Avstraliyada 17 yaşlı yeniyetmə altı gün ərzində sıx meşəlik ərazidə itkin düşdükdən sonra sağ tapılıb. O, bu müddət ərzində yalnız bir paket cipsi yeyərək və çaydan su içərək həyatda qalmağı bacarıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Vilyam adlı yeniyetmə noyabrın 6-da dostu ilə birlikdə Viktoriya ştatının Uolhalla-Eyst bölgəsində düşərgəyə gedib. O, düşərgədən bir qədər uzaqlaşaraq ləvazimat götürmək istəyib, lakin geri qayıtmayıb.
Yeniyetmənin itkin düşməsi ilə əlaqədar genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Əməliyyata 100-dən çox polis əməkdaşı, xilasedici və könüllü cəlb olunub. Axtarışlara helikopterlər, xüsusi təlim keçmiş itlər və dalğıclar da qoşulub.
Məlum olub ki, Vilyam meşədə hərəkət edərkən yolunu azıb və sıldırım yamacdan aşağı yıxılıb. Nəticədə ayaqları zədələnib və hərəkət etməkdə çətinlik çəkib.
O, özü ilə götürdüyü ailə ölçülü bir paket toyuq dadlı çipsini təxminən iki gün ərzində az-az yeyərək qidalanıb. Həmçinin yaxınlıqdakı çaydan su içib. Gecələr soyuqdan qorunmaq üçün yanında olan dəsmallardan və yastıqdan istifadə edib.
Yeniyetmə son iki günü bir yerdə qalaraq xilasediciləri gözləyib. Noyabrın 12-də polis helikopterinin heyəti onu çay yatağında, qayanın üzərində yatarkən aşkar edib. Helikopterin səsini eşidən Uilyam ayağa qalxaraq xilasedicilərə əl edib və təhlükəsiz əraziyə aparılıb.
O, günəş yanığı, bədənində cızıqlar və güclü yorğunluqla xəstəxanaya yerləşdirilib.
Vilyamın anası Elizabet Barkli oğlunun sağ tapılmasından böyük sevinc hissi keçirdiyini bildirib. O, altı gün ərzində oğlunun sağ qalacağına ümidini itirmədiyini söyləyib.
Yeniyetmənin xəstəxanada müalicəsi davam edir. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.