Azedu.az

Kolleclərə qəbulda dəyişiklik - Keçid balları belə formalaşacaq

Kolleclər

26 Noyabr 2026, 17:25
Kolleclərə qəbulda dəyişiklik - Keçid balları belə formalaşacaq

Bu il kolleclərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarında müəyyən azalma müşahidə olundu. Bununla yanaşı, kolleclərin gələcək fəaliyyəti, qəbul qaydaları və təhsilalma formaları ilə bağlı müzakirələr də davam edir.

Növbəti qəbul ilində abituriyentləri gözləyən mümkün dəyişikliklər və keçid ballarının formalaşmasına təsir edən amillər isə seçim prosesində diqqət yetirilməli əsas məqamlardandır.

AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Sevinc Puşkertasip kolleclərə qəbul zamanı keçid ballarının necə formalaşdığını, növbəti il gözlənilən tendensiyaları və abituriyentlərin ixtisas seçərkən nəzərə almalı olduqları məqamları şərh edib.

"İlk növbədə onu qeyd etmək istərdim ki, keçid balları əvvəlcədən müəyyən edilən sabit göstərici deyil. Yəni onlar hər il abituriyentlərin nəticələrindən, ixtisaslara olan tələbatdan və ayrılan plan yerlərindən asılı olaraq formalaşır. Bu il isə bəzi kolleclərdə, vurğuladığımız kimi, keçid ballarının aşağı düşməsi ilə üzləşdik. Lakin bu, gələn il də eyni tendensiyanın davam edəcəyi anlamına gəlmir.

Mən belə düşünürəm ki, növbəti il kolleclərə qəbulda əsas müəyyənedici amillərdən biri abituriyentlərin seçim strategiyası olacaq. Məsələn, xüsusilə tibb, pedaqogika və digər daha çox tələb olunan ixtisaslarda rəqabətin yüksək olacağını gözləmək olar. Bunu hər il müşahidə edirik - bu kimi ixtisaslarda keçid balları daha yüksək formalaşır. Bununla yanaşı, bəzi ixtisaslarda və region kolleclərində daha əlçatan keçid balları yarana bilər.

Kolleclərlə bağlı son dövrlərdə gündəmdə olan məsələlər isə abituriyentlərin seçim zamanı daha diqqətli və məlumatlı olmasını zəruri edir. Tövsiyə edirəm ki, abituriyentlər yalnız ötənilki keçid ballarına əsaslanmasınlar, öz nəticələrini, maraqlarını və gələcək karyera planlarını nəzərə alaraq seçim etsinlər. Əsas məqsəd sadəcə kollecə qəbul olmaq deyil, gələcəkdə uğur qazana biləcəkləri doğru ixtisası seçməkdir. Həmçinin, kolleci bitirdikdən sonra bakalavr dərəcəsi almaq istəyənlər ixtisas seçərkən bu məqamı xüsusi nəzərə almalıdırlar".

Abituriyentlər növbəti il seçimlərini daha diqqətli etməlidirlər:

"Dövlət İmtahan Mərkəzinin açıqlamasına əsasən, keçid balları ixtisas üzrə iştirakçıların sayından, plan yerlərindən və imtahan nəticələrindən asılı olaraq formalaşır. Buna görə də ötən ilin balları yalnız istiqamətverici göstərici ola bilər.

Kolleclərlə bağlı son dövrlərdə bir sıra məsələlərin gündəmdə olduğunu qeyd etdiniz. Müşahidələrimə əsasən, növbəti il kolleclərə qəbul olmaq istəyən abituriyentləri yeni imkanlar və müəyyən dəyişikliklər gözləyə bilər. Məsələn, son günlərdə kolleclərə 9-cu sinif bazasından qəbulun məhdudlaşdırılması, qiyabi təhsil formasının azaldılması (düşünürəm ki, gələcəkdə bu forma tamamilə ləğv oluna bilər) və kolleclərin gələcək inkişafı ilə bağlı müzakirələr aparılır. Bu istiqamətdə dəyişikliklərin davam edəcəyi ilə bağlı açıqlamalar da var. Bu səbəbdən abituriyentlər növbəti il seçimlərini daha diqqətlə etməlidirlər.

Son olaraq onu da qeyd edim ki, 2027-2030-cu illər ərzində kolleclərlə bağlı daha böyük dəyişikliklərin olacağı gözlənilir. Lakin hələlik qərar verilmədiyi üçün bu barədə dəqiq fikir söyləmək mümkün deyil. Kolleclərə qəbul şərtləri ilə bağlı dəyişikliklər hazırda müzakirə mövzusudur.

Bir aktual məqamı da vurğulayım: 2027-2030-cu illərdə təhsil strategiyası çərçivəsində kolleclərə qəbul və təhsilalma forması ilə bağlı dəyişikliklər müzakirə olunur. Lakin konkret qəbul qaydaları yalnız rəsmi şəkildə dəqiqləşdirildikdən sonra əsas götürülə bilər".

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox