Azedu.az

“Həftənin təhsil icmalı” - imtahanlar, monitorinqlər, dələduzluq xəbərdarlıqları…

Rubrika

8 İyun 2026, 14:12
“Həftənin təhsil icmalı” - imtahanlar, monitorinqlər, dələduzluq xəbərdarlıqları…

Təhsil sahəsi daim yenilənən, ictimai diqqətin mərkəzində olan və hər həftə yeni hadisələrlə gündəmə gələn sahələrdən biridir.

Qəbul imtahanlarından müəllimlərin işə qəbulu prosesinə, monitorinqlərdən rəqəmsal fırıldaqçılıq cəhdlərinə qədər bir çox mühüm məqamlar bu həftə də təhsil gündəmini formalaşdırdı.

AzEdu.az “Həftənin təhsil icmalı” rubrikasında 1-7 iyun tarixlərini əhatə edən həftə ərzində təhsil sahəsində baş verən əsas hadisələri və diqqət çəkən məqamları oxuculara təqdim edir.

Bəs ötən həftə təhsil gündəmində nələr baş verdi?

Həftənin ən çox diqqət çəkən mövzularından biri ali və orta ixtisas təhsili müəssisələrində yaz semestrinin yay imtahan sessiyasının başlaması oldu.

1 iyundan etibarən başlayan sessiya 2025/2026-cı tədris ilini əhatə edir. Müxtəlif universitetlərdə imtahanların iyunun sonu və ya iyulun əvvəlinədək davam edəcəyi bildirilir. Bu dövr tələbələr üçün həm gərgin, həm də həlledici mərhələ kimi qiymətləndirilir.

Eyni zamanda, sosial şəbəkələrdə imtahanlarla bağlı artan dələduzluq halları da gündəmin mühüm mövzularından biri oldu. “Instagram”, “TikTok” və xüsusilə “Telegram” platformalarında saxta hesablar vasitəsilə ödəniş müqabilində imtahan ballarının artırılması və “kömək” təklifləri ilə vətəndaşların aldadılmasına cəhd edildiyi bildirilir. Dövlət İmtahan Mərkəzi bu kimi hallarla bağlı ciddi xəbərdarlıq edərək, belə səhifələrin çox vaxt qurumun adı və loqosundan sui-istifadə etdiyini açıqlayıb. Qurum vətəndaşları bu cür saxta çağırışlara inanmamağa və hüquqi məsuliyyət riskini nəzərə almağa çağırır.

Qəbul imtahanları ilə bağlı proseslər də həftə ərzində davam edib. 1 iyundan etibarən I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdində iştirak üçün qeydiyyat başlayıb. İndiyədək 60 mindən çox abituriyentin qeydiyyatdan keçdiyi bildirilir. Qeydiyyat prosesi bu gün 23:59-dək davam edəcək.

Ötən həftə diqqət çəkən digər mühüm proses müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlıdır. 2026-2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu mərhələsi start götürüb.

Müraciət prosesi 3-10 iyun tarixlərini əhatə edir. Eyni zamanda, müəllimlərin yer dəyişdirilməsi üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb və 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllimin iş yerini dəyişdirdiyi qeyd edilib.

Ölkə üzrə IV və VI sinif şagirdləri üçün keçirilən monitorinq qiymətləndirmələri də bu həftənin diqqət mərkəzində oldu. 5-6 iyun tarixlərində təşkil edilən monitorinqlərdə ümumilikdə 300 mindən çox şagird iştirak edib. Bu il monitorinqlərdə bir sıra yeniliklər tətbiq olunmuşdu. Şagirdlərə fərdiləşdirilmiş cavab kartlarının təqdim edilməsi, həmçinin açıq tipli sualların ilk dəfə istifadəsi qiymətləndirmə sistemində yeni mərhələ kimi qiymətləndirilir.

Eyni zamanda, müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı da diqqət çəkən məqamlar gündəmə gəlib. AzEdu.az ilk dəfə sertifikasiyada iştirak edəcək fən müəllimləri - musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və tarix müəllimləri ilə həmsöhbət olub. Müsahibələr zamanı müəllimlərin əksəriyyəti imtahana fərdi şəkildə hazırlaşdıqlarını, hər hansı əlavə dəstək almadıqlarını və yüksək nəticə əldə etməyi hədəflədiklərini bildiriblər.

Xatırladaq ki, sertifikatlaşdırma imtahanlarının 17-25 iyun tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

Həftənin yekununda isə I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanının I cəhdində iştirak ediblər. İmtahanda 51 mindən çox abituriyent iştirak edib.

Proses zamanı 10 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan kənarlaşdırılıb, həmçinin 1 nəzarətçi müəllimdə “ağıllı saat” aşkar edildiyi üçün imtahan zalından çıxarılıb. Hazırda baş verən qayda pozuntuları ilə bağlı araşdırmalar davam edir.

Beləliklə, ötən həftə təhsil sahəsində imtahan sessiyası, qəbul prosesi, müəllimlərin işə qəbulu, monitorinqlər və rəqəmsal təhlükələrlə bağlı xəbərdarlıqlarla yadda qaldı.

Qarşıdakı həftədə isə əsas diqqət qəbul imtahanlarının nəticələrinə və sertifikasiya proseslərinə yönələcək. AzEdu.az təhsil gündəmini izləməyə və ən aktual xəbərləri oxuculara çatdırmağa davam edəcək.

TƏCİLİ! İranla Rusiya BOMBALANIR - Ermənistanda isə...
Son xəbərlərDaha çox