Azedu.az

"Kompüterdən istifadə edə bilməyən müəllim məktəbə buraxılmamalıdır” - Sabiq nazirlə MÜSAHİBƏ

Rubrika

29 Sentyabr 2026, 15:44
"Kompüterdən istifadə edə bilməyən müəllim məktəbə buraxılmamalıdır” - Sabiq nazirlə MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalının “Təhsil Resepti” adlı rubrikasına davam edir. 

Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən  ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni  oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?

Rubrikamızın növbəti qonağ sabiq maliyyə naziri, professor Saleh Məmmədovdur. 

Müsahibəni təqdim edirik:

- Saleh müəllim, keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Sizcə, bu nüfuzu yaradan sistem idi, yoxsa cəmiyyətin müəllimə baxışı?

- Hər ikisinin rolu var idi. Cəmiyyət müəllimi biliyin, mədəniyyətin və düzgün davranışın daşıyıcısı kimi qəbul edirdi. Müəllim yalnız uşağa dərs keçmir, ailəyə məsləhət verir, yaşadığı mühitin düşüncəsinə təsir göstərirdi. Sistem də onun mövqeyini müəyyən dərəcədə qoruyurdu. Müəllimin maddi təminatı da nisbətən daha yüksək idi. O vaxt bir müəllimin orta əmək haqqı məmurun orta əmək haqqından xeyli çox idi, indi isə bir neçə dəfə azdır. Sovet dövründə professor kimi mənim əmək haqqım nazirin əmək haqqından 30 faiz çox idi, indi isə 6–7 dəfə azdır. Bununla belə, keçmişi bütövlükdə ideallaşdırmaq tərəfdarı deyiləm: müəllimə hörmətlə vəzifədən və cəzadan qorxmağı bir-birindən fərqləndirməliyik.

Bu gün biliyə çıxış imkanları tamamilə dəyişib. Şagird müəllimin dediyini dərhal yoxlaya, başqa izahlarla müqayisə edə bilər. Belə şəraitdə müəllimin nüfuzu onun məlumat üzərində inhisarından yarana bilməz. Nüfuzu yaradan dərin bilik, ədalət, izah etmək bacarığı və yeniliyə açıqlıqdır.

Məncə, müəllimin nüfuzunu bərpa etmək üçün onun əməyini layiqincə qiymətləndirməli, peşəkar müstəqilliyini gücləndirməli və davamlı öyrənməsinə şərait yaratmalıyıq. Əvvəllər beş il ərzində dövlət hesabına ixtisasartırma kursu keçməyən müəllim növbəti mərhələdə dərsə buraxılmırdı. Müəllimin özü də hər gün inkişaf etməlidir, dövlət isə bunun üçün minimum zəruri şəraiti təmin etməlidir. Məsələn, Sinqapurda müəllim hər il məzuniyyətinin bir ayını istədiyi xarici ölkədəki məktəblərdə dövlət hesabına təcrübə mübadiləsinə həsr edə bilər.

- Bəs, kənardan baxanda sizcə Azərbaycan təhsil sisteminin ən böyük çatışmayan tərəfi nədir?

- Mənim qiymətləndirməmə görə, ən böyük çatışmazlıq təhsilin dünyadakı elmi və texnoloji dəyişmə sürətindən geri qalmasıdır. Bundan daha zərərli vəziyyət ola bilməz. İnformasiya axını o qədər sürətlidir ki, ondan səmərəli istifadə üçün çevik tədbirlər görülməlidir. 2000-ci ildə cəmi 0,5 zetabayt informasiya yaranırdısa, 2025-ci ildə bu göstərici 181 zetabata çatıb. Süni intellekt erası başlayıb, amma təhsilimiz bu dövrə sistemli şəkildə hazır deyil. Elm sahəsindəki hazırlıq və tədqiqat imkanları isə məni daha çox narahat edir. Halbuki bu texnoloji dönüşün əsasında məhz elm, riyaziyyat, məlumat və hesablama dayanır.

Təhsil, elm və real iqtisadiyyat arasında güclü əlaqə qurulmalıdır. Tələbə nəzəriyyəni öyrənməklə yanaşı, məlumat toplamalı, model qurmalı, nəticəni yoxlamalı və onun hansı problemi həll etdiyini anlamalıdır. İqtisadiyyat oxuyan gənc yalnız inflyasiyanın tərifini söyləməməli, qiymət məlumatlarını təhlil edərək dəyişmənin səbəblərini araşdırmalıdır. Bütün təhsil müəssisələrində informasiya modelləşməsi, süni intellektin də əsasını təşkil edən mühüm istiqamət kimi, gündəlik öyrənilən sahələrdən biri olmalıdır.

