"Dünyanın əksər ölkələrində gənc alimlərin inkişaf istiqamətinə atılan addımları biz diqqətlə izləyirik və baxırıq ki, ikipilləli doktorantura sistemi gənc alimlərin qarşısına çıxan ən böyük sədlərdən biridir".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev söyləyib.
O, qeyd edib ki, bəzi hallarda doktoranturaya qəbul olunanlar sadəcə fəlsəfə doktoru olmaqla kifayətlənirlər və sonrakı mərhələni demək olar ki, həvəssiz yanaşırlar:
"Bizdə hazırda gənc alimlərin inkişaf etdirilməsi istiqamətində sanki sədd çəkilib. Bu, Sovet sistemindən qalmış ikipilləli doktorantura sistemidir. Dünyanın əksər ölkələrində gənc alimlərin inkişaf istiqamətinə atılan addımları diqqətlə izləyirik. Görürük ki, ikipilləli doktorantura sistemi gənc alimlərin qarşısına çıxan ən böyük maneələrdən biridir.
Magistratura üzrə hər hansı ixtisası bitirən gənclərimiz alimlik yolunda addımlamağı düşünürsə, o, bir neçə mərhələdən keçməlidir: ilk növbədə, "fəlsəfə doktoru" olmaq üçün imtahan verməli, daha sonra bu istiqamətdə dissertasiya müdafiə edib "fəlsəfə doktoru" adını qazanmalıdır.
Növbəti dörd illik müddətdən sonra da ixtisas üzrə elmlər doktoru üçün çalışmalıdır. Bu elmi ad üçün də müəyyən qədər vaxt tələb olunur. Bütün bunların yekunu olaraq, bir gəncin gələcəkdə alim kimi yetişməsi üçün həm illərini verməli olduğunu, həm də ciddi şəkildə əziyyət çəkdiyini görürük.
Ona görə də bəzi hallarda doktoranturaya qəbul olunanlar sadəcə fəlsəfə doktoru olmaqla kifayətlənirlər və sonrakı mərhələni demək olar ki, həvəssiz yanaşırlar. Niyə həvəssiz yanaşır? Çünki artıq dörd il keçən fəlsəfə doktoru olan pillə bu gənc üçün ciddi bir həm vaxt itkisinə səbəb olur, həmçinin də ciddi bir əziyyət orqanı və bu əziyyəti görən gənc növbəti elmlər doktoru istiqamətində addımlamağa çalışmır".
Dünya təcrübəsində birpilləli doktorantura tədris forması mövcuddur:
"İlin çoxluğu insanın gözündə böyük bir ağırlıq formalaşdırır. Həmçinin də hər iki istiqamətdə ciddi səy göstərmək, əziyyət çəkmək və müdafiə etmək mərhələsi dayanır.
Amma biz dünya təcrübəsinə diqqət yetirdiyimizdə birpilləli doktorantura sisteminin mövcudluğunu görürük. Qəbul almış namizəd əvvəlcə doktorantura səviyyəsini bitirərkən birbaşa doktor dərəcəsi almış olur. Yəni, bircə dəfə müdafiə edir, bunun əziyyətini də bircə dəfə çəkir. Növbəti mərhələdə isə sonra artıq öz tədqiqat işləri ilə məşğul olur, öz elmi nəzəri biliklərinin inkişaf etdirilməsi istiqamətində səy göstərir.
Amma bizdə doktorantın əmək bazarına inteqrasiyası - universitetlərdə müəllim kimi fəaliyyət göstərməsi və yaxud da akademik karyeranın inkişaf etdirilməsi istər-istəməz bir problemə çevrilir. Amma təkpilləli doktoranturada bir dəfə o əziyyəti çəkərək, dərəcəni alıb, digər sahələri, tədqiqat işləri və sair öz karyeranın inkişafına həsr edirsən.
Təhsil sahəsində inkişaf etmiş ölkələrin əksəriyyətində təkpilləli doktorantura sistemidir. Sovet cəmiyyətindən qalan bir düşüncə, ideologiya hələ də bizdə ikipilləli doktoranturanın davam etdiyini göstərir. İkipilləli doktoranturada istər-istəməz gənc alimlərin inkişafını, gənc alimlərin sayının çoxalmasının qarşısını alır.
Universitetlər gördüyünüz kimi sürətlə inkişafdadır, sayları artır, peşə təhsilində maraq çoxalmaqdadır. Təhsil sahəsi bu cür inkişaf etdikcə müəyyən yaş həddində olan alimlərimizin əmək müqaviləsi, əmək yaşı çatdığı təqdirdə onların yerini doldura biləcək gənc alimlərin əlbəttə ki, çoxalması mütləqdir. Bu da istər-istəməz gənc alimlərin çoxalmasına, inkişafına müəyyən qədər mənfi təsir göstərir. Ona görə düşünürəm ki, təkpilləli doktorantura sistemini mütləq keçməliyik.
Bizim buradakı təklifimizin təkpilləli olmaqda məqsədi nədir? Yəni fəlsəfə doktoru, bir də elmlər doktoru - ikipilləli idi. İndi elmlər doktoruna sadəcə qəbul dayandırılıb. Bu davam edəcəkmi, etməyəcəkmi - biz bilmirik; edərsə, artıq yenə də ikipilləliyə keçmiş olacaq.
Təkpilləli sistemlə əsas istədiyimiz fəlsəfə doktoruna ehtiyacın olmamasıdır. Yəni fəlsəfə doktoruna nə ehtiyac var ki?! Ondansa, təkpilləli sistemlə birbaşa elmlər doktoru olsun.
Amma bizim istədiyimiz beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etmiş ölkələrdə olduğu kimi fəlsəfə doktoruna ehtiyacın olmamağıdır. Misal üçün, tarix elmləri doktoru, filologiya elmləri doktoru, coğrafiya elmləri doktoru, iqtisadiyyat üzrə elmlər doktoru".