Azedu.az

Ötən həftə nə ilə yadda qaldı? - "Həftənin təhsil icmalı"

Rubrika

27 İyul 2026, 11:34
Ötən həftə nə ilə yadda qaldı? - "Həftənin təhsil icmalı"

Təhsil gündəminin əsas xəbərləri ötən həftə də qəbul prosesləri, şagird və tələbələrin yerdəyişməsi, xaricdə təhsil imkanları və ümumi təhsil sistemindəki yeni qaydalar ətrafında cəmləşib.

AzEdu.az ötən həftənin təhsil icmalını sizlərə təqdim edir.

Həftə ərzində lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb, magistratura üzrə ixtisaslaşma seçiminə start verilib, məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb.

Eyni zamanda, “Ümumi təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib.

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub. 

Qəbul olunan şagirdlərin sənədlərinin avqustun ilk yarısında qəbul edilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdirildikdən sonra elektron sistemdə avtomatik sorğular yaradılacaq və valideynlər şəxsi kabinetlərində həmin sorğuların icra vəziyyətini izləyə biləcəklər.

Magistraturaya ixtisaslaşma seçimi başladı

Dövlət İmtahan Mərkəzi 2026-2027-ci tədris ili üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimini elan edib. Namizədlər iyulun 20-dən 26-dək elektron xidmətlər portalında “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ni dolduraraq təsdiqləməli idilər.

Seçimdə fevralın 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş qəbul imtahanlarının nəticələri əsasında müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə biliblər.

İki universitetdə magistratura qəbulu dayandırıldı

Magistratura gündəmində diqqət çəkən digər məqam iki ali təhsil müəssisəsində qəbulun dayandırılması olub. DİM-in məlumatına görə, 2026-2027-ci tədris ilində Naxçıvan Müəllimlər İnstitutu və Bakı Qızlar Universitetində magistraturaya qəbul aparılmayacaq.

Xatırladaq ki, ötən il Naxçıvan Müəllimlər İnstitutunda magistratura üzrə 30, Bakı Qızlar Universitetində isə 50 yer ayrılmışdı.

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçimi prosesinə start verilib. Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 14-də saat 18:00-da yekunlaşacaq.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni 2026-cı ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur. Məktəb seçimi mərhələləri Azərbaycan bölməsi, Bakı və digər dillərdə tədris aparılan bölmələr üzrə fərqli vaxtlarda başlayıb.

Ümumi təhsildə “millilik və dünyəvilik” prinsipi təsbit edildi

Həftənin mühüm qanunvericilik xəbərlərindən biri də “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərdir. Prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, “millilik və dünyəvilik” ümumi təhsilin əsas prinsiplərindən biri kimi qanunda təsbit olunub. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş geyim tələblərinə riayət olunması ilə bağlı yeni müddəalar əlavə edilib.

Təhsilverənlərin geyimi ilə bağlı tələblərin isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Xaricdə təhsil üzrə Dövlət Proqramına 500 nəfər qəbul olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri də açıqlanıb.

Nəticələrə əsasən, 125 bakalavr, 353 magistr və 22 doktorant olmaqla, ümumilikdə 500 nəfər Dövlət Proqramının iştirakçısı adını qazanıb.

Onlardan 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali məktəblərdə təhsil alacaq. Proqram iştirakçılarının seçildiyi universitetlər arasında Stanford, MIT, Oksford, Harvard, Yale, ETH Zurich və digər aparıcı ali təhsil müəssisələri var.

Bakı Qızlar Universiteti ilə bağlı müzakirələr davam edir

Ötən həftənin ən çox müzakirə olunan təhsil xəbərlərindən biri Bakı Qızlar Universitetinin institusional akkreditasiyasının nəticələrinin “uyğun deyil” qiymətləndirilməsi olub.

Akkreditasiya Şurasının qərarından sonra universitetin fəaliyyətini dayandıracağı barədə müxtəlif məlumatların yayılması tələbələr arasında narahatlıq yaradıb. Xüsusilə diplomların tanınması və təhsilin davam etdirilməsi məsələləri tələbələrin əsas suallarına çevrilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi universitetlə bağlı quruma hələlik heç bir müraciətin daxil olmadığını açıqlayıb. Universitet rəhbərliyi isə sosial şəbəkələrdə yayılan müxtəlif çağırışların rəsmi mövqeyi əks etdirmədiyini bildirərək müəllim və tələbələri yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.

Türk ölkəsindən Putinə etiraz - Müharibəni dayandır, gənclər ö*lür!
Son xəbərlərDaha çox