Müşahidələrim zamanı müəllimlər və idarəçilər arasında ciddi rəqəmsal bacarıq boşluqları ilə qarşılaşıram. Bunun ölkə üzrə miqyasını obyektiv qiymətləndirmək üçün ölçmə aparılmalıdır. Lakin problemin mövcudluğunu görmək üçün onun daha da böyüməsini gözləmək lazım deyil.

Keçən əsrin əvvəlində savadsızlıq insanın yazıb-oxuya bilməməsi ilə ölçülürdü. Bu gün isə savad anlayışı genişlənib. Rəqəmsal mühitdə işləyə, məlumatı yoxlaya və süni intellektdən şüurlu istifadə edə bilməmək insanın imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Diplom insanı yeni dövrün savadsızlığından avtomatik qorumur.

- Bugünkü məktəblərlə sizin dövrünüzün məktəbləri arasında ən ciddi fərqi nədə görürsünüz?

- Ən böyük fərq biliyə çıxış imkanlarıdır. Bizim dövrümüzdə dərslik, müəllim və kitabxana əsas mənbələr idi. Bu gün şagird dünya universitetlərinin materiallarına, virtual laboratoriyalara və Sİ vasitələrinə çıxış əldə edə bilər. Ancaq imkanın yaranması onun səmərəli istifadəsi demək deyil.

Əvvəllər əsas çətinlik məlumat tapmaq idi. İndi doğru məlumatı seçmək, onu anlamaq və tətbiq etməkdir. Məktəbin vəzifəsi də buna uyğun dəyişməlidir.

Mən Sİ savadlılığının birinci sinifdən, ilkin anlayışların isə hətta uşaq bağçasından verilməsinin tərəfdarıyam. Bu gün inkişaf etmiş dünyada hər yerdə belədir. Bağçada bu, uşağı ekran qarşısında oturtmaq demək deyil. Oyunlarla ardıcıllıq qurmaq, əşyaları xüsusiyyətlərinə görə qruplaşdırmaq, insanla maşının fərqini anlamaq mümkündür. İbtidai sinifdə uşağa texnologiyanın səhv edə biləcəyini, şəxsi məlumatını qorumalı olduğunu öyrətmək olar. Sonrakı mərhələlərdə məlumat təhlili, proqramlaşdırma və modelləşdirməyə keçmək mümkündür.

Sinqapurun yanaşmasında da ibtidai pillədə gündəlik həyatda Sİ-ni anlamağa və ona düşünülmüş münasibətə yer verilir; kiçik yaşlarda vasitələrdən istifadə müəllim nəzarəti ilə təşkil olunur. Bu, erkən başlanğıcla yaşa uyğun tədrisin bir-birini tamamladığını göstərir.

- Təhsilin bugünkü sağlamlıq durumunu necə qiymətləndirirsiniz: reanimasiya vəziyyəti, orta-ağır, yoxsa stabil?

- Bu variantlardan birini seçməli olsam, Sİ erasına hazırlıq baxımından “orta-ağır” deyərdim. Bu, tibbi diaqnoz deyil, mənim sistemin dəyişiklik ehtiyacını ifadə edən qiymətləndirməmdir. Güclü müəllimlərimiz, istedadlı şagirdlərimiz və uğurlu təşəbbüslərimiz var. Buna görə bütün təhsili “reanimasiya vəziyyətində” adlandırmaq həmin əməyə qarşı ədalətsizlik olar. Amma “stabildir” deyib arxayınlaşmaq da doğru deyil.

Ən təhlükəli əlamət geriliyin adi hal kimi qəbul edilməsidir. Müəllim və ya rəhbər yeni texnologiyanı bilməyə bilər; ona öyrənmək imkanı yaratmaq lazımdır. Lakin bilmədiyini öyrənmək əvəzinə yeniliyi qadağan etməsi artıq idarəetmə problemidir.

Mənə müəllimin tədrisə Sİ mövzularını və bu sahədə dövlət strategiyasını daxil etməsinə görə cəzalandırıldığı barədə məlumatlar məlumdur. Belə məlumatlar obyektiv araşdırılmalıdır. Əgər cəzanın səbəbi məhz bu yeniliyi tədris etmək olubsa, bu, olduqca ciddi ziddiyyətdir.

