Azedu.az

“Microsoft” rəhbəri: Süni intellektə süddən də az nəzarət olunur

Maraqlı

12 Oktyabr 2026, 09:51
“Microsoft” rəhbəri: Süni intellektə süddən də az nəzarət olunur

“Microsoft” şirkətinin prezidenti Bred Smit süni intellekt sahəsində qlobal təhlükəsizlik qaydalarının tətbiqinə çağırıb. O bildirib ki, hazırda süd və paltaryuyan maşınlar süni intellektdən daha ciddi nəzarətə tabedir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Smit süni intellekt sistemlərinin nəzarətdən çıxması ilə bağlı risklərin azaldılması üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsini vacib sayır.

Onun fikrincə, süni intellekt məhsulları bazara çıxarılmazdan əvvəl müstəqil ekspertlər tərəfindən yoxlanılmalı, sistemlərin nəzarətdən çıxması nəticəsində zərər çəkən şəxslərin məlumatlandırılması isə qanunla məcburi olmalıdır. O, həmçinin şirkətlərin belə hallarda süni intellektin fəaliyyətini dayandırmaq və ya yavaşlatmaq üçün təcili müdaxilə mexanizmləri yaratmalı olduğunu bildirib.

Smitin mövqeyi ABŞ Prezidenti Donald Trampın yanaşmasından fərqlənir. Tramp ABŞ texnologiya şirkətlərinin Çin rəqiblərindən geri qalmaması üçün sektorun özünənəzarət mexanizmlərinə üstünlük verməli olduğunu düşünür.

“Microsoft” rəhbəri Böyük Britaniyanın qlobal süni intellekt təhlükəsizliyi standartlarının hazırlanmasında aparıcı rol oynaya biləcəyini də qeyd edib. Onun sözlərinə görə, ölkədə bu istiqamətdə lazımi texniki imkanlar mövcuddur.

Smit ötən ay ABŞ texnologiya şirkətlərinin rəhbərlərinin Ağ Evdə müstəqil yoxlamalarla bağlı öhdəlik götürməsini müsbət qiymətləndirsə də, bunun kifayət etmədiyini vurğulayıb. O bildirib ki, könüllü özünənəzarət məsuliyyətli şirkətlər üçün işləyə bilər, lakin qaydalara əməl etməyən şirkətlərin fəaliyyətinə nəzarət etmək üçün hüquqi mexanizmlər lazımdır.

Süni intellektin insan nəzarətindən çıxması və kibertəhlükəsizlik üçün risklər yaratması ilə bağlı narahatlıqların artdığını bildirən Smit qlobal təhlükəsizlik qaydalarının hazırlanmasına artıq başlanılmalı olduğunu deyib.

TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı
Son xəbərlərDaha çox