Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) imtahan suallarının hazırlanması və qiymətləndirilməsi prosesində süni intellekt alətlərindən istifadəyə icazə verib.
AzEdu.az xəbər verir ki, bununla bağlı dəyişikliklər 14 noyabr 2026-cı il tarixində Türkiyənin Rəsmi Qəzetində dərc olunan “Ölçmə və qiymətləndirmə haqqında Əsasnamə”yə dəyişikliklərlə bağlı sənəddə əksini tapıb.
Yeni qaydalara əsasən, Nazirlik tərəfindən uyğun hesab edilən süni intellekt alətlərindən sualların hazırlanması və qiymətləndirilməsi proseslərini dəstəkləmək, eləcə də bu işlərin səmərəliliyini artırmaq məqsədilə istifadə oluna bilər.
Digər tərəfdən, sənəddə imtahan nəticələrinin istifadəsinə də məhdudiyyət qoyulub. Belə ki, ölçmə və qiymətləndirmə nəticələrindən şagirdlər, siniflər, məktəblər və vilayətlər arasında sıralama, müqayisə və ya fərqləndirmə aparmaq məqsədilə istifadə etmək qadağan edilib.
Məqsəd qiymətləndirmə nəticələrindən şagirdlərin inkişafını izləmək, onların təlim ehtiyaclarını müəyyənləşdirmək və tədris prosesini təkmilləşdirmək üçün istifadə olunmasıdır.
Qeyd edək ki, dəyişikliklərə əsasən, ölçmə və qiymətləndirmə fəaliyyətlərinin Nazirlik tərəfindən təsdiqlənən rəqəmsal sistem və vasitələrdən istifadə edilməklə qismən və ya tamamilə elektron formada həyata keçirilməsinə də icazə verilib.