Prezidentin 19 mart 2025-ci il sərəncamı ilə təsdiqlənən Sİ Strategiyası tədqiqatların təşviqini və ixtisaslı kadr potensialının gücləndirilməsini məqsəd kimi müəyyənləşdirir. Təhsil müəssisəsi həmin istiqamətdə çalışan müəllimi dəstəkləməli və mükafatlandırmalıdır, əksinə, belə halların baş verməsi yolverilməzdir, süni intellektin atom bombasından da təhlükəli olduğu barədə təbliğata qətiyyən yol vermək olmaz.

- Keçmiş nəslin müəllimlərindən bu günə örnək ola biləcək hansı yanaşmalar hələ də yaşayır?

- Ən qiymətli irs tələbəyə məsuliyyət hissi, peşəyə sədaqət və insanın inkişafına inamdır. Yaxşı müəllim uşağın bugünkü cavabından daha çox onun sabah kim ola biləcəyini düşünürdü. Bu yanaşma bu gün də dəyərini saxlayır. Şagirdə şəxsiyyət kimi baxan müəllimlərimin hamısı böyük irs qoyub gedib.

Tələbkarlıq da qorunmalıdır, amma tələbkarlığın mənası uşağı qorxutmaq deyil. Şagird bilməlidir ki, müəllim ondan nəticə gözləyir və həmin nəticəyə çatmaq üçün yanında olacaq. Şagirdi özü səviyyəsində görən, şagirdlə gələcəyin şəxsiyyəti kimi münasibət quran müəllimlərin yanaşması mənim də iş təcrübəmə təsir edib. Ədalətli qiymətləndirmə, sözlə davranışın uyğunluğu, zəif oxuyan uşağı alçaltmamaq bütün dövrlərdə müəllimliyin əsaslarıdır.

Keçmişdən insan münasibətinin dərinliyini götürməli, onu müasir elmin imkanları ilə zənginləşdirməliyik. Sİ müəllimə müxtəlif səviyyəli tapşırıqlar hazırlamaqda və izah yollarını çoxaltmaqda kömək edə bilər. Uşağın özünə inamını qorumaq və onun şəxsiyyətinə hörmət göstərmək isə müəllimin məsuliyyətidir. Yəhudi anaların uşaqları tərbiyə etmə üsulları çox yaxşı nümunə ola bilər, bu, qədər yəhudi dahiləri anadan belə doğulmur, onları müəllimləri və valideynləri yetişdirir.

- Bugünkü gənclərdə sizi ümidləndirən hansı keyfiyyətləri görürsünüz?

- Məni onların yeniliyə marağı, dünyaya açıqlığı və texnologiyanı sınamaqdan çəkinməməsi ümidləndirir. Bir çox gənc xarici dillərdə mənbələrə baxır, müxtəlif ölkələrin təcrübəsini müqayisə edir, öz təşəbbüsü ilə yeni vasitələri öyrənir.

Amma telefondan çevik istifadə etmək hələ rəqəmsal savadlılıq deyil. Əsas məsələ texnologiya ilə nə yaratmaqdır. Gənc süni intellektə sual verə bilər, lakin aldığı cavabın düzgünlüyünü necə yoxladığını da izah etməlidir. Eyni zamanda, süni intellekt platformalarının necə yaradıldığı barədə düşünməli və bu texnologiyanın iş prinsipini anlamağa çalışmalıdır.

Bu marağı elmi düşüncəyə çevirməliyik. Mən hesab edirəm ki, tədqiqat mədəniyyəti orta məktəbdən başlanmalıdır. Şagird məktəbin su sərfini ölçə, yaşadığı ərazidə səs-küy səviyyəsini müqayisə edə, ailə büdcəsində qiymət dəyişmələrini araşdıra bilər. Süni intellekt ona məlumatları qruplaşdırmaqda və sadə model qurmaqda kömək edə bilər. Nəticəni isə şagird özü anlamalı və müdafiə etməlidir.

Süni intellekt o qədər inkişaf edib ki, hətta birinci sinif şagirdi də onun köməyi ilə sadə model qura və müəyyən proqramlar hazırlaya bilər. Amma bunun imkanlarını və məhdudiyyətlərini müəllim və təhsil idarəçiləri də yaxşı anlamalıdır.

Elmi düşüncəni məktəbə gətirmək uşağa alim titulu vermək deyil, ona sübutlarla düşünməyi öyrətməkdir.

