Azedu.az

Doğma Zəngilanda gələcək yetişdirən müəllim - “Bu, sadəcə peşə deyil, yurda xidmətdir”

Müəllimlər və elm adamları

20 Oktyabr 2026, 16:05
Doğma Zəngilanda gələcək yetişdirən müəllim - “Bu, sadəcə peşə deyil, yurda xidmətdir”

20 oktyabr Zəngilan Şəhəri Günüdür. 2020-ci ilin bu günü Zəngilan şəhəri Ermənistanın işğalından azad edilib. Bu əlamətdar tarix doğma torpaqlarına qovuşan zəngilanlılar üçün qürur və sevinc rəmzi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm hadisələrdən biri kimi tarixə düşüb.

Bu gün işğaldan azad edilmiş Zəngilanda həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi və təhsil müəssisələrinin fəaliyyəti şəhərin yeni inkişaf mərhələsindən xəbər verir.

AzEdu.az bu münasibətlə Zəngilan Şəhəri Günü münasibətilə Ağalı kənd tam orta məktəbinin müəllimi Nəzrin Baxşəliyeva ilə həmsöhbət olub, təəssüratlarını öyrənib.

Nəzrin müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetində isə türkologiya ixtisası üzrə magistratura təhsili alıb. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Ağalı kənd tam orta məktəbini seçib. Artıq üçüncü ildir ki, doğma torpağında pedaqoji fəaliyyət göstərir.

- Nəzrin müəllim, 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Bu tarix sizin üçün hansı hissləri ifadə edir?

- Müəllim kimi öz yurdumda çalışmaq mənim üçün xüsusi məna daşıyır. Burada şagirdlərə dərs demək, onların bilik və dünyagörüşünün formalaşmasına töhfə vermək, doğma torpaqlarımızın gələcəyinə xidmət etmək böyük qürurdur. Zəngilanın işğaldan azad edilməsi xalqımızın yaddaşında xüsusi yer tutan tarixi hadisədir. Bu tarix bizim üçün yalnız bir şəhərin azad olunması deyil, həm də doğma torpaqlara qayıdışın, ümidlərin yenidən canlanmasının və gələcəyə inamın rəmzidir.

Zəngilanın azad olunması hər bir zəngilanlı kimi mənim üçün də böyük sevinc və qürur mənbəyidir. Doğma torpağımızda yaşamaq, burada çalışmaq və gələcək nəslin yetişməsində iştirak etmək bu sevinci daha da artırır. Bu gün Zəngilanda aparılan quruculuq işlərini, məktəblərin fəaliyyətini və insanların öz yurdlarına qayıdışını görmək insanda xüsusi hisslər yaradır.

- Zəngilanın işğal dövrü və azadlığı ilə bağlı xatirələriniz varmı? Bu tarixi şagirdlərə necə izah edirsiniz?

- Zəngilan bizim üçün doğma yurd, ailə tariximiz və milli yaddaşımız deməkdir. İşğal illəri hər bir zəngilanlı ailənin həyatında iz buraxıb. Doğma torpaqlardan ayrı düşmək, orada yaşamaq və fəaliyyət göstərmək imkanından məhrum olmaq asan deyildi. Buna görə də Zəngilanın azadlığı bizim üçün çox böyük mənəvi əhəmiyyət daşıyır.

Şagirdlərə bu tarixi izah edərkən çalışıram ki, onlar baş verən hadisələri yalnız tarix dərsliyindəki məlumatlar kimi qəbul etməsinlər. İstəyirəm ki, Vətənimizin hansı çətinliklərdən keçdiyini, torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlığı və bu gün sahib olduğumuz imkanların dəyərini anlasınlar. Doğma yurdda yaşamağın, təhsil almağın və gələcək qurmağın nə qədər böyük nemət olduğunu dərk etmək vacibdir.

- Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi dərslərinizdə Vətən sevgisini necə aşılayırsınız?

- Azərbaycan dili və ədəbiyyatı fənləri şagirdlərdə milli düşüncənin, mənəvi dəyərlərin və Vətən sevgisinin formalaşması üçün geniş imkanlar yaradır. Ədəbiyyatımızda Vətənə bağlılıq, xalqın tarixi, milli kimlik və azadlıq mövzuları xüsusi yer tutur. Dərslərimdə bu mövzulara diqqət ayırır, şagirdlərin əsərlərin məzmununu öyrənməklə yanaşı, onların ideyasını da dərk etmələrinə çalışıram.

Məsələn, Səməd Vurğunun “Azərbaycan” şeiri Vətən sevgisini ifadə edən dəyərli əsərlərimizdəndir. Belə əsərləri tədris edərkən şagirdlərlə Vətənin gözəlliyi, doğma torpağa bağlılıq və milli dəyərlər haqqında müzakirələr aparırıq. İstəyirəm ki, şagirdlər Vətəni sevməyin yalnız sözlə ifadə olunmadığını, bilikli olmaq, məsuliyyət daşımaq və öz ölkəsinin inkişafına töhfə verməklə də göstərildiyini anlasınlar.

Müəllimin vəzifəsi təkcə şagirdlərə bilik vermək deyil. O, eyni zamanda, gənc nəslin dünyagörüşünün formalaşmasına və milli-mənəvi dəyərlərə bağlı böyüməsinə də töhfə verməlidir.

- Sizcə, müəllimin şagirdlərdə vətənpərvərlik hissinin formalaşmasında əsas rolu nədən ibarətdir?

- Vətənpərvərlik hissinin formalaşması davamlı prosesdir. Bu işdə ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Müəllim şagirdlərə yalnız vətənpərvərlikdən danışmamalı, öz fəaliyyəti, məsuliyyəti və davranışı ilə də nümunə olmalıdır.

