tətbiq edilmir?

AzEdu.az mövzu ilə bağlı bir sıra ölkələrin təcrübəsini araşdırıb.

Finlandiya

Finlandiyada müəllimlərin peşəkar hazırlığına və ixtisasına xüsusi önəm verilir. Burada müəllim olmaq üçün yüksək akademik hazırlıq tələb olunur və ümumtəhsil məktəblərində çalışan müəllimlərin əksəriyyəti magistr dərəcəsinə malik olmalıdır.

Ölkədə müəllimlərin əməkhaqqı sertifikasiya imtahanında topladıqları bala uyğun hesablanmır. Finlandiya Təhsil İşçiləri Həmkarlar İttifaqının (OAJ) məlumatına görə, müəllimlərin maaşı əsasən tutduqları vəzifəyə, iş təcrübəsinə, peşəkar bacarıqlarına və əlavə məsuliyyətlərinə uyğun müəyyənləşdirilir. Əməkhaqqının formalaşmasında kollektiv əmək müqavilələri mühüm rol oynayır.

Beləliklə, Finlandiyada müəllimin peşəkar hazırlığı və iş keyfiyyəti əməkhaqqına təsir edə bilsə də, sertifikasiya imtahanının nəticəsinə əsasən avtomatik faiz əlavəsi tətbiq edilmir. 

Kanada

Kanadada müəllimlərin sertifikatlaşdırılması ölkə üzrə vahid qaydada deyil, ayrı-ayrı əyalətlərin qanunvericiliyinə uyğun həyata keçirilir. Buna görə də müəllimlərin işə qəbulu, peşə kvalifikasiyası və əməkhaqqı sistemi əyalətlər arasında fərqlənir.

Məsələn, Ontario əyalətində dövlət məktəblərində müəllim işləmək üçün Ontario Müəllimlər Kollecinin (Ontario College of Teachers) sertifikatını almaq tələb olunur. Bunun üçün namizədlər müvafiq ali təhsilə və müəllim hazırlığı proqramına malik olmalıdırlar. Sertifikat müəllimin məktəbdə işləmək üçün peşə tələblərinə cavab verdiyini təsdiqləyir.

Lakin həmin sertifikatın əldə edilməsi imtahan nəticəsinə uyğun olaraq əməkhaqqına avtomatik faiz əlavəsi verilməsi demək deyil. Kanadada maaş məsələsi əyalətin əməkhaqqı qaydalarına, müəllimin təcrübəsinə, təhsilinə və müvafiq əməkhaqqı dərəcəsinə əsasən tənzimlənir. 

Fransa

Fransada müəllimlərin əməkhaqqı müəyyən edilmiş karyera və peşə dərəcələri əsasında formalaşır. Dövlət məktəblərində müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. İşə qəbuldan sonra onların əməkhaqqı tutduqları vəzifəyə, peşə dərəcəsinə və karyera pilləsinə uyğun müəyyənləşdirilir.

Fransa Milli Təhsil Nazirliyinin məlumatına əsasən, müəllimlərin əməkhaqqı karyera ərzində mərhələli şəkildə artır. Müəllimlər müəyyən xidmət müddətini tamamladıqca növbəti əməkhaqqı pilləsinə yüksəlirlər. Bununla yanaşı, bəzi mərhələlərdə peşə fəaliyyətinin qiymətləndirilməsi və müfəttişlərin rəyi irəliləyişin sürətinə təsir göstərə bilər.

Ancaq burada da müəllimin hər hansı sertifikasiya imtahanında topladığı bala uyğun olaraq maaşına avtomatik 10, 20 və ya 35 faiz əlavə edilməsi mexanizmi yoxdur. 

İtaliya

İtaliyada müəllimlərin əməkhaqqı kollektiv əmək müqavilələri ilə müəyyənləşdirilir. Bu sistemdə müəllimin xidmət müddəti maaşın hesablanmasında əsas meyarlardan biridir.

İtaliyanın dövlət sektorunda əmək münasibətlərini tənzimləyən ARAN agentliyinin açıqladığı əməkhaqqı cədvəllərində müəllimlərin maaşları xidmət müddətinə görə fərqləndirilir. Müəllimlər üçün 0–8, 9–14, 15–20, 21–27, 28–34 və 35 ildən artıq xidmət müddətini əhatə edən pillələr nəzərdə tutulur.

Bu yanaşma müəllimin əməkhaqqının peşə fəaliyyətində qazandığı təcrübə ilə əlaqələndirildiyini göstərir. Sertifikasiya imtahanında əldə olunan nəticəyə görə maaşa avtomatik faiz əlavəsi verilməsi isə bu sistemin tərkib hissəsi deyil. 

Cənubi Koreya

Cənubi Koreyada dövlət məktəblərində çalışan müəllimlərin əməkhaqqı dövlət qulluqçuları üçün müəyyən edilmiş maaş cədvəlləri əsasında hesablanır. Burada müəllimlərin xidmət müddətinə uyğun olaraq əməkhaqqı pillələri mövcuddur.

Ölkənin İnsan Resurslarının İdarə Edilməsi Nazirliyinin 2026-cı il üçün açıqladığı rəsmi cədvəldə məktəbəqədər, ibtidai, orta və tam orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları 1-dən 40-a qədər xidmət pilləsi üzrə göstərilib.

Cədvəldən görünür ki, müəllimin xidmət pilləsi yüksəldikcə əməkhaqqı da artır. Bununla belə, müəllimin sertifikasiya imtahanında topladığı bala əsasən əməkhaqqına avtomatik faiz əlavəsi tətbiq olunması nəzərdə tutulmur. 

İngiltərə

İngiltərədə müəllimlərin peşə kvalifikasiyası və əməkhaqqı ayrı-ayrı qaydalarla tənzimlənir. Müəllimlik fəaliyyəti üçün Qualified Teacher Status (QTS) statusunun əldə edilməsi mühüm şərtlərdən biridir. Bu status müəllimin müvafiq peşə tələblərinə cavab verdiyini təsdiqləyir.

Lakin QTS statusunun əldə edilməsi müəllimin əməkhaqqına avtomatik faiz əlavəsi edilməsi demək deyil. İngiltərədə müəllimlərin maaşları müəyyən edilmiş əməkhaqqı diapazonları çərçivəsində formalaşır.

Böyük Britaniya hökumətinin 2026-cı il üçün açıqladığı müəllimlərin əməkhaqqı və iş şəraiti sənədinə əsasən, İngiltərədə maaş artımı müəllimin illik fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqələndirilə bilər. Məktəb rəhbərliyi müəllimin fəaliyyətini nəzərə alaraq onun əməkhaqqı pilləsində irəliləməsi barədə qərar verir.

Beləliklə, İngiltərədə peşə kvalifikasiyasının təsdiqlənməsi ilə əməkhaqqının artırılması fərqli mexanizmlərdir. Burada da sertifikatın və ya imtahan balının nəticəsinə uyğun avtomatik faizli əlavə sistemi tətbiq edilmir. 

Aparılan araşdırma göstərir ki, müqayisə edilən ölkələrdə müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi ilə əməkhaqqının artırılması eyni mexanizm üzərindən həyata keçirilmir.

Finlandiya və İtaliyada kollektiv əmək müqavilələri və iş təcrübəsi, Fransada karyera pillələri və peşə fəaliyyətinin qiymətləndirilməsi, Cənubi Koreyada xidmət dərəcələri, İngiltərədə isə müəllimin illik fəaliyyət göstəriciləri əməkhaqqının formalaşmasında rol oynayır. Kanadada isə bu qaydalar əyalətlərə görə dəyişir.

Burada vacib məqam ondan ibarətdir ki, həmin ölkələrdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi əhəmiyyətsiz hesab olunmur. Əksinə, peşəkar hazırlıq və fəaliyyətin qiymətləndirilməsi müəllimlik peşəsinə qəbuldan başlayaraq karyera inkişafına qədər müxtəlif mərhələlərdə nəzərə alınır. Sadəcə, bu qiymətləndirmə Azərbaycandakı kimi sertifikasiya imtahanında toplanan bala uyğun avtomatik faizli maaş artımı formasında tətbiq edilmir.

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox