Azərbaycanda ingilis dilində yazı bacarıqlarının yoxlanılması və inkişaf etdirilməsinə dəstək məqsədilə süni intellekt əsaslı yeni platforma hazırlanıb.
OPSC adlı proqram şagirdlərin şəkillər əsasında yazdıqları hekayələri və fikir paraqraflarını yoxlayır, səhvləri Azərbaycan dilində izah edir, həmçinin yazı bacarıqlarının təkmilləşdirilməsi üçün əlavə məşqlər təqdim edir.
Platformanın müəllifi ingilis dili müəllimi, təhsil eksperti, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi və 2015-ci ildə Global Teacher Prize mükafatının dünyanın ən yaxşı 50 müəllimi siyahısına daxil edilmiş Məhəmməd Qarakişiyevdir.
Bu barədə Məhəmməd Qarakişiyev AzEdu.az-a danışıb.

"Müəllif hüquqlarının qorunması nəzərdə tutulan OPSC (Opinion Paragraph and Story Checker - fikir paraqrafı və şəkillər əsasında hekayə yoxlayıcısı) proqramını hazırladım və ilk dəfə müəllimlərə, abituriyentlərə və tələbələrə təqdim etdim.
Bildiyimiz kimi, sürətlə dəyişən dünyamızda texnologiyanın inkişafı xarici dillərin öyrənilməsinə yeni imkanlar açır. Bu gün ingilis dilinin öyrənilməsini dəstəkləyən müxtəlif proqram və rəqəmsal platformalar mövcuddur. Bu vasitələr öyrənənlərə söz ehtiyatını artırmaq, qrammatik biliklərini möhkəmləndirmək, dinləmə, danışıq və yazı bacarıqlarını inkişaf etdirmək imkanı verir. Süni intellektin tədrisə inteqrasiyası isə fərdi ehtiyaclara uyğun məşqlərin və izahların təqdim olunmasını daha əlçatan edir.
Bu inkişaf fonunda müşahidə etdim ki, ingilis dilində yazı bacarığının təkmilləşdirilməsi xüsusi diqqət tələb edir. Dil öyrənənlər üçün yalnız düzgün cümlə qurmaq deyil, fikirlərini aydın ifadə etmək, əsaslandırmaq və məntiqi ardıcıllıqla təqdim etmək də vacibdir. Buna görə də düşündüm ki, yazını qiymətləndirən proqram səhvləri göstərməklə yanaşı, onların səbəbini izah etməli və növbəti addımı müəyyənləşdirməyə kömək etməlidir.
Azərbaycanda ingilis dili üzrə imtahanlara hazırlıqda yazı bacarıqlarının inkişafı xüsusi əhəmiyyət daşıyır. Dövlət İmtahan Mərkəzinin (DİM) IX siniflər üçün buraxılış imtahanlarında istifadə etdiyi üç şəkil əsasında hekayə qurma tapşırığı şagirddən təsvirlər arasındakı əlaqəni anlamağı, hadisələri məntiqi ardıcıllıqla təqdim etməyi və fikirlərini ingilis dilində yazılı şəkildə ifadə etməyi tələb edir. Bu tapşırıqda söz ehtiyatı və qrammatik biliklərlə yanaşı, müşahidə, təxəyyül və əlaqəli mətn qurmaq bacarıqları da önə çıxır.
2027-ci ildə ilk dəfə XI sinif buraxılış imtahanlarında tətbiq olunacaq fikir paraqrafı — “opinion paragraph” tapşırığı isə şagirdin verilmiş mövzuya münasibət bildirməsini, mövqeyini səbəb və nümunələrlə əsaslandırmasını və fikrini yekunlaşdırmasını tələb edir. Hesab edirəm ki, belə yazı tapşırıqlarına hazırlıq əzbərlənmiş cümlələrlə məhdudlaşmamalıdır. Şagird öz fikrini formalaşdırmağı, onu aydın və əsaslandırılmış şəkildə təqdim etməyi öyrənməlidir.
Məhz bu səbəbdən həm IX, həm də XI sinif şagirdlərinin yazı bacarıqlarının DİM standartlarına uyğun yoxlanılmasına dəstək vermək məqsədilə uzun müddətdir üzərində işlədiyim OPSC - Opinion Paragraph and Story Checker proqramını hazırladım və ilk dəfə müəllimlərə, abituriyentlərə və tələbələrə təqdim etmək qərarına gəldim. OPSC-ni Azərbaycanda ilk fikir paraqrafı və şəkillər əsasında hekayə yoxlama platforması kimi təqdim edirəm. Məqsədim şagirdin yazdığı mətnə sadəcə qiymət vermək deyil, həmin mətni onun üçün öyrənmə vasitəsinə çevirmək idi. İzahların Azərbaycan dilində təqdim olunmasını da buna görə vacib hesab etdim: şagird ingilis dilində etdiyi səhvin səbəbini ana dilində aydın başa düşməlidir.
OPSC proqramını yaratmağımda əsas motivasiya ingilis dilində yazı bacarıqlarının inkişafına real dəstək vermək ehtiyacı oldu. Çünki şagird üçün yazı tapşırığını yerinə yetirmək və bal almaq kifayət deyil, o, harada səhv etdiyini və yazısını necə yaxşılaşdıra biləcəyini də bilməlidir. Digər tərəfdən, müəllimin hər bir şagirdin yazısını ətraflı yoxlaması, səhvləri izah etməsi və əlavə məşqlər hazırlaması çox vaxt tələb edir.
Mən OPSC-ni məhz bu ehtiyaclara uyğun məşq imkanı yaradacaq şəkildə qurdum. Hazırladığım platformada şəkillər əsasında yazılmış hekayənin təsvirlərə uyğunluğu və hadisələrin ardıcıllığı, fikir paraqrafında isə mövqenin aydınlığı, əsaslandırılması və mətnin təşkili üzrə ətraflı rəy təqdim olunur. Səhvlərin Azərbaycan dilində izahını və həmin səhvlər üzərində əlavə məşqləri sistemə daxil etdim ki, şagird yazısını təkmilləşdirə bilsin, müəllim isə hazırlıq prosesini daha məqsədyönlü təşkil etsin.
Proqramı necə hazırladım?
OPSC-nin pedaqoji əsasını yazı tapşırıqlarının tələbləri, qiymətləndirmə meyarları və şagirdə verilən izahların anlaşıqlı olması üzərində qurdum. Bu layihədə əsas töhfəm qiymətləndirmə rubrikasını və rəy üslubunu formalaşdırmaq oldu. Bu yanaşmanı süni intellektin imkanları ilə birləşdirərək yazının təqdim edilməsi, yoxlanılması, səhvlərin izahı və mətnin yenidən işlənməsi ardıcıllığını yaratdım.
Platformada müxtəlif yazı tapşırıqları üçün ayrıca yoxlama imkanları nəzərdə tutdum. Fikir paraqrafında mövqenin əsaslandırılması, şəkillər əsasında yazılmış hekayədə hadisələrin ardıcıllığı, məktubda isə məqsədə və üsluba uyğunluq qiymətləndirilir. Bundan əlavə, IELTS kimi beynəlxalq imtahanların akademik yazı tapşırıqlarını yoxlamaq və qiymətləndirmək imkanı da yaradılıb.
Şagirdlərin dəftərdə işləmək vərdişini də nəzərə alaraq həm klaviatura ilə yazılmış mətnin, həm də əlyazmanın şəklinin təqdim olunması imkanına yer verdim. Səhvlər əsasında fərdi məşqlər və mətnin əvvəlki variantı ilə yenilənmiş variantının müqayisəsi funksiyalarını isə bu prosesi davamlı öyrənməyə yönəltmək üçün əlavə etdim.
Proqramın təhsilə hansı töhfələri olacaq?
OPSC ilə vermək istədiyim əsas töhfə şagirdlərin öz yazılarına düşünərək yanaşmasına və daha müstəqil öyrənməsinə kömək etməkdir. İnanıram ki, şagird səhvinin izahını oxuyub öyrəndiyi qaydanı yeni nümunədə tətbiq etdikdə yazısını təkmilləşdirmək üçün konkret istiqamət əldə edəcək. Bu imkan müntəzəm yazı məşqlərini və özünüqiymətləndirməni dəstəkləyəcək.
Platformanın müəllimlər üçün də faydalı köməkçi olacağını düşünürəm. Hətta proqramı sınaqdan keçirən bəzi müəllimlər onu artıq “Digital Assistant Teacher” - “Rəqəmsal köməkçi müəllim” adlandırırlar. Yazılardakı səhvlərin ilkin təhlili və DİM meyarları əsasında balın hesablanması müəllimlərin yoxlama işini xeyli asanlaşdıracaq. Eyni zamanda, bu proqram müəllimlərə şagirdlərinin fikir qurmasına, əsaslandırmasına və fərdi çətinliklərinə daha çox diqqət ayırmaq imkanı verəcək.
Gələcəkdə OPSC proqramına bir sıra yeni funksiyalar əlavə etməyi planlaşdırıram. Əsas gözləntim proqramın ingilis dilində yazı məşqlərini hər kəs üçün daha əlçatan və məqsədyönlü etməsidir. Bu töhfənin real miqyasını müəyyənləşdirmək üçün isə platformanın nəticələrini müəllim qiymətləndirmələri və şagirdlərin zaman ərzində göstərdiyi irəliləyişlə müqayisə etməyi nəzərdə tuturam.
Sonda qeyd etmək istərdim ki, hazırladığım proqramın mobil versiyasını artıq Google Play-dən (Play Market) yükləyərək telefonunuzda rahat şəkildə istifadə edə bilərsiniz".