Şagirdlərə Vətəni sevməyin onun tarixinə, dilinə, mədəniyyətinə və milli dəyərlərinə sahib çıxmaqdan başladığını anlatmaq lazımdır. Eyni zamanda, onların yaxşı təhsil alması, öz üzərlərində çalışması və gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi də Vətənə xidmətin mühüm formasıdır. Məqsədimiz milli dəyərlərinə bağlı, düşünən, bilikli və məsuliyyətli gənclər yetişdirməkdir.

- Zəngilanın keçmişini, bu gününü və gələcəyini şagirdlərə necə təqdim edirsiniz?

- Zəngilanın keçmişi, bu günü və gələcəyi bir-biri ilə sıx bağlıdır. Şagirdlərə bölgəmizin tarixindən, mədəni irsindən, işğal dövründə yaşanan çətinliklərdən və azadlıqdan sonra həyata keçirilən quruculuq işlərindən danışırıq. İstəyirik ki, onlar doğma torpaqlarını daha yaxından tanısın, onun tarixi və mədəniyyəti ilə fəxr etsinlər.

Bu gün Zəngilanda yaradılan şərait, məktəblərin fəaliyyəti və insanların doğma yurdlarına qayıtması gələcəyə inamı artırır. Şagirdlərə izah edirik ki, Zəngilanın gələcək inkişafında onların da rolu olacaq. Onlar yaxşı təhsil almalı, öz bacarıqlarını inkişaf etdirməli və gələcəkdə doğma bölgələrinin tərəqqisinə töhfə verməlidirlər.

- Ağalı kənd tam orta məktəbində çalışmaq sizdə hansı hissləri yaradır? Burada müəllim olmaqla bağlı düşüncələriniz nələrdir?

- Ağalı kənd tam orta məktəbində çalışmaq mənim üçün böyük məsuliyyət və qürur mənbəyidir. İşğaldan azad edilmiş ərazilərdə təhsil prosesinin davam etməsi, uşaqların burada bilik alması və gələcəyə hazırlaşması Böyük Qayıdışın mühüm nəticələrindəndir.

Müəllim olaraq mən də bu prosesin bir hissəsi olduğum üçün sevinirəm. Şagirdlərin inkişafını görmək, onların gələcək hədəfləri haqqında danışmaq və doğma torpaqlarımızda təhsil mühitinin formalaşmasına töhfə vermək mənə əlavə stimul verir. Burada çalışmaq mənim üçün sadəcə peşə fəaliyyəti deyil, həm də doğma yurda xidmət etmək imkanıdır.

- Böyük Qayıdış prosesində müəllimlərin missiyasını necə qiymətləndirirsiniz?

- Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır. Bu proses həm də həmin ərazilərdə həyatın bərpasını, təhsilin inkişafını, uşaqların gələcəyə hazırlanmasını və yeni nəsillərin yetişməsini əhatə edir. Bu baxımdan müəllimlərin üzərinə mühüm vəzifə düşür.

Müəllimlər şagirdlərə bilik verməklə yanaşı, onların doğma yurda bağlılığının möhkəmlənməsinə, milli-mənəvi dəyərləri mənimsəməsinə və gələcəyə inamla baxmasına kömək edirlər. İşğaldan azad edilmiş ərazilərdə təhsil vermək həm də bu torpaqlarda həyatın davam etdiyini və gələcəyin qurulduğunu göstərir. Bizim vəzifəmiz savadlı, vətənpərvər və məsuliyyətli gənclər yetişdirməkdir.

- Gələcəkdə Zəngilanın təhsil həyatında hansı nailiyyətləri görmək istərdiniz?

- İstərdim ki, Zəngilanın məktəbləri yüksək təhsil göstəriciləri, savadlı və yaradıcı şagirdləri ilə tanınsın. Burada yetişən uşaqların müxtəlif sahələrdə uğur qazanmaları, ali təhsil müəssisələrinə qəbul olunmaları, elmə və cəmiyyətin inkişafına töhfə vermələri bizim üçün böyük sevinc olar.

Hər bir şagirdin öz potensialını üzə çıxarması üçün ona düzgün istiqamət vermək lazımdır. Müəllimlər olaraq çalışmalıyıq ki, uşaqların istedadını vaxtında müəyyənləşdirək, onları araşdırmağa, öyrənməyə və öz məqsədlərinə çatmağa həvəsləndirək. İnanıram ki, Zəngilanda təhsil alan şagirdlər gələcəkdə ölkəmizin inkişafında mühüm rol oynayacaqlar.

- Zəngilan Şəhəri Günü münasibətilə şagirdlərə və zəngilanlılara nə demək istərdiniz?

- Zəngilan Şəhəri Günü hər birimiz üçün qürur və sevinc günüdür. Bu tarix bizə doğma torpaqlarımızın qədrini bilməyi, tariximizi unutmamağı və onu gələcək nəsillərə ötürməyi xatırladır. Şagirdlərə arzum budur ki, yaxşı oxusunlar, öz bilik və bacarıqlarını inkişaf etdirsinlər, doğma torpaqlarına və milli-mənəvi dəyərlərinə bağlı böyüsünlər.

Onlar başa düşməlidirlər ki, Zəngilanın gələcəyi həm də onların əlindədir. Təhsil alaraq, məqsədlərinə çataraq və cəmiyyətə fayda verərək doğma yurdlarının inkişafına töhfə verə bilərlər. Müəllim olaraq ən böyük arzularımdan biri Zəngilanda yetişən şagirdlərin gələcəkdə böyük uğurlar qazanmalarını və doğma torpaqlarımızın inkişafında fəal iştirak etmələrini görməkdir.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox