Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov iştirak etdiyi görüşdə xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik mühitdə ölkəmizi təmsil etməsi, Azərbaycanın elmi və mədəni potensialının tanıdılması, eləcə də tələbələrin bu istiqamətdə təşəbbüskarlığının artırılması məsələləri əsas müzakirə mövzusu olub.
Müzakirələr zamanı təqaüdçülərin universitetin akademik və sosial həyatında fəal iştirakı, beynəlxalq tələbə təşkilatlarında təmsil olunması və müxtəlif ölkələrdən olan gənclərlə əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bu fəaliyyətlərin Azərbaycanın beynəlxalq akademik mühitdə tanıdılması və ölkəmiz haqqında məlumatlılığın artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı universitet daxilində Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişaf istiqamətlərini əks etdirən tədbirlərin təşkili, milli bayramların və əlamətdar günlərin qeyd olunması, eləcə də mədəniyyətlərarası dialoqu təşviq edən təşəbbüslərdə azərbaycanlı tələbələrin iştirakının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı təqaüdçülərin həyata keçirməyi planlaşdırdığı milli-mədəni tədbir və təşəbbüslərə səfirlik tərəfindən göstərilə biləcək dəstək imkanları, eləcə də onların xaricdə tələbə həyatı müddətində qarşılaşa biləcəkləri potensial çətinliklərin həlli üçün mövcud mexanizmlər barədə məlumat verilib.
Sonda auditoriyanın sualları cavablandırılıb və səsləndirdikləri təkliflər dinlənilib.