Azedu.az

Yeni Ombudsman namizədlərinin TƏHSİLİ

AzEdu Təhsil Platforması

30 Oktyabr 2026, 09:48
Yeni Ombudsman namizədlərinin TƏHSİLİ

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adları məlum olub.

AzEdu.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsmanın seçilməsi məsələsi müzakirə olunur. Ombudsmanlığa namizədlər arasında 3 nəfərin- Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinəli oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevanın adı var. 

Namizədlərdən biri olan Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirib. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.

2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.

Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o sıradan Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak edib. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirib. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olub. Almaniya Federativ Respublikasında "Hüquqi transformasiya naminə hüquqi dialoq" adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" adlı seminarda iştirak edib.

Namizəd, Ceyhun Yasinəli oğlu Qaracayev 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub.

1987-1993-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb.

1994-1997-ci illərdə Odessa Dövlət Hüquq Akademiyasının (ODHA) aspiranturasında təhsilini davam etdirib.

1998-ci ilin mart ayında “Müstəqil Dövlətlər Birliyində konstitusiya hüquq və azadlıqları və beynəlxalq hüquq standartları: Ukrayna, Rusiya və Azərbaycan təcrübəsində” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2003-2006-cı illərdə “Milli təhlükəsizliyin təminatında insan hüquqlarının qanuni məhdudlaşdırılmasının həddi” mövzusu üzrə ODHA-da doktoranturada təhsil alıb.

2017-ci ildə “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: nəzəriyyə və təcrübə” mövzusunda hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (2018-ci ilin 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı əsasında ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilib).

2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Hüquq elmləri üzrə ekspert şurasının üzvüdür.

1982-1983-cü illərdə və 1985-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı Şəhər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıb.

1986-1989-cu illərdə USSR-in Odessa vilayəti üzrə daxili işlər orqanlarında milis əməkdaşı olub.

1997-1999-cu illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasının baş müəllimi olub.

1999-2006-cı illərdə “Azərbaycan Universitetinin” Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb.

2000-2008-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Akademiyasında Konstitusiya hüququ və hüquq nəzəriyyəsi kafedrasının dosenti olub.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti daimi komitəsinin eksperti olub.

2008-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya hüququ və dövlət quruculuğu sahəsi üzrə qanunvericilik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

1999-2016-cı illərdə Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti olub və 2017-ci ildən hal-hazıradək həmin kafedranın professorudur.

2010-2025-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub.

2016-cı ildən CPT-nin (İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin) müstəqil ekspertidir (mandatı 2028-ci ilədəkdir).

10 iyul 2018-ci ildə “Tərəqqi”, 27 may 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" medalları ilə, 13 iyul 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azərbaycanda, habelə Ukrayna, Rusiya, Almaniya və digər ölkələrdə konstitusiya hüququ və insan hüquqlarına dair 140-dan çox nəşrin müəllifidir.

Namizədlərdən olan, Elşanə Vəliyeva 1975-ci ildə anadan olub.

1994–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1992–1993-cü illərdə AR Ali Arbitraj Məhkəməsində 2-ci dərəcəli mütəxəssis kimi başlayıb, 1993–1998-ci illərdə həmin məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi şöbəsində məsləhətçi işləyib.

Daha sonra 1998–2000-ci illərdə İqtisad Məhkəməsində baş mütəxəssis, 2000–2007-ci illərdə isə məhkəmə iclas katibi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi, 2010–2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

Həmçinin 2023-cü ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür. 2023-cü il fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox