2026/2027-ci tədris ilində II ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisas məlum olub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində ingilis dilində tədris olunan Maliyyə ixtisasında qeydə alınıb. Belə ki, həmin ixtisas üzrə keçid balı 648,1 olub.
İkinci yerdə ADA Universitetinin ingilis dilində tədris olunan Maliyyə ixtisası 641,4 balla qərarlaşıb. Üçüncü yerdə isə həmin universitetin İqtisadiyyat ixtisası 625,3 balla qərarlaşıb.
Dördüncü pillədə Azərbaycan Dövlət İqtisad Universitetinin ingilis dilində tədris olunan Maliyyə ixtisası 603,7 balla, beşinci yerdə Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisası 603,6 balla yer alıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat ixtisası 586,4 balla altıncı, ingilis dilində tədris olunan Biznesin idarə edilməsi ixtisası 567,2 balla yeddinci olub.
Siyahının səkkizinci pilləsində Azərbaycan Dövlət İqtisad Universitetinin türk dilində tədris olunan Biznesin idarə edilməsi ixtisası 559,3 balla qərarlaşıb.
Doqquzuncu yerdə Sumqayıt Dövlət Universitetinin Maliyyə ixtisası 555,7 balla, onuncu yerdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin ingilis dilində tədris olunan Beynəlxalq ticarət və logistika ixtisası 547,7 balla yer alıb.