- Təhsil prosesinin cəmiyyətin ziyasına çevrilməsi üçün hansı fərdi düsturlarınızı təklif edərdiniz?

- Mənim düsturum belədir: “maraq, elmi düşüncə, yaradıcılıq və ictimai məsuliyyət”.

Maraq sual doğurur. Elmi düşüncə cavabı yoxlamağı öyrədir. Yaradıcılıq yeni həll tapmağa imkan verir. İctimai məsuliyyət isə həmin həllin kimə və necə fayda verəcəyini düşündürür.

Bu düsturu dərsdə çox sadə tətbiq etmək olar. Hər mövzu üzrə tələbə üç suala cavab versin: “Bunu haradan bilirik?”, “Bunu necə yoxlaya bilərik?”, “Bu biliklə hansı problemi həll edə bilərik?” Ardınca kiçik bir layihə hazırlasın.

Məsələn, dərsdə tələbə nəqliyyat sıxlığını araşdırırsa, yalnız problemdən danışmasın. Məlumat toplasın, iş saatlarının dəyişməsi və distant iş kimi ssenariləri müqayisə etsin, hesablamanın məhdudiyyətlərini göstərsin. Əgər problem çıxırsa, dərhal süni intellekt platformalarına müraciət etsin. Bu proqramlara sanki yüzlərlə Nobel mükafatçısının beyni yerləşdirilib.

Universitetlər və məktəblər cəmiyyətin problemlərinin araşdırıldığı açıq mühitlərə çevrilməlidir. Bilik auditoriyanın divarları arasında qalmamalıdır. Təhsilin işığı onun insanların həyatında yaratdığı dəyişiklikdə görünür.

- Əgər təhsil sisteminə kənardan bir resept verməli olsaydınız, ilk hansı problemi həll etməyi tövsiyə edərdiniz?

- İlk addım kimi müəllimlərin və təhsil rəhbərlərinin rəqəmsal və Sİ bacarıqlarının inkişafını seçərdim. Çünki yeni proqramı həyata keçirəcək, texnologiyanı dərsə gətirəcək və şagirdə istiqamət verəcək insan müəllimdir. Rəhbərliyin hazırlığı isə müəllimin təşəbbüsünə şərait yaradılıb-yaradılmayacağını müəyyənləşdirir.

Mən “Milli rəqəmsal və Sİ savadlılığı proqramı” təklif edərdim. Onun başlanğıc mərhələsində real bacarıqlar ölçülməli, sonra ehtiyaca uyğun pulsuz praktiki təlimlər keçirilməlidir. Müəllimə təlim üçün vaxt, texniki imkan və metodik dəstək yaradılmalıdır.

Nəticə sertifikatların sayı ilə ölçülməməlidir. Müəllim Sİ ilə dərs materialı hazırlaya, yanlış cavabı aşkar edə, mənbəni yoxlaya və şagird məlumatlarını qoruya bilirmi? Rəhbər texnoloji layihənin faydasını və risklərini qiymətləndirə bilirmi? Əsas göstəricilər bunlardır.

UNESCO müəllimlər üçün insanmərkəzli yanaşma, etika, Sİ-nin əsasları, pedaqoji tətbiq və peşəkar inkişafı əhatə edən bacarıq çərçivəsi hazırlayıb. Bu çərçivə milli proqramımıza metodik dayaq ola bilər.

Finlandiyanın Helsinki Universiteti və tərəfdaşlarının hazırladığı açıq, pulsuz “Elements of AI” kursu da geniş əhali üçün belə maarifləndirmənin mümkün olduğunu göstərir. Azərbaycanca, yerli nümunələrə əsaslanan proqram yaratmalıyıq.

Süni intellektdən mahir istifadə edə bilən birinci sinif şagirdi kompüterə daxil ola bilməyən bir professordan xeyli üstünlüyə malikdir. Kompüterdən istifadə edə bilməyən bir professorun və ya müəllimin təhsil ocaqlarına buraxılması böyük qəbahətdir.

- Çox vaxt savadla ziyalılığı səhv salırıq. Sizcə, bugünkü təhsilimiz sadəcə “diplomlu mütəxəssis” yetişdirir, yoxsa həqiqi “ziyalı”? Bu balansı bərpa etmək üçün təhsilə hansı maddəni əlavə etməliyik?

