Məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlər arasında bərabərlik və birlik hissinin gücləndirilməsi, məktəb mühitində nizam-intizamın qorunması və kollektivə aidlik duyğusunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Vahid məktəbli forması sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa, məktəb mədəniyyətinin formalaşmasına və şagirdlərin özlərini kollektivin bərabərhüquqlu üzvü kimi hiss etmələrinə dəstək olur.
Müəllimlər də vahid geyim qaydalarının təhsil mühitinə müsbət təsir göstərdiyini bildirirlər.
AzEdu.az xəbər verir ki, müəllimlər vahid məktəbli geyiminin əhəmiyyəti, onun təhsil mühitində yaratdığı müsbət təsirlər və geyim qaydalarına əməl olunmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi Lalə Quliyeva bildirib ki, vahid məktəbli geyimi dinə qarşı addım kimi qəbul olunmamalıdır. Onun sözlərinə görə, əsas məqsəd uşaqlar arasında birlik və bərabərlik hissini gücləndirməkdir:

“Məktəbdə hər bir uşaq özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməlidir. Vahid forma da məhz bu amala xidmət edir”.
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, metodist Azadə Abdinova qeyd edib ki, təhsilalanlar üçün vahid geyim tələbi kollektivə aidlik və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.

O bildirib ki, məktəblər yalnız bilik ötürən müəssisələr deyil, həm də uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial mühitdir:
“Vahid geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır”.
Ucar rayonu Bərgüşad kənd Ağamusa Mustafayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Pərviz Xəlilov isə rəhbərlik etdiyi 8a sinfində intizamın qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb:

“Dörd ildir ki, bu sinfin rəhbərliyi mənə həvalə edilib. Biz hər zaman məsuliyyətli olmuşuq və işimizin başında dayanmışıq. Bu intizamı hər zaman qoruyub saxlamağa çalışırıq”.
Qobustan rayon Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin müəllimi İradə Rəcəbova bildirib ki, məktəbdə şagirdlərin vahid məktəbli formasında təhsil almalarına xüsusi diqqət yetirilir.

Onun sözlərinə görə, məktəbli forması təhsil mühitində nizam-intizamın, vahidliyin və məktəb mədəniyyətinin formalaşmasına xidmət edən mühüm amillərdən biridir. O, şagirdlərin bu qaydaya məsuliyyətlə yanaşmasını təqdirəlayiq hesab edib.
Qobustan rayon Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin müəllimi Rövşən Balayev isə müəllimlərin də işgüzar geyim tələblərinə əməl etməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, şagirdlər üçün məktəbli formasının müəyyən edildiyi təhsil müəssisələrində müəllimlərin geyim qaydalarına riayət etməsi vahid təşkilati yanaşmanı gücləndirir:
“Bu, müəllim və şagirdlərin eyni geyim formasında olması demək deyil. Əsas məqsəd hər iki tərəfin öz statusuna, fəaliyyətinə və məktəbdəki roluna uyğun müəyyən edilmiş geyim qaydalarına riayət etməsidir”.
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, STEAM mütəxəssisi və Scientix səfiri Aliyə Əhmədova da vahid geyim tələbinin məktəb mühitində müsbət rolunu diqqətə çatdırıb.

O bildirib ki, bu yanaşma şagirdlərdə kollektivə aidlik və məktəb kimliyi hissini gücləndirir.
Əhmədovanın sözlərinə görə, məktəb uşaqları və gəncləri birgə yaşamağa hazırlayır, vahid geyim tələbləri isə sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına töhfə verə bilər.