Ötən günlərdə keçirilən "Peşə Təhsili Forumu-2026"-da nazir Anar Əliyevin səsləndirdiyi fikirlər - “Rəqabətin az olduğu sahələrə, çətin peşələrə yiyələnmək gələcəkdə üstünlük yarada bilər” - xüsusi aktuallıq daşıyır.
Əmək bazarında fərqlənmək hər zaman çoxlarının seçdiyi istiqamətdə irəliləmək deyil, bəzən başqalarının üz tutmadığı sahələrdə peşəkarlaşmaqdan keçir.
Hazırda gələcək əmək bazarında tələbatın artacağı, lakin hazırda gənclərin daha az üstünlük verdiyi çətin və rəqabətin nisbətən aşağı olduğu ixtisaslar var. Həmin ixtisasların seçimi gənclərin əmək bazarındakı inkişaf potensialını daha da artıra bilər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, hazırda əmək bazarında daha az müraciət olunan istiqamətlərdən biri aqrar sahə ilə bağlı ixtisaslardır:
"Halbuki bu sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında mütəxəssislərə ciddi ehtiyac var. Vətəndaşların bu istiqamətlərdə ali təhsil almaqla bağlı müəyyən tərəddüdləri olsa da, əslində, əmək bazarının tələbatı bu ixtisasların əhəmiyyətini artırır.
Söhbət aqronomluq, baytarlıq, aqromühəndislik, zootexniklik, bağçılıq və tərəvəzçilik kimi sahələrdən gedir. Təkcə ölkəmizdə deyil, dünyanın əksər dövlətlərində də bu istiqamətlər üzrə ixtisaslı kadrlara ehtiyac yaranır. Bu tələbat, əsasən, qida təhlükəsizliyi, ərzaq çatışmazlığı, ekoloji problemlər və kənd təsərrüfatının inkişafı ilə bağlı səbəblərdən irəli gəlir. Təbii ki, bu sahələrdə rəqabətqabiliyyətli olmaq üçün güclü mütəxəssislərin hazırlanması vacibdir.
Həmin ixtisaslara marağın nisbətən az olması bu istiqamətlərdə özünü yüksək ixtisaslı kadr kimi formalaşdıran şəxslər üçün əlavə imkanlar yaradır. Belə mütəxəssislər peşəkar inkişaf, karyera yüksəlişi və əmək bazarında mövqelərini möhkəmləndirmək baxımından müəyyən üstünlüklər əldə edə bilərlər.Bununla yanaşı, beynəlxalq daşımalar üzrə mütəxəssislərə də tələbat artır.
Əvvəlki dövrlə müqayisədə hazırda abituriyentlərin böyük bir hissəsi informasiya texnologiyaları, kompüter mühəndisliyi və kompüter elmləri kimi ixtisaslara üstünlük verir. Lakin bu sahələr üzrə təhsil alanların heç də hamısı əmək bazarında özünə uyğun iş tapa bilmir. Təbii ki, bu, İT sahəsində təhsil almağın nəticə vermədiyi anlamına gəlmir. Ancaq 200-250 balla bu ixtisaslara qəbul olunan şəxsin sonradan yüksək ixtisaslı mütəxəssis kimi formalaşması məsələsi də müzakirə edilməlidir.
Bu baxımdan aqromühəndislik, aqronomluq, meliorasiya və irriqasiya mühəndisliyi, maşın mühəndisliyi, avtomatlaşdırılmış sistemlər kimi ixtisaslara da diqqət yetirilməsi məqsədəuyğundur. Çünki bu sahələr gələcək əmək bazarının ehtiyacları baxımından əhəmiyyət daşıyır və nisbətən az rəqabətli istiqamətlər hesab olunur.
Təbii ki, abituriyent və tələbələrin bu ixtisaslara yönəlməsi üçün ölkədə məqsədyönlü maarifləndirmə işləri aparılmalıdır.
Əmək bazarının real tələblərinə uyğun ixtisaslar, həmin sahələrin perspektivləri və karyera imkanları barədə gənclərə dolğun məlumat verilməlidir ki, onlar gələcək təhsil və peşə seçimlərini daha düzgün edə bilsinlər. Bu istiqamətlərin inkişaf etdirilməsi ölkənin iqtisadi imkanlarının genişlənməsinə, məşğulluğun artmasına və əmək bazarında daha müsbət dinamikanın formalaşmasına da töhfə verə bilər".