- Hər ikisini yetişdirən nümunələr var. Amma məncə, təhsilimizin qiymətləndirmə mexanizmlərində balın, diplomun və formal göstəricinin çəkisi həddən artıq böyükdür. İnsanın düşüncə müstəqilliyi, vicdanı və ictimai məsuliyyəti isə arxa planda qala bilir.

Savad insanın nə bildiyini göstərir. Ziyalılıq bildiklərindən necə və hansı məqsədlə istifadə etməsində üzə çıxır. Yüksək ixtisaslı mütəxəssis olmaq çox qiymətlidir, lakin ziyalılıq əlavə məsuliyyət tələb edir: həqiqətə sədaqət, başqasının haqqına hörmət və cəmiyyətin probleminə laqeyd qalmamaq.

Təhsilə əlavə edəcəyim maddə “etik məsuliyyətlə birləşən tənqidi düşüncədir”. Bunun üçün ayrıca bir fənn kifayət etməz. Bütün tədris mühitində dürüstlük yaşamalıdır: köçürməyə münasibətdə, mənbə göstərməkdə, müəllimin qiymətləndirməsində və rəhbərliyin qərarlarında.

Sİ dövründə bu məsələ daha da aktuallaşır. İnsan gözəl mətn hazırlada bilər, amma həmin mətnin doğruluğuna və nəticələrinə görə məsuliyyət daşımağı da bacarmalıdır. Texnologiya imkanlarımızı genişləndirir; o imkanlardan necə istifadə edəcəyimiz tərbiyəmizdən və dəyərlərimizdən asılıdır.

- Müəllimlik təkcə auditoriyada dərs keçmək yox, həm də bir insanın taleyinə toxunmaqdır. Sizin şəxsi “təhsil reseptinizdə” tələbənin fənnə deyil, məhz həyata qazanılması üçün hansı gizli məsləhət və ya metod yer alır?

- Mənim üçün əsas prinsip tələbənin öz imkanlarını görməsinə kömək etməkdir. Gənc bilmədiyi üçün alçaldılmamalı, sual verdiyi üçün utandırılmamalıdır. O, auditoriyadan “bacarmıram” hissi ilə deyil, “öyrənə bilərəm” inamı ilə çıxmalıdır. Dünyanın bir neçə ölkəsində dərs vermişəm. Heç yerdə bizim gənclər qədər sakit, danışmağı sevməyən, öz hüquqlarına biganə tələbə görməmişəm. Bunu bizimkilər tərbiyə adlandırırlar, amma mənim fikrimcə, belə gənclər bu yolla heç vaxt öz potensialını aça bilməz. Bunun da əsas günahkarı bizik. Tələbəni diskussiyaya cəlb etmək, hər vəchlə danışığa cəlb etməyə çalışmaq, interaktiv təhsilə üstünlük vermək lazımdır. Auditoriya molla kursu deyil, tələbəyə sərbəstlik vermək lazımdır, yalnız fənni deyil, münasibəti, davranışı, diskussiya aparmağı, nitq mədəniyyətini də öyrətmək lazımdır.

Tələbəyə yalnız hazır tapşırıq verməkdənsə, onu narahat edən bir problemi seçməyi təklif edərdim. Sonra birlikdə həmin problemi kiçik, həll edilə bilən mərhələlərə bölərdik. Öz araşdırmasının real nəticəsini görmək gəncin həm fənnə, həm özünə münasibətini dəyişə bilər.

Bu prosesdə müəllimin “bilmirəm, gəlin araşdıraq” deməsi də qiymətlidir. Tələbə görür ki, bilmək hər suala dərhal cavab vermək deyil; cavabı düzgün yolla axtarmaqdır.

Mən gəncə belə deyərdim: “Sİ-dən istifadə et, onunla müzakirə apar, imkanlarını genişləndir. Amma qərarını əsaslandırmağı və işinə görə məsuliyyət daşımağı özün öyrən". Ümumiyyətlə, Sİ-dən istifadə etməyən tələbənin işini yüksək qiymətləndirmirəm - məcburi sayıram.

Mənim təhsil reseptim tələbəyə ömürboyu öyrənmək vərdişi qazandırmaqdır. Fənnin bəzi məlumatları zamanla köhnələcək. “Sual vermək, araşdırmaq, yenidən öyrənmək və insanlara faydalı olmaq bacarığı isə onu həyat boyu irəli aparacaq".

Putin Azərbaycanla bağlı qərar verdi - Qadağan edildi!
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox