"Təhsil forumlarında yalnız dövlət qurumlarının, ekspertlərin və ali məktəb nümayəndələrinin deyil, müəllimlərin, məktəb direktorlarının, valideynlərin, şagirdlərin, tələbələrin və işəgötürənlərin də real iştirakı təmin edilməlidir".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu deyib.

"Son illərdə təhsil forumlarının sayı artıb və bu artım müsbət haldır. Bu, təhsil problemlərinin ictimai müzakirəyə çıxarılması və müxtəlif tərəflərin fikir mübadiləsi aparması baxımından əhəmiyyətlidir. Lakin əsas məsələ forumların sayında deyil, onların nə dərəcədə nəticəyönümlü olmasındadır.
Əsas boşluqlardan biri odur ki, bəzi forumlarda eyni mövzular müxtəlif adlarla təkrar müzakirə edilir, lakin müzakirələrin sonunda konkret fəaliyyət planı və ölçülə bilən nəticələr müəyyənləşdirilmir. Problem səsləndirilir, ekspertlərin və aidiyyəti şəxslərin fikirləri dinlənilir, amma bundan sonra hansı addımların atılmalı olduğu ilə bağlı konkret yol xəritəsi ortaya qoyulmur".
Forumların daha effektiv olması üçün ilk növbədə hər bir forumun konkret məqsədi və gözlənilən nəticəsi əvvəlcədən müəyyənləşdirilməlidir:
"Digər mühüm məsələ iştirakçıların tərkibidir. Təhsil forumlarında yalnız dövlət qurumlarının, ekspertlərin və ali məktəb nümayəndələrinin deyil, müəllimlərin, məktəb direktorlarının, valideynlərin, şagirdlərin, tələbələrin və işəgötürənlərin də real iştirakı təmin edilməlidir. Çünki təhsil siyasətinin nəticələrini birbaşa yaşayan tərəflərin fikri nəzərə alınmadan verilən qərarlar praktikada gözlənilən effekti verməyə bilər.
Bundan başqa, bəzi forumlarda təqdimat və çıxışlara daha çox üstünlük verilir, interaktiv müzakirələrə, debatlara, real problemlərin təhlilinə və praktiki həll mexanizmlərinə isə kifayət qədər yer ayrılmır. Bunu şəxsi təcrübəmə əsasən deyirəm, çünki bir çox forumda iştirak etmişəm. Əslində forumlar ideyaların formalaşdığı, müzakirə edildiyi və konkret qərarlara çevrildiyi platformalar olmalıdır. Təəssüf ki, hazırda bunu bütün forumlarda aydın şəkildə görmək mümkün deyil.
Forumların daha effektiv olması üçün ilk növbədə hər bir forumun konkret məqsədi və gözlənilən nəticəsi əvvəlcədən müəyyənləşdirilməlidir. Forumun sonunda isə bir neçə konkret təklif, fəaliyyət istiqaməti və onların icra mexanizmi ortaya qoyulmalıdır.
İkinci mühüm məsələ forumdan əvvəl mövzu üzrə real məlumatların və statistik göstəricilərin hazırlanmasıdır. Məsələn, müəllim çatışmazlığı, repetitorluğa tələbat və bunun qarşısının alınması, şagirdlərin psixoloji vəziyyəti kimi məsələlər yalnız ümumi fikirlər əsasında deyil, araşdırmalar, statistika və real məktəb təcrübəsi əsasında müzakirə olunmalıdır.
Üçüncü məsələ isə forumdan sonra səsləndirilən təkliflərin icrasının izlənilməsidir. Bunun üçün “təklif - qərar - icra - nəticə” ardıcıllığı üzrə mexanizm qurulmalıdır. İctimaiyyət bilməlidir ki, forumda səsləndirilən hansı təklif qəbul edilib, onun icrasına hansı qurum cavabdehdir və nəticədə hansı dəyişiklik əldə olunub.
Həmçinin regionların iştirakına daha çox imkan yaradılmalıdır. Müzakirələri yalnız Bakı ilə məhdudlaşdırmaq əvəzinə, region müəllimlərinin, məktəb rəhbərlərinin və valideynlərin qarşılaşdığı problemlər də ayrıca dinlənilməlidir.
Məncə, ən effektiv təhsil forumu çoxsaylı tanınmış şəxslərin çıxış etdiyi deyil, konkret problemin dərindən araşdırıldığı, müxtəlif tərəflərin mövqeyinin dinlənildiyi və sonda konkret qərarların formalaşdırıldığı forumdur. Təhsil kimi uzunmüddətli nəticələr tələb edən sahədə forumların əsas meyarı tədbirlərin keçirilməsi deyil, onların real təhsil prosesinə nə qədər təsir göstərməsidir".