Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.
AzEdu.az BANM-in Prezident təqaüdçüləri ilə həmsöhbət olub.
Prezident təqaüdçüləri sırasında yer alan Kompüter elmləri ixtisasının tələbəsi Kamil Vəlisoy vurğulayıb ki, illərlə çəkdiyi zəhmətin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi ona düzgün yolda olduğunu bir daha sübut edib:
“Açığı, imtahan nəticələri elan olunanda 690.4 bal topladığımı gördükdə bu siyahıda olacağımı daxilən gözləyirdim və bu, əsas hədəflərimdən biri idi. Amma xəbəri rəsmi olaraq öyrənəndə keçirdiyim hisslər tamamilə başqa idi və onları sözlə ifadə etmək çətindir.
İlk reaksiyam böyük bir rahatlıq, qürur və sevinc qarışığı oldu. İllərlə çəkdiyim zəhmətin, yuxusuz gecələrin və intizamlı çalışmağın dövlətimiz tərəfindən belə yüksək qiymətləndirilməsi mənə düzgün yolda olduğumu bir daha sübut etdi. Bu, sadəcə bir mükafat deyil, həm də gələcək üçün böyük motivasiyadır”.
Gələcəkdə qlobal miqyaslı texnologiya şirkətlərində çalışmaq və ya öz layihələrimi reallaşdıraraq ölkəmizin İT sahəsinin inkişafına töhfə vermək ən böyük arzumdur:
“Bakı Ali Neft Məktəbinin mühitinə və dərslərin ritminə artıq tam uyğunlaşmışam. Təbii ki, məktəb dövrü ilə müqayisədə fərq çox böyükdür. Məktəbdə daha çox hazır bilikləri mənimsəyirdiksə, burada, xüsusilə də ingilis dili üzrə dərslərin intensivliyi çox yüksəkdir. Eyni zamanda, müstəqil araşdırma, komanda işi və analitik təfəkkür ön plana çıxır. Dərslər çox dinamik keçir. Bizi təkcə imtahanlara deyil, həm də birbaşa beynəlxalq mühitə və real layihələrə hazırlayırlar. Bu sərbəstlik və məsuliyyət hissi mənə çox zövq verir.
Təhsil aldığım müddətdə beynəlxalq layihələrdə və yarışlarda iştirak etməyi, texnologiya sahəsində təcrübə qazanmağı planlaşdırıram. Gələcəkdə qlobal miqyaslı texnologiya şirkətlərində mütəxəssis kimi çalışmaq və ya öz layihələrimi reallaşdıraraq ölkəmizin İT sahəsinin inkişafına töhfə vermək ən böyük arzumdur.
Abituriyentlərə ən vacib tövsiyəm sistemli və intizamlı çalışmaqdır. Çox oxumaqdan daha vacib olan isə neçə saat oxumağınızdan asılı olmayaraq, hər gün davamlı şəkildə çalışmağınızdır”.
Maliyyə ixtisasının tələbəsi Gövhər Nağıyeva qeyd edib ki, Prezident təqaüdünə layiq görülməyi qarşısına hədəf qoyub və hazırlıq prosesi boyunca bu məqsədə çatmaq üçün əzmlə çalışıb:
"Nəticələr açıqlanana qədər təqaüdə layiq görüləcəyimi dəqiq bilmirdim. Statistik məlumatlar elan olunduqdan sonra II qrup üzrə ilk 9-luqda yer aldığımı gördüm və təqaüdə layiq görüləcəyimə əmin oldum. Rəsmi açıqlama veriləndə isə sanki bunu ilk dəfə öyrənirmiş kimi böyük sevinc hissi keçirdim. Bu, mənim üçün çox xoş və yaddaqalan bir an oldu.
Məktəb vaxtından sistemli və ciddi şəkildə oxuduğum üçün universitet həyatına uyğunlaşmaqda çətinlik çəkmədim. Düşünürəm ki, universitet dərsləri məktəb dərsləri ilə müqayisədə daha mürəkkəb və əhatəlidir. Seçdiyim ixtisası mükəmməl şəkildə öyrənmək və gələcəkdə bu sahədə təhsilimi uğurla davam etdirmək istəyirəm.
Universitetə hazırlaşan abituriyentlərə tövsiyəm odur ki, sistemli və ciddi şəkildə çalışsınlar. Hazırlıq prosesində davamlılıq və intizamı qorusunlar, eyni zamanda, imtahana hazırlaşarkən zəif tərəfləri üzərində daim işləməyə xüsusi diqqət yetirsinlər".