Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər.
Onlardan biri də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Cabbar Cabbarlıdır.
Belə ki, o, sertifikasiya imtahanında 58 bal toplayıb.
Cabbar Cabbarlı 29 sentyabr tarixində keçirilən sertifikatlaşdırma imtahanının müsahibə mərhələsində iştirak edib.
AzEdu.az bu münasibətlə Cabbar müəllimin təəssüratlarını öyrənib.
“2022-ci ildə MİQ imtahanında iştirak edərək Biləsuvar şəhəri Nəriman Nərimanov adına 6 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başladım. Sonrakı illərdə Biləsuvar şəhəri 4 nömrəli tam orta məktəbdə və Mübariz İbrahimov adına Biləsuvar Liseyində də fəaliyyət göstərmişəm. Ötən il ikinci dəfə MİQ imtahanında iştirak edərək Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə ikinci iş yeri üzrə fəaliyyətimi davam etdirmişəm. Bu il sertifikasiya imtahanında da iştirak etdim və 58 bal topladım. İxtisas üzrə 50, kurikulum üzrə isə 8 bal toplamışam.
Qeyd edim ki, 2013-cü ildə məktəbi bitirərkən rayonda yüksək nəticə göstərən şagirdlərdən biri olduğum üçün həmin il Prezidentin cənub bölgəsində yüksək bal toplayan gənclərlə görüşündə də iştirak etmişəm.
Test mərhələsində həm asan, həm də çətin suallar var idi. Suallar çətinlik səviyyəsinə görə müəyyən ardıcıllıqla hazırlanmışdı. Əvvəldə daha asan, sona doğru isə daha çətin suallar təqdim olunmuşdu. Düşünürəm ki, suallar imtahan üçün ayrılmış vaxta uyğun tərtib edilmişdi. Suallar daha çətin olsaydı, vaxtı çatdırmaq baxımından problem yarana bilərdi”.
Kurikulum üzrə suallar da uyğun idi və əsasən məntiqi düşünməyə əsaslanırdı:
“Sertifikasiya imtahanındakı riyaziyyat sualları MİQ imtahanı ilə müqayisədə o qədər çətin olmasa da, düşündürücü suallar var idi. Bəzi suallar üzərində müəyyən qədər vaxt sərf etmək və diqqətli olmaq tələb olunurdu. Hətta bir sual var idi ki, əvvəlcə onu düzgün başa düşmədim. Daha sonra şərtə bir daha nəzər yetirdim və əslində başqa məqamın soruşulduğunu gördüm. Bundan sonra məsələni həll edə bildim.
Müsahibə mərhələsində müəllimlərə fərq qoyulmadan qiymətləndirmə aparılırdı. Mənə ixtisasımla, sinifdə dərsin təşkili və qiymətləndirmə ilə bağlı suallar verildi. Situativ sual verilib-verilmədiyini dəqiq xatırlamıram, amma mənə konkret situativ sual təqdim olunmadığını düşünürəm.
İxtisasla bağlı bizə müəyyən mövzular verilmişdi və həmin mövzulardan biri üzrə danışmalı idik. Mən kvadrat tənliklər mövzusunu seçdim.
Orada dərsi tam şablon şəkildə necə təşkil etdiyimi deyil, kvadrat tənliklərin həlli ilə bağlı fərqli bir yanaşmanı izah etdim. Məsələn, dərsliklərdə kvadrat tənliyin həlli əsasən diskriminant vasitəsilə izah olunur. Lakin köklər rasional ədədlər olduqda bəzi kvadrat tənlikləri diskriminantdan istifadə etmədən daha rahat həll etmək mümkündür. Köklər irrasional olduqda isə diskriminant üsulundan istifadə etmək daha məqsədəuyğundur.
Düşünürəm ki, bu yanaşmam məni digər namizədlərdən fərqləndirən məqamlardan biri ola bilər. Müsahibəyə hazırlaşırdım. Lakin artıq məktəblərdə tədris prosesi başladığı üçün dərslərlə yanaşı hazırlaşmaq müəyyən çətinliklər yaradırdı. Buna baxmayaraq, imkanım daxilində hazırlaşmağa çalışırdım.
Hazırda Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə çalışıram.
Bu il iş yerlərində müəyyən dəyişiklik oldu. Ötən il həm Nəriman Nərimanov adına 6 nömrəli tam orta məktəbdə, həm də Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərirdim. Hazırda isə əsas fəaliyyət yerim Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdir. Burada yeni tədris, təmayül tədris modeli tətbiq olunur.
Məncə, müəllimlər mövzuları son ana saxlamamalıdırlar. Vaxtında, az da olsa, nəyisə öyrənməyə çalışmalı və öz biliklərini daha da dərinləşdirməlidirlər. Hazırda nəyisə öyrənmək üçün imkanlar əvvəlki dövrlərlə müqayisədə daha genişdir. Müxtəlif platformalarda yeni suallar paylaşılır və imtahanlarda da fərqli suallarla qarşılaşmaq mümkündür.
Ona görə də mümkün qədər müxtəlif tipli misal və məsələlərlə tanış olmağa çalışmaq lazımdır. Nə qədər çox məsələ ilə tanış olsanız, onları həll etmək də bir o qədər rahat olacaq.
İmtahan zamanı həyəcanı idarə etmək üçün isə əvvəlcədən özlərinə imtahan şəraiti yaratmalarını tövsiyə edərdim. Vaxt müəyyənləşdirib imtahan formatında suallar həll etsinlər. Beləliklə, həm sualları həll etmək vərdişi formalaşar, həm də vaxta nəzarət etməyi öyrənərlər. Hazırlıq zamanı yalnız sualların həllinə deyil, vaxt amilinə də diqqət yetirmək lazımdır.
Sertifikasiya imtahanına müsbət yanaşıram. Düşünürəm ki, bu proses müəllimlərin öz üzərlərində işləməsinə və biliklərini inkişaf etdirməsinə kömək edir”.